İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ilə Avropa arasında 9,5 trilyon dollarlıq ticarət təhlükədə

ABŞ və Avropa arasında artan ticarət müharibəsi ikitərəfli ticarət və investisiyalar da daxil olmaqla, ildə təxminən 9,5 trilyon dollar dəyərində ticarət əlaqələri üçün təhlükə yaradır.

Musavat.com xəbər verir ki, hesablamanı Avropa İttifaqı - Amerika Ticarət Palatası (AmCham EU) aparıb.

Avropada fəaliyyət göstərən ABŞ şirkətlərini təmsil edən AmCham EU qeyd edir ki, tətbiq edilən idxal rüsumları nəinki onların əhatə etdiyi mallarla ticarətin həcminə mənfi təsir göstərə, həm də daha böyük olan transatlantik investisiyalara zərər verə bilər.

ABŞ və Avropa, o cümlədən Böyük Britaniya arasında ikitərəfli mal ticarəti 2024-cü ildə rekord həddə - 1,3 trilyon dollara çatıb, xidmət ticarəti isə 750 milyard dollardan çox olub.

Eyni zamanda, palatanın hesablamalarına görə, Avropa şirkətlərinin ABŞ-dakı törəmə şirkətlərinin satışları 3,5 trilyon dolları, Amerika şirkətlərinin Avropadakı filiallarının satışları isə 4 trilyon dolları ötüb.

"Malların ticarət axınlarına dəyən zərər kifayət qədər böyükdür," AmCham AB rəhbəri Malte Lohan deyir: "Əsas risk bütün bunların digər əlaqələrə də təsir etməyə başlamasıdır."

“The Wall Street Journal” yazır ki, ABŞ prezidenti Donald Tramp ABŞ və Avropa arasında ticarət əlaqələrindən danışarkən, əsasən mal ticarətinə diqqət yetirir. O, dəfələrlə ABŞ-ın Aİ ilə keçən il 235,6 milyard dollar olan yüksək ticarət kəsirindən narahatlığını ifadə edib.

Tramp artıq Avropadan da daxil olmaqla ABŞ-a polad və alüminium tədarükünə 25faiz rüsum tətbiq edib. O, həmçinin Avropada mövcud vergi və tənzimləmə tədbirlərinə cavab olaraq Avropa avtomobillərinin, dərman preparatlarının və bir sıra digər malların idxalına oxşar tariflər tətbiq etməklə hədələyir.

Keçən həftə Tramp həmçinin Aİ-nin Amerika viski idxalına rüsumları 50 faizə qaldırmaq qərarına cavab olaraq Avropadan ABŞ-a idxal edilən spirtli içkilərə 200 faiz rüsum tətbiq edəcəyinə söz verib. Həm ABŞ, həm də Avropadakı spirtli içki istehsalçıları artıq ticarət müharibəsinin sənayeyə dərin ziyan vuracağını bildiriblər. 200 faiz rüsumların tətbiqi Amerika bazarını Avropa şərab istehsalçıları üçün effektiv şəkildə bağlayacaq.

“Qarşılıqlı təhdidlərin və əks tədbirlərin nəticələri daha ağır ola bilər”,- deyə Cons Hopkins Universitetinin tədqiqatçısı və AmCham AB hesabatının müəlliflərindən biri Dan Hamilton xəbərdarlıq edir. Aİ Vaşinqtona cavab olaraq ABŞ-ın ticarət profisiti olan Amerika xidmətlərinə vergi tətbiq edə bilər.

Ticarət Palatasının hesabatına görə, Avropa ABŞ-dan dünyanın qalan hissəsi ilə müqayisədə daha çox birbaşa investisiya alır. Bu arada, Avropa şirkətləri Birləşmiş Ştatlara qoyulan bütün birbaşa investisiyaların demək olar ki, üçdə ikisini təşkil edir.

Hamilton bildirib ki, rüsumlar Avropa şirkətlərinin regionda istehsal olunan komponentləri ABŞ-dakı öz fabriklərinə göndərməsini, Aİ və ya digər Vaşinqtonun ticarət tərəfdaşından gələn cavab tarifləri isə hazır məhsulun ABŞ-dan ixracını çətinləşdirə bilər. Eyni zamanda siyasi qeyri-müəyyənlik şirkətləri transatlantik investisiyalardan çəkinməyə vadar edə bilər: "Münaqişənin ticarət sahəsində dalğalanma effekti təkcə ticarətlə məhdudlaşmayacaq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Mart 2025

17 Mart 2025

BÜTÜN XƏBƏRLƏR