İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ermənilərin sentyabr təxribatından sonra niyə fəallaşır - şübhəli məqamlar

Ermənistanın 12-14 sentyabrda törətdiyi təxribatlar və onun səbəbləri barədə müzakirələrdə İrəvanın bu hərbi cinayəti xarici qüvvələrin təsiri ilə törədə biləcəyi versiyası da səsləndi. İddialarda o da yer alır ki, Rusiya və Qərb arasındakı nüfuz savaşının Qafqaza keçirilməsi cəhdləri var və Ermənistandan burada alət, maşa kimi istifadə olunur.

Həmçinin, belə bir ilginc fikir də səslənib ki, təxribatların məhz ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə nümayəndəsi səfir Filip Riker Cənubi Qafqaza səfəri zamanı - konkret olaraq onun İrəvanda olduğu gündə başlaması bu prosesdə hansısa rolunun olması şübhələrini oyadır. Təxribat baş verəndən dərhal sonra isə ABŞ səfirliyi təxribatı törədən Ermənistanı qınamaq əvəzinə, Azərbaycana qarşı qərəzli, ermənipərəst, aşkar şəkildə tərəf tutan açıqlama yaymışdı. Hadisələr səngiyən kimi - sentyabrın 15-də isə ABŞ Dövlət Departamenti bəyanat yayaraq “Bakı ilə İrəvan arasında dialoqu dəstəkləməyə hazırıq” dedi.

Sitat: “ABŞ Ermənistanla Azərbaycan arasında danışıqları dəstəkləməyə hazırdır. Biz hər iki ölkənin liderinə və bütün səviyyələrdə rəsmilərinə problemin hərbi yolla həllinin mümkün olmadığını açıqlamışıq. Biz gərginliyi azaltmaq üçün həm ikitərəfli, həm də çoxtərəfli qaydada mümkün olan hər şeyi etməyə hazırıq. Cənubi Qafqazın dinc və firavan gələcəyini təmin etmək üçün mümkün olan hər şeyi etməyə qərarlıyıq”.

Bu ardıcıl hərəkətlər ABŞ-ın üzərinə şübhələr gətirir. ABŞ danışıqlarda yer almaq, vasitəçiliyi öz üzərinə götürmək üçün təxribatlara rəvac verə bilərdimi?

dd8edfc3-2315-4f61-b839-c49b032d.jpg (59 KB)

Mətləb Aslanov: “ABŞ-ın bu davranışı bir an belə diqqətdən qaçırılmamalıdır”

AĞ Partiya başqanının köməkçisi, siyasi ekspert Mətləb Aslanov sualımıza cavaba sualla başladı: “Nə gözləyirdiniz? İkinci ən böyük səfirliyi Ermənistanda olan Amerikanın Azərbaycanı nə vaxtsa dəstəkləyəcəyinə inanmaq sadəlövlük olardı. Bu baxımdan burada əslində təəccüblü heç nə yoxdur. ABŞ-ın ermənipərəst mövqeyinin hər zaman şahidi oluruq. Bu günlərdə qondarma rejimin ”xarici işlər naziri" David Babayanın Vaşinqtona səfəri gözlənilir. Bilirsiniz bu nə deməkdir? Demokratiyadan dəm vuran ABŞ bununla tarixi Azərbaycan torpağında terroristlərin yaratdığı “Dağlıq Qarabağ Respublikası”nı tərəf kimi qeyri-rəsmi formada göstərir. Bəllidir ki, Babayan Amerikanın rəhbərliyində təmsil olunan heç bir şəxslə görüşməyəcək. Sadəcə Konqresdə görüşlər keçirəcək ki, bu da Amerika adına utancverici hadisə olacaq. Ümumiyyətlə, özünə hörmət edən ölkə onu ərazisinə buraxmamalıdır. İndi bu halı görəndə Amerikanın nəyinə inanaq? Şəxsən mən bu ölkədən hər şey gözləyirəm. Cənubi Qafqazda təsir dairəsini artırmaq üçün son təxribatların təşkilatçılarından biri də ola bilər. Bir sözlə Rusiyaya qarşı ikinci cəbhəni Cənubi Qafqazda açmaq niyyətində olması mümkündür. Düşünürəm ki, ABŞ-ın bu fəallığı bir an da belə diqqətdən qaçırılmamalıdır, lazımı yerdə lazımı addımları atmaq üçün".

ABS Azerbaycani yeni dunya nizaminda yaninda gormek isteyir" - Məhəmməd  Əsədullazadə

Məhəmməd Əsədullazadə: “Ermənistan uğrunda rəqabətdə hələ ki, Rusiya irəlidədir”

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə belə səfərlərin Paşinyanı qorumaq xarakteri daşıdığını düşünür: “Brüsseldə 31 avqustda keçirilən üçtərəfli görüşdə Paşinyan danışıqlar prosesini pozacaq mövqe sərgiləmədi. Amma sonradan Vladisvostokda tam bir danışıqları pozacaq açıqlama verdi. Ondan sonra mütəmadi atəşkəsi pozdular. Rəsmi İrəvan Qərbin müəyyən dairələrinə arxayın olaraq şərtlər irəli sürdü. Bundan əlavə, Moskva da Brüsselin vasitəçiliyindən narahat və qəzəbli idi. Konkret olaraq həm Qərb, həm də Rusiya Cənubi Qafqaz uğrunda rəqabətə başladılar. Paşinyan Rusiyanın mövqeyi ilə çıxış edərək, siyasi iradə göstərməyərək Azərbaycana qarşı diversiya həmlələri edərək Azərbaycanı fakt qarşısında qoymaq və şərtlərini diktə etməyi planlaşdırırdı. ABŞ da burada Cənubi Qafqazda Rusiyanın mövqeyini sarsıtmaq üçün İrəvana dəstək verdi. Paşinyan iki stulda oturaraq Azərbaycana təzyiq edəcəyini və nailiyyətlər əldə edəcəyini düşünürdü. Amma əksi oldu. Azərbaycanın zərbələri Ermənistanı tam fiaskoya uğratdı. Beynəlxalq dəstək də almadı. KTMT hərbi dəstək vermədi. ABŞ rəsmilərinin Ermənistana səfəri sadəcə Paşinyanı qorumaq və onun hakimiyyətdən getməsinin qarşısını almaqdır. Düşünürəm ki, Ermənistan uğrunda rəqabətdə hələ ki, Rusiya irəlidədir. Və proseslərin tam sülh istiqamətində getməsi Moskvadan asılı olacaq. Çünki Paşinyan Qərbə qulaq asa-asa Moskvadan aslıdır. ABŞ rəsmiləri Paşinyanı qorumağa gəlib. Onlar sülhə ciddi dəstək verməyəcək”.

Arxaya körpü" edin... - Kənan Novruzov yazır

Kənan Novruzov: “Təxribatların Moskva kimi Vaşinqtonda da idarə edilməsi mümkündür”

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov bu versiyanı real sayır: “ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə nümayəndəsi, səfir Filip Rikerin Cənubi Qafqaza səfəri zamanı Ermənistan- Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi diqqət çəkməyə bilməzdi. Məlumdur ki, ABŞ-la Rusiya region uğrunda mübarizə aparırlar. Hər iki dövlət Cənubi Qafqazdakı təsirini gücləndirməkdən ötrü, demək olar ki, hər şey etməyə hazırdır. Əlbəttə, təxribatların Moskva kimi Vaşinqtonda da idarə edilməsi mümkündür. Hər halda Ağ Evin Ermənistan üzərində kifayət qədər təsir imkanı var. Təxribatların Ermənistan iqtidarının maraqlarına uyğun olduğunu düşünmürəm. Sadəcə İrəvan indi Moskva ilə Vaşinqton arasında qalıb və onların təsir dairəsindən çıxa bilmir. Gərginlik davam edən günlərdə Paşinyan Rusiya, Fransa, ABŞ, İran nümayəndələri ilə danışdı. Avropa İttifaqı Şurasının sədri Şarl Mişelə isə ən sonda zəng etdi. Bu, göstərir ki, Ermənistanın hökumət başçısını Brüssel formatından uzaqlaşdırmaq istəyən qüvvələr var. ABŞ Rusiyanın başının Ukraynaya ilə müharibəyə qarışmasından istifadə edir. Vaşinqtonun fəallaşması məhz davam edən savaşla əlaqəlidir. Təsadüfi deyil ki, Ağ Ev müharibənin uzanmasında maraqlıdır. Şərqi Avropada davam edən döyüşlər ABŞ üçün yeni fürsətlər yaradır. Nə ABŞ, nə də Rusiya regionda ”suların durulmasını" istəmir. Çünki onların regiona mövcudluqları yalnız konflikt vasitəsilə təmin olunur. Cənubi Qafqaz ABŞ və Rusiya üçün mübarizə meydanıdır. Provokosiyaların “rejissorunun” Ağ Ev olmadığına kimsə zəmanət verə bilməz. Amma bu, bizim üçün o qədər əhəmiyyətli deyil, təxribatları istər Rusiya, istər ABŞ, istər Ermənistan hakimiyyəti, istərsə də başqa qüvvə törətsin. Biz öz işimizi görməliyik. Bu cür sabotajlara adekvat cavab verməklə rəsmi İrəvanı sərhədlərin delimitasiyası və demarkasiyasına məcbur edə bilərik. İnanıram ki, ilin sonunadək bu proses baş tutacaq. ABŞ və Rusiyaya gəldikdə isə, onların hər ikisinin proseslərə təsir imkanının minimum olmasına çalışmalıyıq. Çünki heç biri səmimi deyil. Necə deyərlər, ilanın ağına da lənət, qarasına da. ABŞ və Rusiyanın səmimi olmadıqlarını başa düşmək üçün onların həmsədrlik dövründəki fəaliyyətlərini yada salmaq kifayətdir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR