İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ədliyyə Nazirliyi "Google"a qarşı yeni iddia qaldırdı

ABŞ Ədliyyə Nazirliyi Google-dan (Alphabet Inc.-in bir hissəsi) antiinhisar problemlərini həll etmək üçün iki onlayn reklam biznesini satmağı tələb edir.

Musavat.com xəbər verir ki, məlumatı The Wall Street Journal yayıb.

Aprel ayında ABŞ federal məhkəməsi Google-un reklam bazarının bəzi seqmentlərində inhisarçı mövqelərinin rəqabətə zərər verdiyi barədə qərar çıxarıb. Ədliyyə Nazirliyi bu məhkəmə qərarını əsas gətirərək şirkətə qarşı yeni iddia qaldırıb. Nazirlik hesab edir ki, Google öz onlayn reklam bazarı olan Google Ad Exchange-i (AdX) məhkəmə tərəfindən təyin edilmiş qəyyumun nəzarəti altında mümkün qədər tez satmalıdır.

Bundan əlavə, Ədliyyə Nazirliyi şirkətə naşirlərə reklam yerlərini effektiv şəkildə idarə etməyə kömək edən DFP reklam xidməti platformasını da satmağı təklif edir. Nazirlik bildirir ki, DFP rəqabətə ciddi mənfi təsir göstərir və Google-un bazarda inhisarçı mövqeyini saxlamaq üçün alətdir.

Şirkət isə bu aktivlərin satışının texniki cəhətdən mümkün olmadığını bildirərək qeyd edir ki, hər iki xidmət Google-un daxili mühitində işləyir və onların ayrılması şirkətin öz proqram təminatı və avadanlıqları olmadan işləyə bilən AdX və DFP-nin yeni versiyalarının işlənib hazırlanmasını və yaradılmasını tələb edir.

Google-un tənzimləmə işləri üzrə vitse-prezidenti Lee-Anne Mulholland WSJ-yə bildirib ki, Google məhkəmə tərəfindən müəyyən edilmiş problemləri həll etmək üçün bir sıra tədbirlər təklif edib və Ədliyyə Nazirliyi onların məhkəmənin tələb etdiyi məsələləri tam şəkildə həll etdiyini açıqlayıb.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən Alphabet-in bazar kapitallaşması 13,3 faiz azalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR