İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Rusiyaya “tərəfləri durdurmaqda kömək et” çağırışı - şok etiraf, yoxsa...

Ukrayna müharibəsinə görə Rusiyanı terror dövləti adlandıran Bayden administrasiyasının Kremli sərhəddəki toqquşmalara görə tərəfləri sakitləşdirməyə çağırması gözlənilməz oldu - siyasətçilərin fərqli baxışı

Sərhəddə Ermənistanın təxribatı nəticəsində baş verən hadisələrdən sonra diplomatik səylərdə ən diqqətçəkən məqam   ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın açıqlaması oldu. Baxmayaraq ki, ABŞ dövlət katibi Entoni Blinken həm Prezident Əliyevlə, həm baş nazir Paşinyanla telefonla danışıb gərginliyi azaltmağa çağırdı, amma Dövlət Departamentinin rəsmisi müraciətini Rusiyaya ünvanlamağa üstünlük verdi. “Yeni Müsavat” yazır ki, Prays Rusiya hakimiyyətinə müraciət edərək Ermənistan və Azərbaycan arasında gərginliyin aradan qaldırılmasına köməklik göstərməyə çağırdı. Prays Rusiyanın həm Ermənistana, həm də Azərbaycana əhəmiyyətli təsir göstərdiyini qeyd edərək deyib: “Biz Rusiyanı bu təsirdən istifadə etməyə, bu gərginliyin azaldılmasına nail olmağa çağırırıq”.

Maraqlıdır ki, ABŞ rəsmisi “gərginlik Rusiyanın maraqlarına cavab vermir”, - deyə bildirib. Ancaq Vaşinqtonun bu mövqeyi gözlənilməz olub. Ukrayna müharibəsinə görə Rusiyanı izolyasiya etməyə çalışan, onu işğalçı və terror dövləti adlandıran Bayden administrasiyasının Kremli sərhəddəki toqquşmalara görə tərəfləri sakitləşdirməyə çağırması başadüşülən deyil. Qərbdən sanksiyalara məruz qalan və diplomatik cəbhədə də xeyli sıxışdırılmış Rusiyaya ABŞ rəsmisinin müraciəti əlbəttə ki, bir az da qəribə görünür. ABŞ və Qərb tərəfdaşları Ukraynaya hücumdan sonra Rusiyanı dünyada sabitliyə bir nömrəli təhlükə elan edib. Amma indi ABŞ həmin ölkəyə müraciət edir ki, iki ölkə arasında sabitliyin yaranmasında kömək etsin. Düzdür, bu müraciətdə “gərginlik Rusiyanın xeyrinə deyil” kimi ifadə də var. Amma bu, canıyananlığa az oxşayır və “dəmir qapının taxta qapıya işi düşməsinin” pərdələnməsinə xidmət edir. Üstəlik, bu müraciəti Rusiya mediası manşetlərə daşıdı ki, bu da təsadüfi deyil. Bəs bu müraciət nəyin etirafıdır? Qafqaz bölgəsinin Rusiyanın siyasi alanı olduğunu ABŞ və Qərb tərəfdaşları etiraf edirlərmi, yoxsa “bu gərginliyi sən yaratmısan, sən də qaydasına sal” mesajıdır?

Onu da demək yerinə düşər ki, hazırda Azərbaycan-Ermənistan danışıqlarında Avropa Birliyi və ABŞ fəal rol almağa çalışır. Son dayanacaq olaraq Bakıda ikigünlük səfərdə olan (bundan əvvəl İrəvan və Tiflisdə olub - red.) Dövlət Departamentinin Qafqaz və beynəlxalq Cenevrə müzakirələri üzrə baş məsləhətçisi, ATƏT-in Minsk Qrupu üzrə həmsədri Filip Riker də bu məqsədlə bölgəyə göndərilib. Rusiyanın isə Avropa Birliyinin danışıqlarda vasitəçiliyinə münasibəti tənqididir. Rusiya hesab edir ki, Avropa Birliyi Moskvanın indiyədək münaqişənin həllində göstərdiyi səyləri görməzdən gəlir, vasitəçilik missiyasında təşəbbüsü ələ almaq istəyir. Brüssel görüşü ilə paralel olaraq, Moskvada sərhədlərin müəyyənləşməsi ilə bağlı tərəflərin görüşünün keçirilməsi, ABŞ həmsədri ilə eyni vaxtda rusiyalı xüsusi nümayəndə Xovayevin də Bakı və İrəvana səfər etməsi bu məsələdə tərəflərin “yarışdığını” bir daha göstərir...

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə

Arzuxan Əlizadə 

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a dedi ki, ABŞ və Rusiya Ukrayna cəbhəsində burun-buruna gəlsələr də, Cənubi Qafqazda maraqları üstə-üstə düşür: “Biz dəfələrlə qeyd etmişik ki, Minsk Qrupunda bir masa arxasında oturmağa hazır olurlar, regiondakı ölkələri nəzarətdə saxlamaq cəhdlərini davam etdirirlər. Bu mənada Vaşinqton və Moskva bu bölgədə toqquşmurlar. Amma bir yandan Rusiyaya mesajdır ki, hadisələr sənin təhrikinlə baş verib, indi sakitləşdir. Sadəcə, o demək deyil ki, regionu Rusiyanın nəzarətinə buraxmaqla barışıblar. Fransa başda olmaqla, Qərb erməniləri dəstəkləyir, prosesləri nəzarətdə saxlamağa çalışır və görünür ki, hələ bir müddət belə də davam edəcək. O zaman hər şey yekunlaşacaq ki, Türkiyə bölgədə daha da güclənsin, Azərbaycan tələblərini tam yerinə yetirməyə müvəffəq olsun”.

Fuad Əliyev: Onlar müvəqqəti olan Laçın dəhlizi ilə yola salınacaqlar

 Fuad Əliyev

ALDP sədri Fuad Əliyev isə Vaşinqtonu ikiüzlü adlandırdı. Partiya sədrinin fikrincə, Rusiyanı bəşəriyyət üçün təhlükə sayan ABŞ-ın indi döyüşləri dayandırmaq üçün Kremli sülh təşəbbüskarı kimi görməsi riyakarlıqdan başqa şey deyil: “Əslində Praysın açıqlaması sürpriz idi. Bir çoxları amerikalıların rusları ittiham edəcəyini, gərginliyə səbəb kimi göstərəcəyini gözləyirdi. Amma Amerika başqa rakursdan yanaşdı. Görünür ki, Rusiyanın 10 noyabr sənədinin müəllifi olduğuna işarə edirlər. Demək istəyirlər ki, saziş varsa, tərəfləri sakitləşdir. Düzdür, Rusiya liderinin qolu varsa, atəşkəsin pozulması ilə bağlı məsələlərə də Moskva fəallıq göstərməlidir. Amma Ukraynada toqquşan tərəflərin Cənubi Qafqazda belə mövqe sərgiləməsi qəribədir. Bizi kimin vasitəçilik etməsi yox, sülh, əmin-amanlıq, regionda normal həyat maraqlandırır”. F.Əliyev hesab edir ki, bu hadisələrdən sonra Qərb və ABŞ bir sıra reallıqları qəbul etməli olacaq: “Onlardan biri də Rusiyanın Cənubi Qafqazda dominant olması, təsirlərinin gücüdür. ABŞ Rusiyaya çağırış edirsə, deməli, onun bölgədəki varlığı ilə hesablaşır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR