Onlayn ictimai-siyasi qəzet
Ötən həftə Gürcüstanda azərbaycanlı jurnalist Əfqan Sadıqovun saxlanması haqda xəbər verilib. Tiflis şəhər məhkəməsi Bakının tələbi əsasında onun ekstradisiyası ilə bağlı üç aylıq həbs qərarı çıxarıb və o, deportasiya mərkəzinə yerləşdirilib. Avqustun 8-də Ə.Sadıqovun vəkili apelyasiya şikayəti verib.
“Turan”ın məlumatına görə, ABŞ Gürcüstan hakimiyyətini Əfqan Sadıqovu “dərhal” azad etməyə çağırıb. “Biz Əfqan Sadıqovun Tbilisidə saxlanılması ilə bağlı xəbərlərdən dərin narahatıq. Biz Gürcüstan hakimiyyətini insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə və onu tez bir zamanda azad etməyə çağırırıq”, - Dövlət Departamentinin sözçüsü bildirib.
Sadıqov əvvəl iki dəfə məhkumluq həyatı yaşayıb. 2023-cü ilin dekabrından Gürcüstanda yaşayır. İyulun 17-də Sadıqova Tiflis Beynəlxalq Hava Limanından Türkiyəyə getmək icazəsi verilməyib və sərhəd nəzarəti əməkdaşları ona yalnız Azərbaycana uça biləcəyini bildiriblər.
Ə. Sadıqov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. O, ölkədə olmadığından beynəlxalq axtarışa verilib. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qarşılıqlı əməkdaşlıq müqaviləsinə uyğun olaraq Əfqan Sadıqovun ölkəyə ekstradisiya edilməsi istənilib. Azel Tv-nin rəhbəri olmuş Ə.Sadıqov 2020-ci ildə hazırda həbs edildiyi maddə ilə 6 il müddətinə məhkum edilmişdi. O, iki il əvvəl əfv edilib.
Gürcüstan hökumətinin qərarı nə olacaq? Əfqan Sadıqov Azərbaycana verilməyə bilərmi? Verilməzsə, iki ölkə münasibətlərə xələl gələ bilərmi?
Hüquqşünas Əsabəli Mustafayev məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb. Hüquqşünas indiki vəziyyətdə Gürcüstanın Əfqan Sadıqovu Azərbaycana vermək istəməsinin məqsədli olduğunu deyib:
“Məlum olduğu kimi bütün dünyada jurnalistlər müdafiə olunur. Yəni, jurnalist, siyasi fəal, digər aktiv ictimai insanların öz ölkəsində hüquqi təqib, həbs təhlükəsi olarsa, onun təhvil verilməsi məqsədəuyğun sayılmır. Bu, Avropa Konvensiyasında, bir çox beynəlxalq taktikada da belədir.
Məlum olduğu kimi Gürcüstan artıq bir neçə dəfə kimlərisə Azərbaycana təhvil verib. Məsələn, Azərbaycan məhkəməsi tərəfindən 6 il azadlıqdan məhrum edilən azərbaycanlı jurnalist Əfqan Muxtarlı 2017-ci ildə Tbilisidə həbs edilərək, Azərbaycana təhvil verilmişdi. O zaman bu məsələ tənqid olunmuşdu.
Əfqan Sadıqlı da vaxtilə Azərbaycanda həbs olunanda onu yerli hüquq müdafiəçiləri siyasi məhbus kimi tanımışdı. Yəni, jurnalist fəaliyyətinə görə həbs olunduğu deyilirdi. Bu baxımdan beynəlxalq, həmçinin jurnalist, hüquq-müdafiə təşkilatları Əfqan Sadıqlı ilə bağlı məsələdən narahat və narazıdırlar. Çünki bu bir faktdır ki, son aylar Azərbaycanda xeyli sayda jurnalist həbs olunub.
Xatırladım ki, Azərbaycan və Gürcüstan arasında bir-birinə dəstək ilə bağlı hüquqi razılaşmalar var. Amma hesab edirəm ki, əgər Gürcüstan deyil, başqa ölkə olsa idi, Əfqan Sadıqovu Azərbaycana təhvil verməzdi. Bu, daha çox siyasi məsələdir, yəni, Gürcüstan və Azərbaycan arasında siyasi strateji patnyorluğun təzahürüdür.
O da məlumdur ki, son vaxtlar Qərb, ABŞ- tərəfindən Gürcüstana qarşı çox ciddi təzyiqlər var. Qərblə münasibəti korlanmış Gürcüstan qonşusu ilə də münasibəti korlamaq istəməz və ona görə də böyük ehtimalla Ənvər Sadıqovu Azərbaycana təhvil verəcək.
Amma bu, beynəlxalq təşkilatlarda Azərbaycana qarşı müəyyən problemlər yaracaq. Ola bilsin ki, müxtəlif səfirliklərin də etirazları olacaq. Yəni, bugünkü gündə Azərbaycan üçün arzuolunmaz bir vəziyyət yaranıb. Şəxsən mən arzu edərdim ki, Ənvər Sadıqov heç Azərbaycana təhvil verilməsin, orada qalsın. Hazırda Azərbaycan sülh müqaviləsinin imzalanması ilə bağlı işlər görür. İndiki vəziyyətdə belə bir məsələnin ortaya çıxması arzuolunan deyil. Fikrimcə Gürcüstan bunun etməklə Azərbaycana zədə vurmağa çalışır. Yəni, özünün Qərblə, ABŞ-la münasibətləri korlanıb, istəyir ki, Azərbaycanın da münasibətləri korlansın. Yəni, “mənim münasibətlərim korlanıb, qoy səninki də korlansın” fikri ilə siyasət yürüdür. Çünki, qeyd etdiyim kimi, indiki vəziyyətdə Ənvər Sadıqov məsələsi Azərbaycana heç lazım deyil. Onun ölkəyə gətirilməsi Azərbaycana qarşı ciddi proseslərin başlanmasına səbəb olacaq.
Hesab edirəm ki, bu, Gürcüstan tərəfindən Azərbaycana qarşı bir provokasiyadır”.
Politoloq Qabil Hüseynli isə qeyd edib:
“Sadıqov iki ildir ki, Gürcüstandadır. Suallar doğurur ki, Gürcüstan hökuməti niyə bu günə qədər ona toxunmurdu? Niyə məhz indi onun həbs olunub, Azərbaycana təhvil verilməsi haqda qərar verir? Demək ki, bu məsələdə bir “qızışdırma” elementi var. Yəni, istəyir ki, ABŞ-la Azərbaycan arasında münasibətlər kəskinləşsin. Zənnimcə, Gürcüstan hökuməti bununla çox hiyləgər hərəkət edir və ABŞ-ın təzyiqlərinə baxmayaraq, jurnalisti Azərbaycana təhvil verəcək.
Hesab edirəm ki, Əfqan Sadıqov məsələsi Azərbaycana lazım deyildi. Yəni, başqa dövlətlərlə münasibətlərimizin yaxşı olmasına çalışırıq. Belə bir vəziyyətdə bu məsələnin ortaya çıxması Gürcüstan tərəfindən Azərbaycana qarşı qurulan bir qurğudur”.
Xalidə Gəray,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ