İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da inflyasiya 3 faizə çatdı

Yanvar ayında ABŞ-da istehlak qiymətləri (CPI) 2024-cü ilin iyun ayından bəri ən böyük sıçrayış nümayiş etdirərək 3 faiz artıb.

Musavat.com ölkənin Əmək Nazirliyinin hesabatına istinadən xəbər verir ki, inflyasiya artıq dördüncü aydır ki, sürətlənir.

Bloomberg analitiklərinin median proqnozu 2,9 faiz olub.

ABŞ-da enerji qiymətləri keçən ay son altı ayda ilk dəfə olaraq illik 1 faiz artıb (dekabrda 0,5 faiz azalmışdı).

Benzinin qiyməti əvvəlki ayda olduğu kimi 0,2 faiz (-3,4 faiz) ucuzlaşıb, təbii qazın qiyməti isə 4,9 faiz bahalaşıb.

Ərzaq məhsullarının qiymətlərinin artımı 2,5 faiz səviyyəsində qalıb, nəqliyyat xidmətlərində isə 7,3 faizdən 8 faizə yüksəlib. Yeni avtomobillər 0,3 faiz (-0,4%) ucuzlaşıb, işlənmiş avtomobillər 1 faiz (-3,3 faiz) bahalaşıb.

Ərzaq və enerji istisna olmaqla istehlak qiymətləri (Əsas CPI) keçən ay dekabr ayı ilə müqayisədə 0,4 faiz və illik 3,3 faiz artıb.

Qeyd edək ki, inflyasiyanın sürətlənməsi ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsinə dair qərarlarının qəbulunda başlıca faktordur. FED-in hədəf inflyasiya səviyyəsi 2 faizdir. İnflyasiyanın bu səviyyədən uzaqlaşması qurumun növbəti iclaslarda da yanvardakı kimi, uçot dərəcəsini azaltmamaq qərarı verməsinə səbəb olacaq. Bu isə əsas xammal, xüsusilə də neft bazarı üçün ciddi mənfi amildir. Dolların möhkəmlənməsi neft qiymətlərinin ucuzlaşmasına gətirən əsas səbəblərdən biri kimi çıxış edir.

Gözləntilərə görə, Donald Trampın rüsum siyasəti ABŞ-da infloyasiyanı daha da sürətləndirəcək. Bu, FED-in uçot dərəcəsini yenidən artırmaq siyasətinə keçməsinə səbəb ola, bu isə bütün dünyada iqtisadi aktivliyin və tələbin azalmasına gətirib çıxara bilər.

FED-in növbəti iclası 18-19 mart tarixlərində keçiriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR