İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ bu il neft hasilatını kəskin artırmayacaq, amma...  


ABŞ-ın ən böyük şist neft istehsalçılarından biri olan Occidental Petroleum şirkətinin baş direktoru Vicki Hollub hesab edir ki, ölkəsinin bu il neft hasilatını kəskin şəkildə artırmağa tələsməyə ehtiyac duymur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, şirkət rəhbəri bunu cari ildə bazarda təklifin bol olması ilə əsaslandırır və bildirir ki, gələn ildən neftə tələbat artanda hasilatı artırmaq daha məqsədəuyğundur.

Qeyd edək ki, ABŞ-ın yeni maliyyə naziri Scott Bessent bildirib ki, ABŞ neft hasilatını sutkada 3 milyon barel artırmağı hədəfləməlidir.

Hollub Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib: "Bizdə olan resurslar və səriştələr nəzərə alınmaqla, buna nail olmaq olar. Bunu bu il etmək düzgün qərar olacaqmı? Mən belə düşünmürəm, çünki bazar hələ də çox doymuş vəziyyətdədir".

Eyni zamanda o, etiraf edib ki, artıq qazılmış quyularda hasilatı aktivləşdirməklə ABŞ bu il neft hasilatını sutkada 200-300 min barel artıra bilər: "Tələb hələ də artır, ona görə də düşünürəm ki, bu ilin sonu və ya gələn ilin əvvəlinə qədər bizim istehsalın kəskin artırılmasına başlaya biləcəyimiz və nail olacağımız vaxt gələcək. O (Bessent - red.) bunun üçün konkret müddət verməyib. Bizim vaxtımız var və bunu ilin sonuna qədər etmək məqsədimiz yoxdur”.

ABŞ-da neft hasilatı son illərdə tarixi ən yüksək həddə çatıb. Ötən il ölkədə gündəlik orta hesabla 13,21 milyon barel neft hasil edilib ki, bu da 2023-cü ildə müəyyən edilmiş əvvəlki rekorddan demək olar ki, 300 min barel çoxdur. Bu gün ABŞ-da neft hasilatının daha yüksək olduğu təxmin edilir - təxminən 13,5 milyon barel.

Tramp vəzifəsinin icrasına başlayan kimi ABŞ-da enerji sahəsində fövqəladə vəziyyət elan edərək, neft-qaz hasilatını artırmağa çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR