İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-Azərbaycan münasibətlərinin “nəticəsi” ilə bağlı absurd iddia

Bəzi müxalifət təmsilçiləri belə iddia edir ki, iki ölkə arasında münasibətlərin pisləşməsi fonunda hakimiyyət daxildə repressiyalara əl atacaq ki...

ABŞ-Azərbaycan münasibətlərində yaranmış gərginlik və hadisələrin bundan sonrakı inkişafı diqqətlə izlənilir. Yada salaq ki, Dövlət Departamentinin Avropa və Avrasiya Bürosundakı müavini, O’Brayenin “ABŞ-ın Azərbaycana münasibəti əvvəlki kimi olmayacaq” bəyanatına, 907-ci düzəlişin yenidən qüvvədə qalması haqda qərara cavab olaraq Xarici İşlər Nazirliyi bu mövqeyi “birtərəfli, qərəzli, əsassız və qəbuledilməz” kimi qiymətləndirib,  yüksək səviyyəli Amerika nümayəndələrinin Bakıya səfərlərinə moratorium elan edib. XİN-dən həmçinin qeyd olunub ki, Bakı Vaşinqtonda gözlənilən görüşə qatılmayacaq.

O cümlədən region ölkəsi olmayan ABŞ-ın addımlarının bölgə ölkələrinin təhlükəsizliyi səylərinə zərbə vurduğu qeyd edilib.

Vaşinqton-Bakı münasibətləri bunadək də hamar olmayıb, amma 44 günlük müharibədən sonra ilk dəfədir ki, bu səviyyədə gərginləşib.

Bəzi ekspertlər güman edir ki, Vaşinqton tezliklə münasibətlərin normallaşması üçün addımlar atacaq. “Cozef Bayden administrasiyası Azərbaycan olmadan Cənubi Qafqaz regionunda öz məqsədlərinə nail ola bilməyəcək və bu səbəbdən də münasibətlərin bərpası üçün addımlar atmalıdır”.

“Report” xəbər verir ki, bu barədə “S&P Global”ın Avropa və MDB üzrə proqnozlaşdırma departamentinin baş analitiki Aleks Melikişvili “X” sosial şəbəkəsində yazıb.

Ekspert hesab edir ki, Vaşinqton münasibətləri bərpa etmək üçün heç bir tədbir görməsə, bu, Amerikanın Qafqazdakı mövqelərinin əhəmiyyətli dərəcədə zəifləməsi anlamına gələ bilər.

Onun sözlərinə görə, ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında noyabrın 20-də Vaşinqtonda keçirilməsi planlaşdırılan danışıqların pozulmasına görə məsuliyyət dövlət katibinin köməkçisi Ceyms O’Braynın üzərinə düşür.

Bəzi müxalifət təmsilçiləri isə belə iddia edir ki, ABŞ Azərbaycanla  bütün sahələrdə münasibətləri donduracaq. Guya iki ölkə arasında münasibətlərin pisləşməsi fonunda “Azərbaycan hakimiyyəti  daxildə repressiyalara əl atacaq. Çünki Azərbaycan hakimiyyəti Qərblə, İranla münasibəti pisləşəndə adətən belə addımlar atır”.

Ad günü ildə bir dəfə olur, onlara quru “sağ ol” deyim?” — Aydın Mirzəzadə

Aydın Mirzəzadə 

YAP-çı deputat Aydın Mirzəzadə dedi ki, hətta yaxın münasibətləri olan ölkələr arasında hansısa məqamlarda anlaşılmazlığın olması, hətta münasibətlərin dərəcəsinin aşağı enməsi adi haldır: “Bir qayda olaraq, ittiham olunan dövlət bu məsələdə özünün dövlət qürurunu qorumalıdır. Əgər bu olmasa, onda dövlətə siyasi təzyiqlər artır, get-gedə dövlət özünün artıq beynəlxalq müstəvidə siyasi müstəqilliyini itirmiş olar. Azərbaycan ona görə dövlət müstəqilliyini bərpa etməyib ki, siyasi təzyiqlər altında olsun, yaxud da beynəlxalq münasibətlərdə hansı siyasəti yeridəcəyini digər dövlətlərin məsləhəti ilə müəyyən etsin. ABŞ dövlət katibinin köməkçisinin ölkəmizlə bağlı heç bir həqiqəti əks etdirməyən ittiham xarakterli fikirlərinə Azərbaycan çox düzgün olaraq, sərt reaksiya verdi. Azərbaycan sıradan ölkə deyil. Eyni zamanda Amerikanın özü də Azərbaycan kimi ABŞ-Azərbaycan münasibətlərində maraqlıdır. Ölkəmiz Qoşulmama Hərəkatının artıq 5-ci ildir ki, sədridir, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Azərbaycan regionun lideri, Şərqin çox nüfuzlu dövlətlərindən biridir. Rəsmi Bakı ilə münasibətləri korlamaq heç də Vaşinqtonun marağında deyil. Bu baxımdan, ABŞ administrasiyası öz məmurunun Azərbaycanla bağlı fikirlərinə aydınlıq gətirməlidir. Dövlət katibinin köməkçisinin fikirlərinə Azərbaycan tərəfi sərt reaksiya bildirməli idi və belə də oldu. ABŞ Azərbaycanla münasibətlərin əvvəlki səviyyədə olması, münasibətlərin daha da yüksəlməsi üçün öz tərəfindən təşəbbüslər göstərməlidir. Mümkündür ki, bu gün Amerikanın xarici siyasətinin bütün diqqəti İsrail-HƏMAS konfliktinə yönəlib və bu baxımdan, Azərbaycanla münasibətlər onun gündəliyində deyil. Amma istənilən halda, bu məsələyə münasibət bildirilməlidir. Azərbaycanın beynəlxalq birlikdə oynadığı rol, qazandığı böyük siyasi nüfuz ona eyni münasibətin göstərilməsini tələb edir. O ki qaldı bu gün Azərbaycanla ABŞ arasındakı münasibətlərə müxalifətçilərin fikirlərinə, hesab edirəm ki, müxalifətçilər bu münasibətlərin çox pis olmasında maraqlıdırlar, buna səy göstərirlər. Onlar Azərbaycanın daxili və xarici siyasətdə səhv addımlar atmasını gözləyir,  ölkəmizə təzyiq olmasını arzu edirlər. Amma bunlar olmayacaq. Çünki Azərbaycan hüquqi, demokratik bir ölkədir. İnsan hüquq və azadlıqlarının qorunmasını həm konstitusiya ilə, həm də reallıqla təmin edib. Hansısa dövlətlə olan münasibətlər heç də bizim daxili siyasətimizin dəyişməsinə səbəb ola bilməz. Düşünürəm ki, Azərbaycan-ABŞ münasibətləri yenidən öz axarına qayıdacaq. ABŞ administrasiyası Azərbaycanla münasibətlərin nə qədər əhəmiyyətli olduğunu bir daha özü üçün müəyyən edəcək”.

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli Azərbaycan daxilində sabitliyin pozulması üçün heç bir əsasın olmadığını qeyd etdi: “Azərbaycanda, ölkənin dövlət və milli maraqlarına düşmən kəsilən proksimüxalifət qrupları istisna olmaqla, bütün siyasi təşkilatlar ölkəmizə qarşı həyata keçirilən hücumların ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə bağlı olduğunu çox yaxşı başa düşür və vəziyyəti doğru qiymətləndirməyi bacarırlar. Proksimüxalifətə gəldikdə isə 30 il ərzində bütün proqnozları boşa çıxan, vahid ideoloji platforması olmayan, dağınıq siyasi baxışlara malik, ən müxtəlif qütblərin maraqları arasında var-gəl etməklə mövcudluqlarını qoruyub saxlamağa çalışan, prinsipsiz, xaraktersiz qrupların nə deməyindən asılı olmayaraq, ölkə daxilində sabitliyin pozulması üçün heç bir əsas yoxdur, əksinə, Azərbaycana qarşı ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsi kontekstində haqsız hücumlar xalqımızda uzun illər boyu dəyişəcəyi az ehtimal olunan nifrət hissi oyadır. ABŞ üçün Azərbaycanla münasibətlərin qorunub-saxlanılması, təkcə bu ölkənin Cənubi Qafqazdakı maraqları baxımından əhəmiyyətli deyil. Ölkəmiz təkcə coğrafi baxımdan deyil, həm də etnososial və etnomədəni aspektdən də Mərkəzi Asiyaya, Türk dünyasına açılan qapıdır. Azərbaycanlıların ortaq dəyərlərə sahib 50 milyonluq nəhəng bir xalq olduğu nəzərə alınarsa, Ön və Mərkəzi Asiya regionuna xalqımızın rəyi nəzərə alınmadan heç bir ölkənin nüfuz etməsi mümkün deyil. Bu aspektdən, indiki halda Azərbaycana qarşı tamamilə ədalətsiz bir mövqedən çıxış edərək birbaşa və proksidövlətlər vasitəsilə hücum kampaniyaları başladan tərəf gec ya tez geri çəkilmək və münasibətlərin normallaşması üçün konkret addımlar atmaq məcburiyyətində qalacaq”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR