Onlayn ictimai-siyasi qəzet
Donald Tramp Avropaya yüksək rüsumlar tətbiq etdiyi bir məqamda ABŞ Kənd Təsərrüfatı Nazirliyi(USDA) yumurta qiymətlərinin bahalaşmasının qarşısını almaq üçün Avropa istehsalçılarından məhsul göndərilməsini xahiş edir.
Musavat.com "Euractiv" nəşrinə istinadən xəbər verir ki, nazirlik martın əvvəlindən bəri Almaniya, İspaniya, Fransa, Hollandiya, İtaliya və digər ölkələrdəki istehsal qruplarına müraciət edib.
Avropa İttifaqının yumurta istehsalçıları sənayesinin rəhbəri, Danimarkadan olan Yorgen Nyuberg Larsen bildirib ki, ABŞ KTN demək olar ki, bütün Avropa ölkələrindən yumurta tədarükü istəyib. İlk müraciət fevralın sonlarında olub: USDA-nın Haaqadakı ofisi potensial təchizatla bağlı Avropa ölkələrinə müraciət edib. Martın əvvəlində USDA hər bir ölkənin təmin edə biləcəyi həcmləri müəyyənləşdirmək üçün sorğu göndərib.
Finlandiya yumurta tədarük etməkdən imtina etsə də, digər ölkələr kömək etməyə hazırdır. Türkiyə qiymətləri aşağı salmaq üçün ABŞ-a 15 min ton yumurta tədarük etməyə razılaşıb. Digər ölkələr ilk növbədə Aİ istehlakçıları üçün tədarükün təmin edilməsinə diqqət yetirir. Bundan əlavə, ABŞ-da yumurta satışa çıxarılmazdan əvvəl yuyulur ki, bu da Aİ-nin əksər ölkələrində qadağan olunub.
Qeyd edək ki, Azərbaycan da ABŞ-a yumurta tədarük etməyə başlayıb. Azərbaycanın ən böyük yumurta istehsalçılarından biri olan Giləzi Quşçuluq ABŞ-a ixrac üçün zəruri olan sertifikatlaşmanı keçərək ixrac icazəsi alıb. Məhsul ABŞ-a Türkiyə üzərindən göndərilir.
Xatırladaq ki, yumurta qiymətlərində 2024-cü ildən başlanan kəskin bahalaşma prezident seçkiləri kampaniyasının əsas mövzularından birinə çevrilib. Trampın komandasında olan milyarder İlon Mask Bayden hakimiyyətini toyuqları “qırmaq”da və yumurta böhranına səbəb olmaqda ittiham edib.
Musavat.com
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ