Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq mediada belə xəbərlər var: “Roman Abramoviçin sahib olduğu “Çelsi” klubunun satışından əldə edilən vəsait hələ də Ukraynaya köçürülməyib”.
Bu, o deməkdir ki, yəhudi mənşəli rusiyalı milyarderin klubu satlığa çıxarılıb, 5.36 milyard dollara satılıb, amma sahibinə bir funt da verməyib, hamısını müsadirə ediblər və indi bölürlər: 3,15 milyard dollar klubun özü üçün nəzərdə tutulub, 2,21 milyard dollar isə ya Ukraynaya veriləcək, ya da ukraynalı qaçqınlara.
Bəs bu milyardların sahibinin özü haradadır, nə edir, rusiyalı milyarderlərə, Putinə yaxın olan bizmesmenlərə tətbiq edilən sanksiyalardan necə yayınır?
Məlumdur ki, Ukraynada müharibə başlayandan sonra Avropa İttifaqı ölkələrinin, o cümlədən ABŞ-ın təsir dairəsinə olan dövlətlərin (Kanada, Avstraliya, Yeni Zelandiya) rusiyalı iş adamlarına tətbiq etdiyi sanksiya siyahısında Abramoviçin də adı var.
Hazırda 56 yaşı olan Roman Abramoviç 1966-cı Saratovda doğulub. Necə deyərlər, yetim oğlan olub, 1 yaşı olanda anası, 3 yaşı olanda atası ölüb. Ona əvvəlcə Komidə yaşayan əmisi Leyba, 8 yaşından sonra isə Moskvada yaşayan o biri əmisi Abram baxıb. Onlar Romanı oxudublar, böyüdüblər.
Gələcəyin milyarderi pul qazanmağa lap erkən yaşlarından başlayıb, hərbi xidmətdən sonra fəhləlik edib, mexanik işləyib, sovet dövrünün axırlarında polimer oyuncaqlar düzəldib, satıb, kooperativ açıb.
1980-ci illərin əvvəllərində Abramoviç kiçik bizneslə (istehsal, vasitəçilik və ticarət əməliyyatları) məşğul olub, sonradan neft ticarəti fəaliyyətinə keçib. Daha sonra o, Boris Berezovski və Rusiya prezidenti Boris Yeltsinin ailəsi ilə yaxın olub.
Ondan sonra gənc bizmesmenin işləri daha da yavər gedib, Hər iki Abramoviç (Boris Abramoviç və Roman Abramoviç) əl-ələ verərək neft emalı zavodu yaradıblar və 1995-ci ilin avqustunda prezidentin fərmanı ilə yaradılmış “Sibneft” şirkətində birləşiblər.
1995-ci ilin əvvəlində 28 yaşlı Abramoviç Boris Berezovski ilə birlikdə Rusiya neftindən milyonlar qazanmağa başlayıb. 1996-cı ilin iyununda Roman Abramoviç "Noyabrskneftegaz" ASC-nin direktorlar şurasına daxil olub, eyni zamanda “Sibneft”in Moskva ofisinə rəhbərlik edib. 1996-cı ilin sentyabrında o, səhmdarlar tərəfindən “Sibneft”in direktorlar şurasına seçilib.
Beləcə, 15 il əvvəl əmi himayəsində yaşayan yetim oğlan 1999-cu ildə 1.3 milyard dolların sahibi olub.
1998-ci ilin noyabrında Abramoviç ilk dəfə medianın diqqət mərkəzinə düşüb. O vaxta qədər onun fotoşəkilləri belə yox imiş. Prezident Yeltsinin baş mühafizəçisi vəzifəsindən çıxarılan Aleksandr Korjakov onu prezidentin yaxın ətrafının, “ailə”nin, Yeltsinin qızı Tatyana Dyaçenkonun və prezident administrasiyasının rəhbəri Valentin Yumaşevin (sonralar Tatyananın əri) xərclərini Abramoviçin ödədiyini, Yeltsinin seçki kampaniyasını (1996-cı il) maliyyələşdirdiyini və hökumətin təyinatlarında lobbiçilik etdiyini deyib.
1999-cu ildə o, Çukotka birmandatlı seçki dairəsidən seçilərək, Dövlət Dumasının deputatı olub. 2000-ci ilin dekabrında Çukotka Muxtar Dairəsinin qubernatoru vəzifəsinə seçilib və Dövlət Dumasını tərk edib.
Əslində Abramoviçin Çukotkadakı qubernotorluğu somvolik olub. O, aylarla muxtar vilayətə getməyib, bütün işləri onun əvəzindən müavinləri görüb. Maraqlıdır ki, özü dəfələrlə xahiş etsə də, president Putin onu qubernator vəzifəsindən azad etməyib, vadar edib ki, o, Çukotkanın infrastrukturuna pul xərcləsin. Digər qubernatorlardan fərqli olaraq Abramoviç “quberniya”sından pul qazanmayıb, ona pul xərcləyərək, ziyana düşüb. Yalnız 2008-ci ilin iyulunda prezident Dmitri Medvedyev Abramoviçin qubernator səlahiyyətlərinə vaxtından əvvəl “öz xahişi ilə” xitam verib.
Abramoviçin iş həyatı qalmaqallarla, çəkişmələrlə müşayiət olunub. Onun sürətlə varlanmasına müxtəlif maxinasiyaların, korrupsiyanın, şübhəli sazişlərin yol açdığı barədə iddialar irəli sürülüb, araşdırmalar aparılıb, amma beli hər zaman Kremlə bağlı olan Abramoviçə batan olmayıb. Onunla toqquşan bütün iş adamları, məmurlar, jurnalistlər, hüquq müdafiəçiləri mütləq uduzublar. (Hətta Baş Prokurorluğun apardığı əməliyyatların kompüter təhlili göstərib ki, Roman Abramoviç əmtəə bazarında spekulyasiyada iştirak edib və bu, 1998-ci ildə defoltun səbəblərindən biri olub).
Abramoviç təkcə neft sahəsini inhisara alması ilə kifayətlənməyib, alüminium sənayesi işinə də girişib Həmin vaxt bu sənayenin özəlləşdirilməsi ilə bağlı ölkədə “alüminium müharibəsi” gedirmiş, metallurgiya zavodlarının rəhbərləri, metal alverçiləri, bu sahədəki neqativ işlərdən yazan jurnalistlər öldürülürmüş. Sonda Abramoviç “alüminium müharibələri”nin qalibi olub. Abramoviçin sərvəti ilə bağlı araşdırma aparan BBC müxbiri Con Svini qeyd edib ki, Abramoviç alüminium sənayesinin zirvəsində olduqdan sonra qətllər dayandı.
Abramoviçin “Çelsi” və İngiltərə macərası daha maraqlıdır. O, 2003-cü ilin yayında İngiltərənin müflis olan "Çelsi" futbol klubunu satın alıb, klubun borclarını ödəyib və komandanı bahalı oyunçularla təmin edib. Buna görə Abramoviç həm İngiltərədə, həm də Rusiyada çox tənqid olunub. Rusiyada onu ölkənin pullarını xaricə yatırmaqda ittiham ediblər.
“Çelsi” məhz Abramoviçin klubu olduğu dönəmdə tarixində ilk dəfə, 19 may 2012-ci ildə finalda “Bavariya”ya penaltilər seriyasında qalib gələrək UEFA Çempionlar Liqasının qalibi olub. Ondan sonra “Çelsi” İngiltərə çempionatı ilə yanaşı, dünya futbolunun lider komandalarından biri sayılır.
Ancaq Rusiya Krımı işğal və ilhaq edəndən sonra Avropada ruslara, o cümlədən rus biznesmenlərə münasibətin dəyişməsi Abramoviçin də biznesinə və həyatına mənfi təsir göstərib. O, özünün və ölkəsinin başına gələcəkləri öncədən bilərək hələ 2018-ci ildə İsrail vətəndaşlığı alıb, 2021-ci ilin aprelindən isə Portuqaliya vətəndaşıdır. 2022-ci ilin əvvəlində bu vətəndaşlığın əldə edilməsi Portuqaliya hüquq-mühafizə orqanları tərəfindən araşdırma predmetinə çevrilsə də, fakt odur ki, o, Portuqaliyanın ən varlı adamıdır. Yəqin ki, bunu nəzərə alan portuqallar digər “qaçqın milyarderlər”i ürkütməmək üçün həmin təhqiqatı “həpi end”lə bitirəcəklər.
Milyarderlərin pulunu sayan “Forbes jurnalının yazdığına görə, 2021-ci ildə Abramoviçin sərvəti 14,5 milyard dollar olub, Rusiyanın ən zəngin iş adamları reytinqində 12-ci, Böyük Britaniyanın ən varlı sakinlərinin bənzər reytinqində 9-cu yeri tutub. Ancaq 2022-ci il martın 10-da Britaniya hökuməti Abramoviçi sanksiyalar siyahısına “Rusiyanın ən zəngin və güclü yeddi oliqarxı”ndan biri kimi daxil edib. Abramoviçin sanksiyalar siyahısına daxil edilməsi belə izah olunub: “O, Rusiyadan olan azsaylı oliqarxlardan biridir. Putinin dövründə statusunu qoruyub saxlayıb”.
2009-cu ildən sonra Abramoviçin mülkiyyətində aşağıdakı daşınmaz əmlaklar olub: Qərbi Sasseksdə 28 milyon funt sterlinqlik villalar, Kensingtonda 29 milyon funt-sterlinq penthaus, Fransada 15 milyon funt sterlinqə alınmış evlər, 11 milyon funt-sterlinqlik Belqraviyada 5 mərtəbəli malikanə, Naytsbricdə altı mərtəbəli, 18 milyon funt sterlinqlik kottec, Sent-Tropezdə 40 milyon funt sterlinqə evlər, 8 milyon avroluq şəhərətrafı bağlar və s.
Abramoviç dünyada dəbdəbəli yaxtalar sahibi kimi də tanınır. Qərb mətbuatında onları “Abramoviç donanması” adlandırırlar. Milyarderin "Eklips" adlı yaxtasının qiyməti 340 milyon avrodur. Uzunluğu 115 metr olan və qiyməti 100 milyon avro olan "Luna" ən böyük ekspedisiya yaxtasıdır və lazım gələrsə, “Eklips”i əvəz etmək nəzərdə tutulur. 50 metrlik "Sussurro" yaxtası hazırda daimi olaraq Antibesdə yerləşir və müşayiət gəmisi kimi istifadə olunur.
Onun həmçinin 50 metr dərinliyə dala bilən mini sualtı qayığı da var. Abramoviç bundan əvvəlki yaxtalarını – “Pelorus”u David Qiffenə 300 milyon dollara satıb, “Le Grand Bleu”nu Yevgeni Şvidlerə (o, Abramoviçin gənclik dostudur, birlikdə oyuncaq düzəldib satıblar) bağışlayıb. Onun sahibi olduğu “Ekstaz” adlı yaxta isə adı açıqlanmayan alıcıya satılıb.
Milyarderin hava gəmiləri də var: 56 milyon funt sterlinq dəyərində biznes sinif təyyarəsi Boeing 767-33A(ER), 28 milyon funt-sterlinqlik “Boeing” biznes sinfi, “Airbus” A340-313X, 35 milyon funt sterlinq dəyərində üç “Eurocopter” helikopteri.
2004-cü ildə Abramoviç 1 milyon funt-sterlinq dəyərində iki “Maybach 62” zirehli limuzini alıb. O, həmçinin 2,2 milyon dollarlıq “Ferrari FXX” (cəmi 30 ədəd istehsal edilib), “Bugatti Veyron”, “Maserati MC12 Corsa”, “Ferrari 360” və “Porsche Carrera GT”-nin sahibidir.
“The Sunday Times” tərəfindən 2007-ci ildə yayımlanan məlumata görə, Abramoviçin Böyük Britaniyadakı şəxsi cangüdəni təxminən 20 təhlükəsizlik mütəxəssisidir, eyni sayda mühafizəçi onu yaxta səfərlərində və xarici səyahətlərdə müşayiət edir.
Abramoviç üç dəfə evlənib. Onun birinci həyat yoldaşı əslən Həştərxandan olan Olqa Yuryevna Lısova (1963 və ya 1964-cü il təvəllüdlü), ikinci həyat yoldaşı İrina Vyaçeslavovna Abramoviç (1967-ci il təvəllüdlü) olub, üçüncü Darya Jukovadır. Abramoviçin İrina ilə evliliyindən beş övladı var.
Maraqlıdır ki, dünya milyarderlərin sevimli məkanı və son sığınacaq yeri olan İsveçrə 2016-cı ildə Abramoviçə yaşayış icazəsi verməyib. Nəticədə Abramoviç 2017-ci ilin iyununda ərizəsini geri götürüb. İndi o, əsasən Portuqaliyada yaşayır.
Belə bir adamın 5 milyardlıq klubunu əlindən alıblar, amma özünün vecinə də deyil. Hər halda, Abramoviç “Çelsi”yə görə vaysınmır, bəlkə də şükür edir ki, digər rusiyalı milyarderlərlə müqayisədə daha az ziyana düşüb.
Araz Altaylı, Musavat.com
10 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ