Onlayn ictimai-siyasi qəzet
Rusiyalı iş adamı Roman Abramoviç artıq futbol klublarına sahib olmaq niyyətində olmadığını açıqlayıb.
Musavat.com xəbər verir ki, Abramoviç bu barədə "Daily Mail"ə müsahibəsində danışıb.
O, bundan sonra futbolda yalnız sosial layihələr səviyyəsində iştirak edə biləcəyini deyib:
“Bəlkə də mən futbol akademiyaları və gənclərlə işləməyə kömək edə bilərəm, çətin şəraitdə yaşayan ailələrin övladları üçün imkanlar yarada bilərəm. Amma futbol klubuna sahib olmaq və ya peşəkar funksiyada iştirak etmək məsələsinə gəlincə, bu, mənim üçün artıq bitib”, – deyə Abramoviç bildirib.
O, “Çelsi” klubu ilə bağlı suala da münasibət bildirib:
“Bəlkə bir gün elə bir fürsət yaranar ki, oyuna baxmağa gedərəm və kluba lazımınca vida edə bilərəm. Amma bundan artıq heç nə gözləməyin”, – o deyib.
Qeyd edək ki, iş adamı 2003-cü ildə “Çelsi”ni alıb və 2022-ci ilə qədər klubun sahibi olub. Abramoviç ona qarşı tətbiq olunan sanksiyalar səbəbindən klubu satmaq məcburiyyətində qalıb.
2022-ci ilin may ayında klub amerikalı investor Todd Bovleynin rəhbərlik etdiyi konsorsiuma 4,25 milyard funta satılıb. Bundan sonra Abramoviçin göstərişi ilə klubun satışından əldə edilən bütün gəlirləri almaq üçün xeyriyyə fondu yaradılıb. Onların bir hissəsinin, yəni 2,5 milyard funt-sterlinqin Ukraynadakı döyüşlərdən zərər çəkənlərə kömək üçün istifadə olunacağı, qalan 1,75 milyard funt-sterlinqin isə “Çelsi”nin inkişafına sərf ediləcəyi güman edilirdi. Lakin artıq 3 ildir ki, tərəflər - Britaniya hökuməti və iş adamı vəsaitlərin bölüşdürülməsi ilə bağlı razılığa gələ bilmirlər. Kompromis əldə etmək mümkün olmadığı üçün Britaniya hakimiyyəti məhkəməyə müraciət etmək niyyətini açıqlayıb. Abramoviç bildirib ki, Britaniya hökumətinin ona qarşı irəli sürdüyü ittihamlar onu yayındırmayacaq.
Musavat.com
11 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ