İnsanlara hürriyət, millətlərə istiqlal!

Abbas Abbasovun oğlunun şirkəti ilə bağlı məhkəmə başladı

Təqsirləndirilən şəxslər deyirlər ki, cinayət işinin başlamasının arxasında Aydın Abbasovla  sabiq baş prokuror Zakir Qaralov durur

Bakı Şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin sabiq inspektoru Ramin Talıbovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Samir Kərimov bir neçə vəsatətlə çıxış edib.

Bildirib ki, Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə əsasən, məhkəmə istintaqının aparılmasından əvvəl cinayət prosesi tərəflərinin vəsatət verməsi və həmin vəsatətlərin həlli məsələsinə baxılmalıdır. Samir Kərimov barəsində olan cinayət işi üzrə özünü təqsirli bilmədiyini məhkəmənin diqqətinə çatdırıb, xahiş edib ki,  şahidlərin dindirilməsi başa çatdıqdan sonra təmin olunsun.

O, həmçinin iş üzrə şahid qismində tanınmış Hindistan vətəndaşlarının beynəlxalq ədalət mühakiməsi çərçivəsində həmin ölkənin məhkəmə hüquqları ilə dindirilməsini, onların videokonfrans formatında üzləşdirilmələrinin həyata keçirilməsini istəyib.

Bundan başqa, sabiq müstəntiq çalışdığı dövrdə Yasamal Rayon Polis İdarəsi 28-ci polis bölməsinin rəisi olmuş Ülvi Allahyarovun hansı ölkədə olmasının müəyyən edilməsini, iş üzrə dindirilməsini, onunla üzləşdirilməsinin təmin olunmasını da məhkəmədən xahiş edib. Samir Kərimov bildirib ki, Hindistan vətəndaşlarının dindirilməsi zamanı tərcüməçi olub. O deyib ki, həmin tərcüməçinin şəxsiyyəti müəyyən olunsun və məhkəmədə dindirilsin. Digər bir tərcüməçi Kamran Muradovun ali təhsilli tərcüməçi olmasına dair diplomunun olmasının müəyyənləşdirilməsi üçün araşdırma aparılmasını da xahiş edib. Kamran Muradovun ingilis dili  biliyi yoxlanılmasının da işin obyektiv araşdırılması üçün zəruri olduğunu açıqlayıb. Cinayət işi üzrə istintaq aparan müstəntiq Nurəddin Qasımovun məhkəmədə dindirilməsini istəyib.

 

Samir Kərimovun digər vəsatəti isə baş nazirin sabiq 1-ci mavini Abbas Abbasovun oğlu Aydın Abbasovun məhkəmədə əlavə şahid qismində çağırılaraq dindirilməsi ilə bağlı olub. Onun vəkili Kamandar Nəsibov isə müdafiə etdiyi şəxsin verdiyi vəsatətlərin təmin olunmasını istəyib. Yerində müşavirə keçirən hakim heyəti Samir Kərimovun vəsatətini qismən təmin edib. Hakimin səsləndirdiyi qərarda qeyd olunub ki, təqsirləndirilən şəxsin şahidlərinin dindirilməsindən sonra ifadə verməsi ilə bağlı vəsatəti təmin olunub. Vəsatətin digər hissələri isə təmin olunmayıb. Digər təqsirləndirilən Ramin Talıbovun vəkili də vəsatətlə çıxış edib. O bildirib ki, cinayət işi üzrə əsas şahidlərdən sonra müdafiə etdiyi şəxsin dindirilməsi təmin olunsun. Məhkəmə vəkilin bu vəsatətini də təmin edib.

Daha sonra hakim məhkəmə istintaqının başlanıldığını elan edib və ittiham aktının elan edilməsi üçün sözü prokurora verib. Prokuror cinayət işi üzrə ittiham aktını elan edib.

İttihama görə, Bakı Şəhər Prokurorluğunun müstəntiqi Samir Kərimov və sahə inspektoru Talıbov Yasamal rayonunda hindistanlılardan 300 min dollar pul tələb ediblər, son nəticədə 20 min manat alıblar. Əcnəbilərin keyfiyyətsiz məhsulları əhaliyə satmağa görə hədələndiyi, cinayət məsuliyyətinə cəlb olunmamaq üçün onlardan pul alındığı ittihamda yer alır.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. İttihama münasibət bildirən hər iki təqsirləndirilən şəxs özlərini təqsirli bilməyiblər. 

Vəkil Kamandar Nəsibov deyib ki, məhkəmə istintaqının aparılması ilə bağlı məhkəmənin özünün çıxardığı qərar var. Vəkilin sözlərinə görə, tələbləri ondan ibarətdir ki, saxta cinayət işi üzrə adı keçən Hindistan vətəndaşlarının və Abbas Abbasovun oğlu Aydın Abbasovun məhkəmədə dindirilməsi əvvəlcə təmin olunsun: “Aydın Abbasovun göstərişi əsasında bu cinayət işi başlanıb. Onun sifarişi ilə prokurorluq və daxili işlər orqanlarına ləkə vurulmaq məqsədilə bu iş qurulub. Cinayət işi başlanılmamışdan əvvəl Aydın Abbasov Zakir Qaralovun yanında olub, onun göstərişi ilə bu cinayət işi başlanılıb. Biz hesab edirik ki, Hindistan vətəndaşları burada dindirilməlidir. Bundan sonra təqsirləndirilən şəxs ifadə verəcək”.

Hakim qeyd edib ki, əvvəlcə şahidlərin dindirilməsi həyata keçiriləcək, daha sonra təqsirləndirilən şəxslər ifadə verəcək, sonda isə işdə olan sübutlar araşdırılacaq.

Növbəti proses noyabrın 14-də davam edəcək.

Xatırladaq ki, Hindistan vətəndaşlarının işlədiyi şirkət baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun oğlu Aydın Abbasova məxsus olub. Samir Kərimov həbsinə görə keçmiş deputat Aydın Abbasovu günahlandırıb. O iddia edib ki, barəsindəki cinayət işi Abbasovun yalan şikayəti əsasında başlanıb. Söhbət Aydın Abbasova məxsus şirkətin hindistanlı işçilərindən rüşvət alınması haqda şikayətdən gedir. Cinayət işinin materialları arasında keçmiş deputatın prokurorluğa məktubu da var. Rüşvət alındığı iddia olunan hindistanlılar da deyiblər ki, işlədikləri yuyucu toz istehsalı və satışı ilə məşğul olan şirkət Aydın Abbasova məxsus idi. Bir müddət sonra müstəntiqin əməlinin üstü açılıb, o, prokurorluq orqanlarından xaric olunub. Həmin vaxtdan isə Samir Kərimov ölkəni tərk edib. Faktla bağlı Samir Kərimov və Ramin Talıbov barəsində cinayət işi açılıb. Samir Kərimov ölkədə olmadığı üçün barəsində həbsli axtarış elan olunub. Ramin Talıbov isə zaminə buraxılıb.

Sabiq müstəntiq prokurorluqdan çıxandan sonra Rusiyaya gedib, xeyli müddət orada yaşayıb. 2022-ci ilin yayında Azərbaycana qayıdıb. O, şəxsiyyət vəsiqəsini yeniləməkdən ötrü “ASAN Xidmət”ə gedib, ertəsi gün isə saxlanılıb.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR