Onlayn ictimai-siyasi qəzet
HƏMAS-ın 2023-cü ilin 7 oktyabr tarixində İsrailə qarşı həyata keçirdiyi hücumun əsas motivi ortaya çıxıb.
Musavat.com xəbər verir ki, “Wall Street Journal” (WSJ) qəzetinin yaydığı sensasion məlumatlara görə, İsrail ordusu tərəfindən Qəzza zolağında yeraltı tuneldə aşkar olunan sənədlər bu hücumun illərlə planlaşdırıldığını və siyasi məqsədlər güddüyünü təsdiqləyir.
Mənbəyə görə, İsrail əsgərləri Qəzza zolağında HƏMAS-a məxsus bir tuneldə ələ keçirdikləri sənədlər vasitəsilə bu hücumun iki il ərzində planlaşdırıldığını və Yaxın Şərqdəki diplomatik normallaşma proseslərini pozmağa yönəldiyini üzə çıxarıblar.
Əldə olunan məlumatlarda bildirilir ki, HƏMAS lideri Yəhya Sinvar Səudiyyə Ərəbistanı ilə İsrail arasında baş tutmaqda olan normallaşma danışıqlarını sabotaj etmək və bölgədə İranın rəhbərlik etdiyi anti-İsrail blokunun maraqlarını qorumaq məqsədilə bu hücuma yaşıl işıq yandırıb.
WSJ qeyd edir ki, İran və ona bağlı silahlı qruplar – yəni “proxy qüvvələr” – Orta Şərqdə gedən normallaşma prosesindən narahatdır. Xüsusilə İsrailin Ərəb ölkələri ilə, eləcə də Türkiyə ilə yaxınlaşması, bu güclər tərəfindən strateji təhlükə kimi dəyərləndirilir və 7 oktyabr hücumu məhz bu istiqamətdə bir cavab addımı kimi hazırlanıb.
Qeyd edək ki, 7 oktyabr hücumunda HƏMAS qüvvələri İsrailin cənub bölgələrinə qəfil hücumlar həyata keçirmiş, nəticədə yüzlərlə insan həyatını itirmiş və bölgədə yeni müharibə dalğası başlamışdı. Bu hücumdan sonra İsrailin cavab zərbələri nəticəsində Qəzza zolağında minlərlə insan həlak olub, on minlərlə insan evsiz qalıb.
Yeni sənədlər, bu hücumun spontan bir hərbi əməliyyat deyil, genişmiqyaslı və siyasi məqsədli planın bir hissəsi olduğunu göstərir. İsrail mediası və ABŞ rəsmiləri də bu iddiaları ciddi araşdırmağa başladıqlarını açıqlayıb.
Musavat.com qeyd edir ki, bölgədəki normallaşma cəhdlərinin pozulması yalnız İsrail-Ərəb münasibətlərinə deyil, eyni zamanda Türkiyə-İsrail münasibətlərinə də mənfi təsir göstərə bilər. Ankara ilə Təl-Əviv arasında son illərdə yenidən qurulmağa başlayan əlaqələrin bu cür hücumlar nəticəsində yaranan gərginliklər fonunda nə qədər davamlı olacağı sual altındadır.
Musavat.com
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ