Onlayn ictimai-siyasi qəzet
Bakı şəhərində ilkin olaraq 65 binanın sökülməsi planlaşdırılıb. Söküləcək binaların bir çoxu qəzalı vəziyyətdədir.
Musavat.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti tərəfindən Bakı şəhəri İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlarla birgə işçi qrupu yaradılıb.
Bakıda siyahıya alınan 130 binadan 65-i ilə bağlı sənədlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib. Hazırda komitə digər yerli qurumlarla birgə invertallaşdırma işləri aparır. Söküləcək binalarda mənzillərin sayı, onların sahəsi və nə qədər sakinin yaşaması ilə bağlı dəqiqləşdirmə işləri aparılır. Bu binaların sakinlərinin əksəriyyəti maliyyə vəsaiti ödənilməklə köçürüləcək. Bina sakinləri mənzilləri müqabilində kompensasiya alaraq evlərini tərk edəcəklər.
Bakının təsdiqlənmiş Baş Planına əsasən, ilkin mərhələdə söküləcək binalar Binəqədi, Xətai, Nizami, Nəsimi, Sabunçu və Səbail rayonlarında yerləşir. İnvertallaşdırma işləri başa çatan kimi Nazirlər Kabinetinin qərarı açıqlanacaq. Bu qərardan sonra ən qısa zamanda, hətta il ərzində binaların sökülməsi və əhalinin də köçürülməsi nəzərdə tutulub. Evləri plana düşən sakinlərə kompensasiya məbləği ilə bağlı yekun qərar da açıqlanacaq. Buna qədər plana düşən evlərin sahiblərinə 2 min manat civarında kompensasiya verilirdi. Nazirlər Kabinetinin verəcəyi qərara uyğun olaraq kompensasiyanın məbləği məlum olacaq. Bu məsələdə binaların hansı ərazidə yerləşməyi də nəzərə alınacaq. İkinci mərhələdə Bakı şəhəri üzrə 60-dan çox binanın da sökülərək yerində yeni binaların tikiləcəyi gözlənilir. Hazırda yeni tikiləcək binalarla bağlı tikinti şirkətləri ilə bağlı danışıqlar aparılır.
Qeyd etmək yerinə düşər ki, binaların sökülməsi ilə bağlı xəbərlər uzun müddətdir ki, müzakirə edilir. Artıq paytaxtda sökülüb, yenisi ilə əvəz edilən binalar da var. Amma bu işlərin çox ləng aparıldığı bildirilir.
Qəzalı binalarda yaşayan sakinlər dəfələrlə Musavat.com-a şikayət edib, narahat olduqlarını dilə gətiriblər. Sonuncu belə müraciət “Kubinka” deyilən ərazidə yaşayan sakinlərdən olub. Onların sözlərinə görə, aidiyyəti qurumlara müraciət etsələr də, binada söküntü işlərinə hələ də başlanılmayıb. Bu prosesin yubanmasına səbəb kimi isə sakinlərə verilən kompensasiyanın az olması gətirilir. Özəl şirkətlərdən əldə etdiyimiz məlumata görə, bu cür mübahisələrə görə əksər binaların sökülməsi və yenisi ilə əvəz olunması işindən imtina ediblər.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı fikirlərini Musavat.com-a açıqlayıb:
“Hazırda tikinti işlərini özəl sektor apardığına görə, vətəndaşlara kompensasiya olaraq pul ödəmək böyük maliyyə hesabına başa gəldiyi üçün onlar bu işdə maraqlı deyillər. Təqribən bir dördbloklu, beşmərtəbə “Xruşovka” layihəli binada mənzillərin sayı 60-dır. Hazırda biz nəzərə almalıyıq ki, daşınmaz əmlakların qiymətlərində kəskin artımlar var. Ən ucuz bir otaqlı “Xruşovka” ev şəhərin mərkəzinə yaxın ərazilərdə minimum 90 min manatdan başlayır. İkiotaqlılar təqribən 135 min manatdan, üçotaqlılar isə 150-160 min manatdan başlayır ki, bu da bir binanın köçürülməsi üçün milyonlarla vəsait ayrılmasına gətirib çıxarır.
Tikinti şirkətləri üçün vətəndaşlara kompensasiya olaraq bu qədər böyük məbləğ ödəməkdənsə, hər hansı ərazidə boş sahə alaraq tikmək daha əlverişlidir. 60-dan yuxarı çoxmənzilli binaların sökülərək kompensasiya ödənilməsi tikinti şirkətləri üçün əlverişli deyil. Yəqin ki, bir, ya ikimərtəbəli fərdi yaşayış binalarından ibarət yaşayış massivləri ola bilər ki, onlara kompensasiya ödənilə bilər. Böyük ehtimalla bu köçürmələr dövlət ehtiyatında olan torpaqlar ola bilər ki, vətəndaşlara da həmin kompensasiyalar ödənilə bilər”.
Ekspert bildirib ki, hazırda vətəndaş müraciəti əsasında qəzalı binaların sayı kifayət qədər çoxdur:
“Paytaxt ərazisində qəzalı binaların sayı 150-dən çoxdur. Lakin ümumi monitorinq aparılsa, qəzalı binaların sayı yüzlərlə ola bilər. O baxımdan daha çox ərazisindən asılı olmayaraq ən çox qəzalı vəziyyətdə olan bina sökülməlidir. Bu binaların hər biri sökülə bilmədiyinə görə, qəzalı vəziyyətdə olan binalar söküləcək günə qədər həmin binalarda təmir-bərpa işləri aparılaraq möhkəmliyi qorunmalıdır, nə vaxtsa onlar sökülərsə, o zamana qədər binalarda dağıntı, uçqun baş verməsin”.
Afaq Mirayiq,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ