Onlayn ictimai-siyasi qəzet
Partiya sədri: “Rusiya bununla ona “bizə sığın, bizim Köçəryan ol” mesajını vermək istəyib”
İyunun 1-də Ermənistanın baş naziri Nikol Paşinyan 50 yaşını tamamlayıb. Bu münasibətlə onu təbrik edənlər arasında Rusiya Prezidenti Vladimir Putin və baş nazir Mixail Mişustin də olub. Putin ona həm təbrik məktubu göndərib, həm də zəng edib. İki ölkə arasında əlaqələrin inkişafına sadiq qalmağın vacibliyini vurğulayıb. Yəni Kreml başçısı bununla əslində Paşinyanı Ermənistanın Rusiya orbitində saxlamağa çağırıb.
Putin adətən Robert Köçəryana doğum günlərində şəxsən zəng edir. Paşinyana ilk dəfədir zənglə təbrikini çatdırır. Bu zəngin siyasi mesajları nələrdir? Bəs Ermənistan rəhbərinin yubiley ilindəki seçimi, qərarı nə olacaq?
Axı kapitulyant ölkə Rusiya orbitində qalmaqla nə inkişafa və rifaha nail ola bilib, nə də öz təhlükəsizliyini təmin edib. Bu xüsusda yubiley ilində yaxşı olmazmı Paşinyan, nəhayət, Bakı ilə sülh sənədi üzrə işləri yekunlaşdırsın və sənəd imzalansın?
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Putinin zənginin siyasi anlamı var. Onun fikrincə, Kreml lideri bununla mesaj verib ki, Ermənistanın Rusiyanın nəzarətində olmaqdan başqa çıxış yolu yoxdur. Partiya sədrinin sözlərinə görə, əslində Paşinyan bilir ki, Ermənistan Rusiyanın yanında olanda da Azərbaycanın öz torpaqlarını azad etmək mübarizəsinə Moskva mane ola bilmədi: “Sergey Lavrovun ötən ay Ermənistana səfər etməsindən sonra Paşinyana Rusiyadan ən yüksək səviyyədə yubiley təbrikinin edilməsi gözlənilən idi. Rusiya bununla həm də Paşinyana "bizə sığın, bizim Köçəryan ol" kimi mesaj da vermək istəyib. Lakin dediyimiz kimi, Paşinyan Rusiyaya sığınmanın heç də xilas yolu olmadığını bilməmiş deyil. Ermənistanın çıxış yolu Azərbaycana sülh sazişini imzalamaq və bundan sonra Azərbaycanla, Türkiyə ilə əlaqələr qurmaqdır".
A.Nağı deyib ki, ermənilər bunu başa düşmədikcə Rusiya da Ermənistanı tam şəkildə öz orbitinə qaytarmağa çalışır: “Putin həm də görür ki, Tramp hakimiyyətə gələndən bəri ABŞ Ermənistana əvvəlki marağı göstərmir. Ona görə də Paşinyana mesaj göndərir ki, biz varıq. Paşinyanın get-gedə ortada sahibsiz qalan fiqura çevrildiyini hiss edən Rusiya ona qarmaq atır. Bu, Paşinyana xüsusi bir münasibətin, hörmətin göstəricisi deyil. Rusiya öz maraqlarını həyata keçirməyə çalışır. Paşinyanın necə reaksiya verəcəyini isə zaman göstərəcək”.
Paşinyanın Azərbaycanla sülh sazişini məhz yubiley ilində imzalamaqda maraqlı olub-olmadığına gəlincə, A.Nağının fikrincə, erməni baş nazir səmimidirsə və gücü çatsa, bu istiqamətdə müsbət addımlar ata bilər: “Lakin hələlik Paşinyan sanki vaxt qazanmaq taktikasını davam etdirir. Bu yol isə uğurlu yol deyil. Paşinyan və ətrafının verdiyi açıqlamalarla əməlləri üst-üstə düşmür. Paşinyan Putinin təbrik zəngindən arxayınlaşıb sülh sazişi məsələsini yenə də uzatsa Ermənistan üçün böyük pislik etmiş olacaq”.
Mütəllim Rəhimli
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli isə bildirib ki, Rusiya prezidenti özünə yaxın şəxslərə münasibətini heç vaxt gizlətməyib: “Eks-prezidentlərdən Robert Köçəryana, Nursultan Nazarbayevə necə dəstək olduğunu zaman-zaman görürük. Bütün bunlar Rusiyanın siyasi maraqlarına xidmət edir. Paşinyanı təbrik etməsi isə düşünürəm ki, onun 9 May qələbə paradında iştirakına cavabdır. Paşinyanın Moskvanın dəvətini qəbul etməsi Putini məmnun etmişdi. Ona görə də zəng edərək Paşinyanı yubileyi münasibətilə təbrik edib. Bu həm də onu Rusiyanın təsir dairəsində saxlamağa hesablanıb. Müşahidələr göstərir ki, Paşinyan bəyanatlarında nə qədər qərbyönümlüdürsə, hərəkətlərində bir o qədər rusiyapərəst görünür”.
Ə.Rəhimli qeyd edib ki, Paşinyana hakimiyyətini saxlamaq daha vacibdir: “Qarabağ məğlubiyyətindən sonra ikinci bir gərginliyə girib dayaqlarını laxlatmaq istəmir. Ermənistanda sosial, iqtisadi durumu mövcud səviyyədə qoruyub saxlamaq onun üçün yetərlidir. Çox cüzi təbii artım da təbliğat maşını üçün bəs edəcək. Əgər Ermənistanı beynəlxalq kommunikasiyalara və logistik marşrutlara qoşa bilsə, iqtisadi durumda müsbət irəliləyiş əldə edə biləcək. Görünən odur ki, Paşinyan üçün növbəti müddətlərdə hakimiyyəti qoruyub saxlamaq Ermənistanın bir dövlət kimi gələcəyindən üstündür. Hətta indiyədək hakimiyyətinin müstəqil qərar vermək imkanları da onun əlindən çıxacaq. Buna görə də yaxın zamanlarda Rusiya ilə nəinki konfliktlərə gedəcək, əksinə, onun dediyi ilə daha çox oturub-durmağa çalışacaq. Paşinyanın belə bir mövqe nümayiş etdirməsi onun müstəqil olaraq Azərbaycanla birbaşa danışıqlar aparmasını və razılaşma əldə etməsini əngəlləyir. Bundan sonra rəsmi İrəvan Rusiyanın diktəsinə əməl etmək məcburiyyətindədir. Bu, sülh sazişinin imzalanmasına da aid olacaq”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
05 Iyun 2025
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ