Onlayn ictimai-siyasi qəzet
1 iyul 2025-ci il tarixində, "New Baku Hotel"də ümumrespublika üzrə məktəblilər arasında keçirilən İqtisadiyyat Müsabiqəsi 2025-in yekun mükafatlandırma mərasimi təşkil olunub.
Musavat.com bildirir ki, bu müsabiqə ölkə üzrə minlərlə şagirdi əhatə edən və gənclər arasında iqtisadi maarifləndirmə məqsədi daşıyan önəmli bir təşəbbüsdür. Layihənin əsas məqsədi məktəblilər arasında iqtisadi biliklərin təbliği, analitik və tənqidi təfəkkürün inkişafı, gənclərin iqtisadi savadlılığının artırılması və onların gələcəkdə iqtisadçı kimi formalaşmalarına dəstək göstərməkdir. Proqram İqtisadi Əsaslar Təşəbbüsü (EFI) tərəfindən dəstəklənir.
Tədbirdə bir sıra nüfuzlu şəxslər – Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) təsisçisi Vüqar Bayramov, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Müşfiq Cəfərov, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu iştirak və çıxış ediblər. Çıxışçılar gənclərə dəstək mesajları veriblər. Onlar iqtisadi təhsil və savadlılığın məktəb yaşından formalaşdırılmasının əhəmiyyətini xüsusi vurğulayıblar.
Tədbir zamanı layihənin statistik nəticələri və müsabiqənin mərhələləri barədə təqdimat keçirilib. Müsabiqə məktəb, regional və milli mərhələləri əhatə etmiş, sonda isə yazılı və şifahi imtahanlar vasitəsilə Top 5 və Top 10 finalistlər müəyyən edilib.
Yunanıstanda beynəlxalq final turunda iştirak edəcək Top 5 və ölkə üzrə Top 10 qaliblər mərasim zamanı rəsmi şəkildə elan olunub, qalib şagirdlərə elektron hədiyyələr və təşəkkür sertifikatları təqdim olunub. Həmçinin bütün iştirakçılara təşəkkür elan olunub və onların iqtisadi biliklərə maraqları yüksək qiymətləndirilib.
Deputat Vüqar Bayramov bildirib ki, bu təşəbbüs gənclərdə iqtisadi biliklərə marağı artırmaqla yanaşı, onların tənqidi düşünmə və qərarvermə bacarıqlarını formalaşdırmağa xidmət edir. İqtisadiyyat Müsabiqəsi gələcək illərdə daha geniş miqyasda təşkil olunaraq daha çox məktəbi və şagirdi əhatə etməyi hədəfləyir.
Musavat.com
04 Iyul 2025
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ