İnsanlara hürriyət, millətlərə istiqlal!

4 saniyədə avropalı olmaq arzusu – Gürcüstan öz suvereniteti ilə sınaq qarşısında

Qonşu Gürcüstan kollektiv Qərbin yeni poliqonuna çevrilib. Nəyin bahasına olursa, olsun, Cənubi Qafqaza yerləşmək istəyən, Ermənistanı böyük ölçüdə öz satelltinə çevirməyi bacaran ABŞ və iddialı (böyük) Avropa dövlətləri Qafqazın ortancıl ölkəsinin daxili işlərinə qarışmaqdan vaz keçmir.

Qərbdə bu ölkənin Avropaya inteqrasiyasından, demokratikləşdirilməsindən danışarkən əsasən Gürcüstanı Rusiyanın ağuşundan çıxarmağı hədəfləyirlər. Ancaq Ermənistandan fərqli olaraq Gürcüstan hələ 2008-ci ildən (hələ ondan da öncədən) Rusiya ilə bağlarını qoparmış durumdadır. Əslində Qərbin çalışdığı həmin bağların yenidən bərpa edilməməsidir.

Nəzərə almaq lazımdır ki, Ukrayna ilə qanlı müharibəyə girişməzdən əvvəl Rusiya məhz Gürcüstanla qısa çəkən müharibə aparıb. Bu hadisə 08.08.2008-ci ildə baş verib. O zaman rus tankları Tiflisin 60 kilometrliyinə qədər irəliləyiblər, daha sonra ABŞ, Fransa, İngiltərə, Almaniya kimi qüdrətli dövlətlərin işə qarışması ilə Gürcüstan tam işğaldan, prezident Saakaşvili isə devrilməkdən qurtulub.

O vaxtdan bəri gürcü xalqı, eləcə də bu xalqın siyasətçi övladları bu təhqiramiz hücumu unutmayıblar. Gürcülər bunun məsuliyyətini Saakaşvilinin belinə yükləsələr də, sövq-təbii anlayırlar ki, Rusiya Gürcüstana, gürcü xalqına hücum edib, onun əsgərlərini güllələyib.

Bu baxımdan hazırda Gürcüstanı idarə edənlər də “Rusiyanın adamı” olmaq niyyətində deyillər, onlar sadəcə, yaranmış duruma praqmatik baxır, böyük və aqressiv qonşunu cırnatmamaq, onunla birtəhər keçinmək, dinc, yanaşı yaşamaq fikrindədirlər.

Qərbdə isə belə düşünmürlər, onlara Qafqaz ölkələrinin Rusiya ilə düşmən olması lazımdır.

Bəs Rusiya ilə düşmən olmaq cənubdakı kiçik dövlətlərə baha başa gələ bilər, o məsələ necə olsun?

Bu, ABŞ-nin və Avropanın qüdrətli dövlətlərinin vecinə deyil. Yeni Rusiya-Qafqaz müharibəsinin zərərçəkənləri hər halda avropalılar olmayacaqlar, 104 il əvvəl olduğu kimi, onlar bu gənc respublikaları “Şimal küləyi”ndən qoruya bilməyəcəklər və ya qorumayacaqlar, nəticədə soyuq qasırğa illərlə əldə edilmiş nailiyyətləri süpürüb aparacaq.

Bunu Gürcüstanda da yaxşı anlayırlar. Fəqət bu ölkədə üzünü Avropaya tutmuş, qısa müddətdə avropalı olmaq, avropalılar kimi yaşamaq istəyən yüz minlərlə insan da var. Avropalıların özü indiki kimi yaşamaq üçün yüz illərlə yol gəliblər, ancaq bu amil Avropaya meyllənmiş gürcüləri o qədər də məyus etmir, onlar hər şeyin cizgi filmlərində olduğu kimi sürətlə başa gəlməsini istəyirlər – necə ki cizgi filmlərində 1-ci saniyədə ağacı əkir, ikinci saniyədə sulayır, böyüdür, üçüncü saniyədə bəhərini yetişdirir, 4-cü saniyədə artıq barını dərib yeyirlər, eləcə.

Ancaq bilindiyi kimi, 70 il rus müstəmləkəsində, 33 il keçid dövründə yaşayan xalqın bir neçə günün, ayın, ilin içində tamamilə yad bir ortama uyğunlaşması, inteqrasiyası çox çətindir.

Heç kəsin ağlı Baltikyanı ölkələrə getməsin, onlar əzəldən avropalıydılar, SSRİ dövründə belə avropalılar kimi yaşayır, işləyidilər. Ona görə də onlara Avropaya inteqrasiya etmək çətin olmadı.

Yeri gəlmişkən, Gürcüstanla Avropa dövlətlərinin arasında yaranmış ixtilafda Baltikyanı ölkələr də aktiv şəkildə rol almış kimi görünürlər. Rəsmi Tiflisə qarşı təzyiqlərdə onlar da ümumi xora qoşulur. Xüsusilə də Litva özünü “Avropanın şilləvuranı” kimi aparır.

Ehtimal ki, kollektiv Qərbin düşüncə mərkəzlərində bu cür dövlətlərə xüsusi rollar verilib. Elə rollara Gürcüstanda keçirilən mitinqlərdə bu ölkələrin rəsmilərinin iştirakı, Gürcüstan siyasilərinə qarşı sanksiyalar tətbiq etmək, çəkindirici, yönəldici açıqlamalar vermək aiddir.

Bu hərəkətlərlə həmin ölkələr Qərbin mövqeyini ortaya qoyur və onun iradəsini ifadə edirlər.

Qərbin iradəsi isə böyük maliyyə vəsaiti sərf edərək, siyasi, hüquqi təzyiqə məruz qoyaraq, kiçik dövlətləri öz nüfuz dairələrinə almaq, onları böyük paytaxtlardan idarə etməkdir.

Sanki ömür boyunca vassal olmaq kiçik dövlətlərin alın yazısıdır. Bir metropoliyadan qurtulmamış digəri gəlib çomağını dirəyir ki, bundan belə ölkə biz deyənlərlə oturub-duracaq.

Hazırda Gürcüstan dövləti öz suverenitetini qorumaq üçün sınaq qarşısındadır, iki yoldan daha düzgün olanı seçməlidir və yağışdan çıxıb yağmura düşməməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR