Onlayn ictimai-siyasi qəzet
Tərtərdə 4 sahibkarın əkin sahəsi susuz qalıb. Buna görə də onlara külli miqdarda ziyan dəyib. Amma sahibkarlar Aqrar Sığorta Fondundan sığorta ödənişini ala bilmir. Buna görə də sahibkarlar “MKT İstehsalat Kommersiya“ MMC-nin “MKT-Tərtər” Filialı ilə aralarında bağladıqları alqı-satqı müqaviləsi üzrə öhdəlikləri yerinə yetirə bilmirlər.
Musavat.com xəbər verir ki, Tərtərdə 4 sahibkar pambıq əkini üçün “MKT İstehsalat Kommersiya“ MMC-nin “MKT-Tərtər” Filialı ilə müqavilə bağlayıb.
Müqaviləyə görə xam-pambığın istehsalı üçün “MKT-Tərtər” Filialı zəruri olan vəsaiti, malları və aqrotexniki xidmətləri 4 sahibkara ayırıb. Bununla da müvafiq avans məbləği formalaşdırılıb.
Müqaviləyə əsasən sahibkarlar istehsal olunmuş xam pambığı “MKT-Tərtər” Filialına təhvil verərək qazanc əldə edəcəklərmiş. Amma əkin sahələri yarasız hala düşdüyü üçün qazanc əldə edə bilməyiblər. Bu azmış kimi “MKT-Tərtər” Filialına qarşı müqavilə öhdəliyini də yerinə yetirə bilməyərək borclanıblar.
Sahibkarlar əkinə başlamadan əvvəl Aqrar Sığorta Fondunda kənd təsərrüfatı və bitkiçilik məhsullarını sığortaladıblar. 4 sahibkara ümumilikdə 242880 manat sığorta ödənişi müəyyən edilib.
Sığorta məsələsini həll etdikdən sonra əkinə başlayan sahibkarlar torpağın suvarılması zamanı problemlə üzləşiblər. Daimi su aldıqları “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tərtər Suvarma Sistemləri İdarəsinin balansında olan magistral su kanalından onlara su verilməyib. Səbəb olaraq isə kanalda təmir-bərpa işləri aparılması göstərilib. Əraziləri susuz qaldığı üçün əkinləri məhv olub.
Əkini məhv olan sahibkar sığorta ödənişini ala bilmir. Sığorta ödənişini al bilmədiyi üçün isə “MKT-Tərtər” Filialının pulunu ödəyə bilmir.
Tərəflərin məhkəmə çəkişməsi davam edir. Qeyd edək ki, “MKT İstehsalat Kommersiya” MMC-nin əsas fəaliyyəti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
İlkin Muradov
Musavat.com
13 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ