İnsanlara hürriyət, millətlərə istiqlal!

4 gün sonranın “barıt qoxulu” sualı – Əldən ələ fərq var, Nikol Vovayeviç!

ABŞ-Avropa Birliyi (AB)-Ermənistan üçlü formatında Brüsseldə, ilk dəfə keçiriləcək görüşə sayılı günlər qaldı. Sirr deyil ki, İrəvan qarşıdakı “sammit”ə böyük ümid bəsləyir. Bunu gizlətmir də. Zarafat deyil, dünyanın iki ən böyük iqtisadi-hərbi güc mərkəzi bir araya gəlib cırtdan Ermənistanla bağlı konkret qərar verəcək, ortaq mövqe bildirəcək.

Nikol Paşinyan hökumətinin bu görüşdən dolayı taktiki hədəfi təxminən bəlli: Rusiyadan “fəsadsız və ağrısız boşanma”. Strateji hədəf isə əlbəttə ki, Azərbaycan qarşısında “güclü immunitet” qazanmaqdır. Çünki İrəvan Bakı ilə məğlub tərəf kimi deyil, “bərabər status”da sülh sənədi imzalamağı çalışır. Yəni daha çox öz şərtləri əsasında. Bundan ötrü hətta “üç prinsip” də müəyyən edib...

Öz növbəsində Avropa rəsmiləri Brüssel görüşü ərəfəsində Ermənistanın “immunitetini artırmağın” zəruriliyini bir neçə dəfə dilə gətiriblər. Deməli, səslənən bəzi “sakitləşdirici” bəyanatlara rəğmən, onlar da İrəvan kimi sülh müqaviləsinin Bakının 5 məlum baza prinsipi əsasında baş tutmasında maraqlı deyillər. Ermənistanın pozucu, destruktiv mövqeyinə hər hansı dəstək, o sırada ona hərbi xarakterli yardım vəd eləmək isə sülh prosesinə zərbə olmaqla yanaşı, bölgədə yeni müharibə riskini artıracaq.

Aydındır ki, “özünə gələn”, arxasında Fransa daxil, AB və ABŞ kimi havadarlar hiss edən Ermənistanın iqtidarlı-müxalifətli cəmiyyətində revanşızm ovqatı birə-üç güclənəcək. Azərbaycanla sülh sənədinin vacibliyi, konstitusiyanı dəyişməyin zəruriliyi artıq arxa plana keçəcək. Ermənilər təzədən havalanıb göylərdə süzəcəklər.

Bu mənada Brüsseldəki 5 aprel görüşü və imzalanması gözlənilən pakt 44 günlük müharibədən sonra bölgədə gedən proseslərin axarını xeyli dərəcədə müəyyən etmiş olacaq. Ermənistanla yanaşı, onu “əzizləyənlərin” məram və məqsədinə güclü işıq salacaq, əsas suala aydınlıq gətirəcək: regionu kim və nə üçün qarışdırmaq istəyir?..

Şübhəsiz, Ermənistan özünə təhlükəsizlik zəmanətini bölgədə yox, uzaqlarda axtarmaqla böyük xətaya yol verir. Çünki Birləşmiş Ştatlar başda olmaqla Qərb belə bir zəmanəti ona verə bilməyəcək. Versə belə, işlək olmayacaq. İki əsas səbəbdən.

Əvvəla, nə qədər paradoksal olsa da, Ermənistan Rusiyadan tam qopmaqda maraqlı deyil, bundan ehtiyatlanır (güclü iqtisadi-energetik asılılıq, Rusiyadakı yüz minlərlə erməni miqrant faktoru və s.). O səbəbə oyun oynayır, Qərblə Rusiya arasında rəqs edir. Hətta arzu edir ki, onun bir “əli”ndən Amerika, o birindın də Rusiya tutsun. Bunu artıq Vaşinqton və Brüsseldə də yaxşı bilirlər.

İkincisi və heç də az önəm kəsb etməyən logistika problemi. Tutaq ki, Qərb (ABŞ) Ermənistanı Azərbaycana və ya Rusiyaya qarşı silahlandırmaq istədi. Bunu hansı ölkə üzərindən edəcək – Türkiyənin, “şər dövləti” elan etdiyi İranınmı? Qalır Gürcüstan. Bu ölkə isə Azərbaycan və qardaş ölkədən bəlli səbəblərdən asılıdır və ermənilərə görə “öz ayağına güllə” atmaz, intihar yolu tutmaz. Necə ki, heç Ukrayna məsələsində rəsmi Tiflis Qərbin yanında yer almadı, onun istəyini geri çevirdi.

Odur ki, məsləhətdir İrəvanda ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatını qəribçiliyə salmasınlar. Orada deyilir: “Qərb Ermənistan üçün Rusiyanı əvəzləyə bilməz. Bu, xüsusilə Ermənistanın coğrafi mövqeyi ilə bağlıdır...”

Əslində kapitulyant ölkənin ən təhlükəli düşməni, yaxud ən etibarsız dostu nə Rusiyadır, nə də Azərbaycan. Zamandır. Əgər məlum olsa ki, Brüsseldəki görüşə də erməni baş nazir vaxt udmaq vasitəsi kimi, revanşizm üçün şans olaraq baxır, onda heç kimdən yox, özündən küssün.

Zaman daralır. Bakı və Ankaranın İrəvana uzatdığı barışıq əli isə 4 ildir havada qalıb. Məntiqlə İrəvan gerçəkdən dünyanın siyasi xəritəsində “Ermənistan” adlı dövlətin qalmasını arzu edirsə, onda “Sem dayı” və ya “rus İvan”ın deyil, öncə məhz bu əli sıxmalıdır. Özü də təcili.

Əldən ələ fərq var, Nikol Vovayeviç! Həm də necə...

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR