Onlayn ictimai-siyasi qəzet
2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün Təhsil İnstitutu tərəfindən təlimlər təşkil edilmişdi. Bu il iyun ayının 8-də isə sözügedən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanı keçirildi. İmtahanda 7 296 müəllim iştirak edib. İlkin nəticələrə əsasən, bu il ölkə üzrə 3424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb.
Təkrar sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərin iş yerlərinin builki müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqəyə çıxarılacağı gözlənilir.
Çünki təkrar sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərlə bağlanılmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv ediləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) təkrar sertifikatlaşdırmanın nəticələrinə dair müraciətlərə baxılması məqsədilə komissiya yaradılıb. Komissiyanın fəaliyyəti təkrar sertifikatlaşdırma imtahanında keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir.
Qeyd olunan komissiyaya müraciət etmək üçün vətəndaşlar iyul ayının 30-na kimi BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Hikmət Əlizadə
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə bildirib ki, keçid balı toplaya bilməyənlərin əksəriyyəti sualların çətinliyindən şikayətlənir: “Mən hesab edirəm ki, suallar məktəb proqramı əsasında hazırlanıb. Müəllimlər həmin proqram əsasında fənni tədris edirlər. Bu suallara cavab verə bilməyən müəllim süni intellekt dövründə yaşayan nəsil hazırlaya bilməz. Buna görə də onların pedaqoji fəaliyyətinə son qoyulacaq. Amma bu o demək deyil ki, onlar işsiz qalacaq. Məndə olan məlumata əsasən, bu müəllimlərə müvafiq işlər təklif olunacaq”. (Modern.az)
Anar İsgəndərli: “Müəllim illərlə ixtisası üzrə çalışırsa, amma suallara cavab verə bilmirsə, təhsilin keyfiyyətindən danışa bilərikmi?”
Millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərli “Yeni Müsavat”a şərhində qeyd etdi ki, təcrübəli müəllimlərin müasir çağırışlara cavab verməməsi mübahisəli məsələdir: “Müəllim ən böyük təcrübəni 65 yaşında qazanır, nəyə görə onu işdən azad edib, təqaüdə göndəririk? Digər tərəfdən deyirik ki, bu yaş dövrün tələblərinə cavab vermir. Bəs məntiq? Şəxsən özümdən nümunə çəkmək istəyirəm. Harada işləməyimdən asılı olmayaraq, mən müəlliməm. Hazırda Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətimi davam etdirirəm. Müəllimin savadı yoxdursa, diksiyası, gözəlliyi və s. amillərin heç bir önəmi yoxdur. Müəllim savadlı olmalıdır. Müvafiq balı toplaya bilməyən müəllimlərin bəraəti ola bilməz. Müəllim bilmədiyini necə öyrədə bilər? Diplomu olan, illərlə işləyən müəllim ixtisasına uyğun suallara cavab vermək iqtidarında olmalıdır. İmtahan prosesində müəllimlərə mane olan, təsir edən hər hansı amil yoxdur. Bəzən təhsilin aşağı düşməsindən giley edirik. Müəllim illərlə ixtisası üzrə çalışırsa, amma suallara cavab verə bilmirsə, təhsilin keyfiyyətindən danışa bilərikmi? Əlbəttə ki, yox. Hesab edirəm ki, imtahanlar ədalətli keçirilir. Müvafiq balı toplayan müəllimlərin əməkhaqqı artır. Digər tərəfdən yüksək bal toplayan müəllimlərin nüfuzu artır. Lazımi balı toplayan müəllim yaşını bəhanə edə bilməz”.
Kamran Əsədov: “Sertifikasiya müəllimlərin yenidən təhsil sistemində işləmək hüququnun məhdudlaşdırılması demək deyil”
Təhsil eksperti Kamran Əsədov vurğuladı ki, sertifikasiya müəllimlərin bilik və bacarıqlarına görə əməkhaqqını müəyyən edən qaydadır. Statistik rəqəmlərə diqqət çəkən ekspert “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanın təhsil sistemində bu gün kifayət qədər müəllim var: “Bu gün 4432 orta ümumtəhsil məktəbində 150 min müəllim çalışır. Etiraf edək ki, tədrisin təşkilində müxtəlif imkanları səfərbər edən və yaxud passiv olan müəllimlər eyni əməkhaqqı alırlar. Amma sertifikasiya mütləq şəkildə çalışqan müəllimləri digər müəllimlərdən fərqləndirməyə imkan verən bir prosesdir. 2022-ci ildə bu proses başlayanda hər bir fənn üzrə minimum 10-12 faiz müəllimin sertifikasiyadan keçə bilməyəcəyini gözləyirdik. Çünki 2014-2018-ci illərdə keçirilən diaqnostik imtahanlar təəssüf ki, müəllimlərin öz üzərində işləmədiyinə əsas verdi. Dünyanın bütün inkişaf etmiş ölkələrində sertifikasiya keçirilir. Yəni müəllimin peşəkar bacarıqları yoxlanılır. Sertifikasiya indiyə qədər keçirilən bütün qiymətləndirmələr arasında ən fərqlisi, alisidir. Sertifikasiya imtahanı ləğv olunmayacaq. Sertifikasiya imtahanlarından sonra 4 minə yaxın müəllim öz işini itirib. Bu, müəllimlərin yenidən təhsil sistemində işləmək hüququnun məhdudlaşdırılması demək deyil. Sertifikasiyadan kəsilən müəllimlər adi qaydada növbəti ildən etibarən MİQ vasitəsilə işə qəbul ola bilərlər. Əgər onlar bu müddət ərzində öz üzərlərində çalışsalar, bilik və bacarıqları yetərli olarsa, yenidən müəllim kimi çalışa biləcəklər. Bununla yanaşı, Elm və Təhsil Nazirliyi humanizm prinsipini irəli sürərək həmin şəxslərin məktəblərdə digər sahələr üzrə çalışmasında maraqlıdır. Çünki onların məktəblə bağlı təcrübələri, bilikləri, bacarıqları var. Əlbəttə ki, bu, birmənalı şəkildə onlara yenidən təhsil sistemində işləmək icazəsi verir”.
K.Əsədov hesab edir ki, 20-30 illik müəllim stajı olan kadrların sertifikasiyaya cəlb olunması normaldır: “Həmin insanlar 20-30 il təhsil sistemində çalışıblar. Ən azından mövzuları 20-30 dəfə təkrarlayıblar. İllər ərzində dərsliklər dəyişsə də, mövzular dəyişməyib. Azərbaycan dilində nə fonetika, nə isim, nə də sifət dəyişməyib. Yaxud da ibtidai sinif proqramında heç nə dəyişməyib. Sertifikasiyaya cəlb edilən müəllimlərə heç də fərqli sahədən test tapşırıqları təqdim edilməyib. 20-30 ildə hər il onların şagirdlərə öyrətdiklərindən suallar salınıb. Müəllimlər hər il imtahan olunduqları mövzulardan, suallardan dərs keçiblər. Bu o deməkdir ki, həmin müəllimlərin özlərinin öyrətdikləri, dərs keçib maaş aldıqları dərsdən suallar salınır. Çox təəssüf ki, nəticədə müəllimlər 0-29 arası bal toplayırlar. Bu, yaxşı nəticə deyil. Əlbəttə, biz onların yanındayıq. Onları tamamilə sistemdən uzaqlaşdıracağımızı demirik. Dünyada bu təcrübə var. Hətta müxtəlif ölkələrdə daha sərt qaydalar var. Azərbaycan humanizm nümayiş etdirdi, ötən il imtahandan keçə bilməyənlərə bir il şans verdi ki, öz üzərlərində çalışsınlar. Təkrar sertifikasiyaya gələnlər 1 il ərzində öz üzərlərində çalışmalı idilər. Lakin nəticə ürəkaçan olmadı. Hətta bəzi müəllimlər əyri yollara əl atmağa cəhd etdilər...”
Ekspert müasir dövrün tələbləri barədə də danışıb: “BMT-nin 2030-cu illə bağlı hədəflərindən biri yüksək ixtisaslı və peşəkar müəllimlərin yetişdirilməsidir. Bunun əsas məqsədi dəyişən dünyada yeni müəllim kontingentinin formalaşmasıdır. Pandemiyadan sonra daha yüksək ixtisaslı, şagirdlərlə işləyə bilən müəllimlər lazımdır. Yəni bu məsələyə heç də 4 min insanın itirilməsi kimi baxmaq olmaz. Biz onların yerinə 4 min daha hazırlıqlı, bacarıqlı, gənc, enerjili şəxsləri MİQ-dən keçirərək təhsil sisteminə qəbul edəcəyik. Kimsə desə ki, "gənclər sinfi idarə edə bilmirlər", bu, yanlışdır. Biz gənclərə də şans verməliyik. Bu gün əsas hədəf daha yaxşı Azərbaycan müəllimini formalaşdırmaqdır. Heç bir təhsil sisteminin səviyyəsi müəllimin bilik səviyyəsindən üstün deyil. Bu gün bizim müəllimlərimiz 1,6 milyon şagirdə dərs deyir. 4 minə yaxın müəllimin nə qədər şagird yetişdirdiyini təsəvvür edin?! Bu gün buraxılış və qəbul imtahanlarının nəticələrindən, uşaqların göstəricilərindən narazılıq edirik. Çünki onlara dərs deyən müəllimlərin özlərinin bilik və bacarıqları yüksək deyil. İki strateji ixtisas var: ibtidai sinif müəllimliyi, yəni uşaqların təməlini qoyanlar; uşaqlara ana dilində yazıb-oxumağı öyrədən Azərbaycan dili və ədəbiyyat müəllimləridir. Onlar arasında bu qədər müəllim keçid balını toplaya bilmirsə, biz onların dövlət məktəblərində qalmasında maraqlı olmamalıyıq. Bu müəllimlər növbəti il MİQ imtahanında iştirak edə bilərlər. Heç kim onları sistemdən məcburən uzaqlaşdırmır. Heç bir halda sertifikasiya dayandırılmayacaq və proses davam etməlidir. Növbəti illərdə daha sərt olmalıdır ki, biz daha peşəkar müəllimləri sistemdə saxlayaq. Sertifikasiya ölkədə təhsil sisteminin inkişafına və uşaqların daha yüksək bilik, əldə etməsinə səbəb olacaq çünki şagirdlər daha peşəkar müəllimlərlə çalışacaqlar".
Qeyd edək ki, 8 iyun tarixində təşkil olunan təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apelyasiya müraciətlərinin qəbulu iyunun 12-də yekunlaşıb. Müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlayıblar. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ