Onlayn ictimai-siyasi qəzet
Biləsuvar rayonunda 1987-ci il təvəllüdlü Mətləb ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı 1984-cü il təvəllüdlü qardaşı Fəxrini (adlar şərti verilib – red.) öldürüb.
Mətləb 17 iyun 2023-cü ildə təxminən gecə saat 00.10-da Biləsuvar rayonu Xırmandalı kəndində valideynlərinə məxsus evdə olarkən, onunla birlikdə yaşayan qardaşı Fəxrinin alt paltarında yarıçılpaq vəziyyətdə gəzişməsini şəxsi və ailə ləyaqətinə toxunan, həmçinin insanlar arasında təşəkkül tapmış əxlaq normalarına, ailədə qəbul olunmuş birgəyaşayış və davranış qaydalarına zidd olan təhqiramiz hərəkət kimi qiymətləndirib.
Mətləb qardaşına irad bildirib. Fəxri isə buna məhəl qoymayaraq saymazyana formada eyni hərəkətləri təkrarlayacağını deyib. Bundan hiddətlənən Mətləb sərxoşluq vəziyyətində qisas almaq məqsədi ilə Fəxrini öldürmək qərarına gəlib. Evin mətbəxindən götürdüyü bıçaqla Fəxrinin üzərinə hücum edib. Onları aralamaq istəyən anası Səidənin gözü qarşısında Fəxriyə çoxsaylı xəsarətlər yetirərək onu öldürüb.
İstintaq orqanı tərəfindən Mətləbin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mətləb ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, iyunun 16-da gecə saat 23 radələrində yatmaq üçün evə gedib: “Qapıdan içəri daxil oldum. Pilləkənlə yuxarı qalxmaq istəyəndə birdən işığın yandığını və qardaşım Fəxrinin alt paltarında qarşımda dayandığını gördüm. “Bu nədir, get əyninə paltar geyin, evdə ailə-uşaq var” dedim. Fəxri mənə sərt cavab verdi. Bildirdi ki, zor eləmişəm, özüm bilərəm, sənə heç bir aidiyyəti yoxdur. Daha sonra mən Fəxridən “bəlkə ailəm yanımdadır, mənimlə həyətə düşüblər, sən nə bilirsən onlar hardadır?”- deyə soruşdum.
O, heç bir söz demədən həyətin giriş darvazasının yaxınlığında yerləşən tualetə getdi. Mən də evə qalxaraq mətbəx otağına girdim. Soyuducudan pivə götürdüm, dəhlizin işığını və televizoru yandıraraq anamı yuxudan oyatdım. Dedim ki, bax, gör indi oğlun nə vəziyyətdə həyətdən evə gələcək, onun əynində heç bir paltar yoxdur, həyətə tursiklə düşüb. Anam “Fəxriyə əhəmiyyət vermə, içkilidir”,- deyə bildirdi. Dedim ki, Fəxri bu gün alt paltarı ilə həyətə düşürsə, sabah da alt paltarsız gəzəcək, sonra da deyəcək otağı səhv salmışam, axı belə olmaz. Mən belə şeyi qəbul edə bilmərəm, sabah evdə olmasam onda nə olacaq? Həmin vaxt Fəxri dəhlizə daxil oldu və ailəsinin yataq otağına getdi”.
Mətləb qeyd edib ki, yenidən mətbəx otağına gedib, oradan bıçaq götürüb və dəhlizə qayıdıb: “Stula əyləşərkən bıçağı altıma qoydum. Fəxri yataq otağından çıxıb mətbəxə getdi, su içməyə başladı. Su içə-içə yenidən mənə söz atdı. Dedi ki, əcəb eliyirəm, zor eliyirəm, sən hələ burdasan?
Ona cavab verdim ki, danışığına fikir ver, mən harda olmalıyam ki? Fəxri mətbəx otağından çıxaraq üstümə gəldi və sol üzümə şillə vurdu. Dərhal yerimdən qalxdım və onu kənara itələdim. Bu zaman bıçaq döşəməyə düşdü. Anam yatdığı yerdən qalxdı və aramıza girib bizi ayırmağa çalışdı.
Fəxri yenidən üstümə gələndə əl ataraq bıçağı döşəmənin üzərindən götürdüm və onu vurmağa başladım. Fəxriyə təxminən üç bıçaq zərbəsi vurdum”.
Təqsirləndirilən şəxs deyib ki, hadisə iyunun 17-də təxminən gecə saat 00.30-da baş verib: “Hadisədən sonra yaşadığım evin həyətində qaldım. Bir neçə dəqiqə sonra həyətə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları gəldi. Bıçağı polis əməkdaşlarına təqdim etdim və qardaşım Fəxrini həmin bıçaqla vurduğumu bildirdim. Onlarla birlikdə evə getdim. Hadisəni harada, hansı şəraitdə törətdiyim yeri göstərdim. Törətdiyim əməldən peşmanam”.
İş üzrə zərərçəkmiş Fəxrinin hüquqi varisi qismində tanınan həyat yoldaşı Sahilənin sözlərinə görə, 2007-ci ildə Xırmandalı kənd sakini Fəxri ilə rəsmi ailə həyatı qurub, birgə nikahdan bir uşağı var: ”Qayınatama məxsus evdə özümüz, qaynım Mətləb, ailəsi, qayınatam və qayınanamla birlikdə yaşayırıq. Mətləb qaynımdır, nə onunla, nə də onun ailə üzvləri ilə aramızda ədavət, düşmənçilik olub.
Sonradan hazırda yaşadığımız ev üstündə Mətləblə Fəxri arasında söz-söhbət, mübahisə yaranmağa başladı. Bu söz-söhbət, mübahisə uzun illər davam edirdi. Onların valideynləri də istəyirdilər ki, evdə ailəsi ilə birlikdə Fəxri qalsın, lakin Mətləb evdən çıxmaq istəmirdi”.
Hüquqi varisin sözlərinə görə, iyunun 16-da saat 22 radələrində həmişə olduğu kimi yaşadıqları evdə ailəlikcə, yəni Mətləbin ailəsi ilə birlikdə axşam yeməyi yeyiblər, Mətləb pivə içib:
“Lakin Fəxri evdə yox idi. Təxminən saat 23 radələrində Fəxri evə gəldi və çarpayısına uzanaraq yatdı. Ondan güclü spirt iyi gəldiyini hiss etdiyimə görə içki içdiyini bildim. Bir müddət sonra səsə yuxudan ayılanda qaynım Mətləbin söyüş söyə-söyə həyətdən evə daxil olduğunu anladım.
Mətləb söyüş söyərək “ondansa lüt gəzərdin, səni kənddə biabır edəcəm” deyə qışqırırdı. Yataq otağından bayıra çıxmadım. Amma qardaşların mübahisə səslərini eşitdim. Onlar bir-birinə qışqırıqla söyüş söyürdülər. Birdən qayınanam ucadan “Mətləb, bəsdi, Mətləb, bəsdi, qardaşın öldü” deyə bağırmağa başladı. Mətləbin “cəhənnəmə öldü, qoy ölsün” dediyini eşitdim.
Bu vaxt qayınanam bizim otağımıza daxil oldu. Bildirdi ki, təcili yardıma zəng elə, Mətləb Fəxrini bıçaqla vurub. Mən həyətə düşəndə Fəxrini orada görmədim. Əmisinin onu xəstəxanaya apardığını bildim. Bir neçə dəqiqə sonra yaşadığımız evə polis əməkdaşları gəldi və Mətləbi apardılar. Daha sonra Fəxrinin dünyasını dəyişdiyini bildim”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mətləb 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib./Teleqraf.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ