Onlayn ictimai-siyasi qəzet
İstanbula səyahət edən hər kəs yolunu bu saraydan salmaq istəyir, çünki bu sarayı görmək, Osmanlı imperiyasının tarixi ilə tanış olmaq, o dövrün ab-havasını hiss etmək deməkdir. Söhbət 600 illik imperiyanın 400 illik dövrünə şahidlik etmiş Topqapı sarayından gedir.
Öncə gediş üçün istiqamətlərə nəzər salaq. Topqapı sarayına getmək üçün Taksimdən funikulyorla Kabataşa, oradan da tramvayla Sultanahmet meydanına getmək olar. Amma funikulyor deyilən nəqliyyat vasitəsi Bakıdakı və digər şəhərlərdəki funikulyorlar kimi deyil, yeraltı hərəkət edir. Sultanahmet meydanına çatdığınız zaman Ayasofiyanın sol tərəfindən yuxarıya doğru davam edən yol Topqapı sarayı muzeyinin girişi olan Bab-ı Hümayuna (sarayın əsas qapıları) çatır. Saraya giriş haqqı 1500 türk lirəsidir. Türkiyə vətəndaşları isə muzey kartı vasitəsilə sarayın müəyyən qisimlərini pulsuz ziyarət edə bilərlər. Saray dünyanın ən çox ziyarət olunan məkanlarından biridir. Həftə içi olsa da, bizim bilet alıb içəri daxil olmağımız təxminən 40 dəqiqə çəkdi. Həftəsonu isə uzun növbələr olur. Odur ki, ziyarət üçün zaman amilini nəzərə almağınız məsləhətdir. Bileti aldıqdan sonra ziyarətçilərə pulsuz audio-gid cihazları təklif olunur. Sarayı gəzənlərə mane olmamaq üçün üstünüzdə qulaqlıq olsa, yaxşı olar. Məlumatlar bir çox dildə təqdim olunur. Beləliklə, saray gəzintisinə başlaya bilərik.
Bab-ı Hümayun yaxud Sultanlıq qapısı
1453-cü ildə Konstantinopolun osmanlılar tərəfindən fəth edilməsindən sonra sultan II Mehmed şəhərə daxil olarkən Böyük sarayın dağıldığını görür. Osmanlı iqamətgahı hazırda İstanbul Universitetinin yerləşdiyi Köhnə sarayda idi. Yeni sarayın inşası üçün qədim Bizans Akropolunun yeri seçilir. Beləliklə, II Mehmed yeni sarayın inşası üçün əmr verir. Sarayın inşası 10 ildən çox çəkib. Zamanla saraya bir çox tikili əlavə edilib. Sarayın indiki sahəsi 80 min kvadrat metrdir.
Topqapı sarayı Mərmərə dənizi, Boğaziçi və Haliç arasında yerləşən tarixi İstanbul yarımadasında, Sarayburnu deyilən yerdə inşa edilib. Saray şəhərdən quru tərəfdə Fateh Mehmed tərəfindən tikdirilmiş Sur-i Sultani, dəniz tərəfdən isə Bizans divarları ilə ayrılır. Sarayın daxilində müxtəlif yerlərə açılan müxtəlif quru qapıları və dəniz qapılarından başqa, monumental əsas girişi Bab-ı Hümayun, yəni sultanlıq qapısıdır. Topqapı sarayı 3 əsas qapıdan keçməklə 4 həyət, hərəm və əsas bağdan ibarətdir. Ən böyük həyət birincidir. Sol tərəfdəki Aya İrini kilsəsi isə məscidə çevrilməyən ən böyük Bizans kilsəsidir. Sağ tərəfdə isə bulaq görəcəksiniz. III Ahmed çeşməsi adlanan bu bulaq 1729-cu ildə Nevşehirli Damat İbrahim paşanın təklifi ilə inşa edilib. Türk rokoko tərzinin ən gözəl nümunələrindən hesab olunur. Kvadrat formada tikilən bulağın üstündəki qübbələr sadəcə görüntü üçündür.
Bab-ı Hümayun qübbəli boşluqlardan ibarət üç əsas protokol qapısından birincisidir. Hər gün səhər namazı vaxtı açılan və axşam namazından sonra bağlanan Bab-ı Hümayun sarayın əsas qapısı olub, mərasim protokolları və yürüşlər buradan başlayıb. Edam edilmiş dövlət xadimlərinin və məşhur quldur başçılarının kəsilmiş başlarının bu darvazanın önündə nizəyə bağlanaraq yerə atılması da bir ənənə idi. Bu monumental qapıdan atla yalnız dövlət adamları içəri girə bilərdi. Bundan əlavə, heç kəsə at sürməyə, yüksək səslə danışmağa və ətrafı çirkləndirməyə icazə verilməyib.
Bu arada saray ərazisində bütün bölmələr nömrələnib. Gəzərkən nömrələri izləyərək ardıcıllığı rahatlıqla müəyyən edə bilərsiniz.
Dünyanın mərkəzi İstanbul, İstanbulun mərkəzi isə Topqapı sarayı idi...
Babüs-selam adlı orta qapı isə 1468-ci ildə tikilib. Bu qapıdan yalnız padşahlar atla girə bilərdi. Qapının qüllələri arasında qapıçıların otaqları olub. Babüs-selamdan 2-ci həyətə daxil oluruq. Bura həm Divan meydanı, həm də Ədalət meydanı adlanırdı. Sağa gedən yol padşah yolu, sola uzanan, yəni Kubbealtına gedən yol isə vəzir yolu adlanır. Divanı Hümayun məhz Qübbəaltının (Kubbealtında) toplanırdı. İlk divanxana Fatih Sultan Mehmedin dövründə tikilib. Alınan bütün qərarlar dəftərlərə yazılırdı. Baş vəzir, qübbəaltı vəzirləri, Anadolu və Rumeli ordu rəhbərləri (kazasker) məhz Divanı Hümayun Kubbelatında padşaha məlumat vermək üçün toplanırdılar.
Osmanlı İmperatorluğunun idarəçiliyinin ürəyi idi bura. Dünyanın mərkəzi İstanbul, İstanbulun mərkəzi isə Topqapı sarayı idi. Dünya bu saraydan, Kubbealtından idarə edilirdi. Padşah toplantıları Ədalət qülləsindəki qəfəsli otaqdan izləyirdi. Bu, dövlət adamlarına güvənsə də, xalq qarşı ədalətsizliyin qarşısını almaq üçün alınan tədbir kimi qəbul edilirdi. Əgər yanlış qərar alınarsa, padşah pərdəni endirər və toplantını sonlandırardı. Çox önəmli toplantılarda şeyxülislam da iştirak edirdi. Elçilərin qəbulu burada edilir, padşahın qızlarının nikahı da burada olurdu. Divan toplantısından sonra baş vəzir və digər vəzirlər Ərz otağına keçərək padşahla görüşürdülər. Yeri gəlmişkən, Qübbəaltının açıq olması burada alınan qərarların gizli olmadığının təzahürü idi.
Sarayın üçüncü həyəti isə Əndərun həyəti adlanır. Bu hissədə irili-xırdalı otaqlar, sultana aid Ərz otağı, Doğancılar koğuşu (Şahincilər), Səfərlilər təkkəsi, Kilərli koğuşu, Əndərun Xəzinəsi və Has oda, həmçinin saraya aid binalar var (red:koğuş bir çox insanın yatdığı yer mənasında işlənir).
3-cü həyətə giriş qapısı sayılan Babüssaade qapısı, Səadət qapısı isə bir çox cəhətdən önəmlidir. Sultanlar taxta məhz bu qapıdan çıxırdı, bayramlaşma, cənazə mərasimləri burada olurdu. Qapı demək olar ki, hər zaman qapalı olurdu. Digər ölkələrin padşahları, elçilər isə Ərz otağında qəbul edilirdi.
Tikililər arasında gəzərkən ortası oyulmuş qədim çinar ağacı görəcəksiniz. Rəvayətə görə, Fatih Sultan Mehmed yeni saray üçün yer axtararkən möhtəşəm bir çinar gördü. Ağaca heyran olan Fateh yeni sarayın planlaması zamanı ağaca toxunmamağı əmr etdi.
Cariyəlikdən sultanlığa gedən yol-1600 nəfərlik Hərəm
Topqapı sarayının ən çox marağa səbəb olan bölmələrindən biri Hərəmxanadır, türkcə ifadə etsək, Harem. Ərəb mənşəli olan hərəm hərfi mənada “qorunan, müqəddəs və möhtərəm” mənasını verir. Osmanlı sarayındakı hərəmlər sultanın ailə üzvləri ilə birgə yaşadığı özəl ərazi idi, yəni İmperator Hərəmi qərblilərin təsəvvür etdiyi kimi “zövq və əyləncə yeri” deyildi. Əksinə, sərt qaydaların hökm sürdüyü, bura gətirilən qadınların yeri gələndə hakimiyyətə şərik olmaq üçün lazımi keyfiyyətləri qazanacağı, oxumaq, yazmaq, rəsm çəkmək, müxtəlif musiqi alətlərində ifa etmək və s. kimi hər cür bacarığa yiyələnə biləcəyi bir təhsil ocağı idi. II Mehmedin dövründə qurulmağa başlayan hərəmxanada padşahın anası, bacıları, cariyələri (kölə qadınlar) və onların qulluqçuları yaşayırdı. Hərəm bura zorla qul kimi gətirilən qadınları öz qalın divarları arasında həbsxana həyatı yaşatmaqla yanaşı, həm də onlara Osmanlı İmperiyasında heç bir qadının, hətta sultandan başqa keç kimin sahib ola bilməyəcəyi bir rifah şansı verirdi. Hərəm iyerarxiyasında rütbə qazanan qadınlar inzibati qərarlarda təsirli ola biləcək siyasi güc əldə edib, hətta bəzən hakimiyyəti sultanla paylaşıblar. Osmanlı sarayında qadının çata biləcəyi ən yüksək rütbə Validə Sultanlıq idi. Validə Sultanın hökmranlığı təkcə hərəmdə deyil, müxtəlif vaxtlarda Osmanlı siyasətində də rol oynayıb. O, gah oğluna siyasi məsləhət verir, gah da oğlunun idarə etmək imkanı olmadığı hallarda dövlətin yeganə səlahiyyətli nümayəndəsi olaraq idarəçiliyi öz üzərinə götürürdü. Bəzən fəxri diplomat kimi çıxış edir, mümkün müharibəni sülh yolu ilə bitirir, xarici dövlətlərlə sıx diplomatik əlaqələr qururdu. O, bu siyasi təsirdən əlavə, ictimai sahədə qoyub getdiyi əsərlər və qurduğu vəqflərlə qadınları özəl sahə ilə məhdudlaşdıran Osmanlı İmperiyasının mühafizəkar quruluşuna meydan oxuyurdu.
Hərəmdə orta hesabla 400, bəzi mənbələrə görə isə hətta 1600 nəfər yaşayırdı. II Mehmedin hakimiyyəti illərindən başlayaraq Osmanlı xanədanının mənsubları əcnəbi xanədan mənsubları ilə evlənməyiblər. Bu baxımdan hərəmxananın qurulmasının məhz imperatorluğun gələcəyi üçün önəmli olduğu düşünülürdü. Hərəm idarəçisi Valid sultan, yəni padşahın anası idi. Bu səbəbdən də padşahlar xüsusi hörmətin əlaməti olaraq hərəmin ən gözəl otaqlarını Validə sultana verirdilər. Onun yataq otağı, qonaq otağı, hamamı, dua otağı və s. var idi. Ümumiyyətlə, hərəm hər ehtiyacı qarşılayacaq şəkildə planlanıb.
Osmanlı imperatorluğu işğal etdiyi ərazilərdə istedadlı gəncləri toplayır, onlara saray məktəbi olan Enderunda təhsil verilirdi. Daha sonra cariyələr məhz bu gənclərlə evləndirilirdi.
Nadir şahın hədiyyə etdiyi taxt, qaşıqçı almazı, qızıl beşik...
Xanədana məxsus qiymətli əşyalar, dövlət mərasimləri və səltənəti simvolizə təmsil edən əsərlər, elçilərin hədiyyələri, müharibə qənimətləri və başqa bir çox əşya Xəzinə bölməsində sərgilənir. Savaşlara aid əşyalar ayrı salonda yerləşdirilib. Burada qiymətli daşlarla bəzənmiş qılınclar, xəncərlər, zirehlər, dəbilqələr, qalxanlar və s. var. Osmanlı padşahlarının Sultan Səlimin, Fateh Mehmedin Qanuni Sultan Süleymanın və başqalarının, hətta Həzrəti Əlinin qılıncları burada nümayiş olunur. Məşhur qaşıqçı almazını görmək istəyənlər onu Xəzinə bölməsində tapa bilərlər. 86 karatlıq, 17.2 qramlıq bu nadir almazın çevrəsində 49 kiçik almaz var.
Yüzlərlə eksponat arasında lələklər, qızıl beşik, yazı qutuları, Nadir şahın I Mahmuda hədiyyə etdiyi taxt, bundan başqa dəyərli daşlar, Osmanlı dövründə zərb edilən pullar, qiymətli daşlarla bəzənmiş qab-qacaq, medallar, nişanlar və s. göz oxşayır. Xəzinə bölməsində o qədər çox eksponat var ki, say-say bitməz, həm də bu qədər detalı sözlərlə anlatmaq qeyri-mümkündür. Ən yaxşısı, bir dəfə görməkdir.
O dövrün gözəl xətt ustalarının əl işlərini görmək istəyənlər üçün ayrıca hüsn-xətt bölməsi var. Padşahlar da daxil olmaqla o dövrün tanınmış ustalarının əl işləri ilə burada tanış olmaq olar.
Gəzintidən yorulduqda həyətdəki skamyalarda rahatlıqla dincələ bilərsiniz. Yox əgər, gəzintini yaddaqalan şəkildə yekunlaşdırmaq istəsəniz, sarayın ən üst qatında boğaza çox gözəl mənzərə açılır. Burada təmiz dəniz havası alıb, xatirə fotosu çəkdirə bilərsiniz.
Saray muzeyə çevrildi
Osmanlı sultanları və digərləri sarayda 19-cu əsrin ortalarına qədər yaşayıblar. 1922-ci ildə Osmanlı monarxiyası ləğv edilib. Sarayda yaşayanların Dolmabağça və digər saraylara köçməsi ilə Topqapı sarayı boşaldılıb. İlk dəfə muzey kimi ziyarətçilərin istifadəsinə verilməsi Sultan Əbdülməcidin dövrünə təsadüf edir. Topqapı sarayı Xəzinədarlığındakı əşyalar o dövrün İngiltərə səfirinə göstərildikdən sonra Topqapı Sarayı Xəzinəsində olan qədim əsərlərin əcnəbilərə nümayişi ənənə halını alıb. Əbdüləziz dövründə imperator üslubunda şüşə vitrinlər tikilib, xəzinədəki qədim əsərlərin əcnəbilərə nümayiş etdirilməsinə başlanıb. 1924-cü ildə bəzi xırda təmir işləri aparıldıqdan və ziyarət üçün lazımi inzibati tədbirlər görüldükdən sonra Topqapı Sarayı 9 oktyabr 1924-cü ildə muzey kimi ziyarətçilərin istifadəsinə verilib. 3 aprel 1924-cü ildə Mustafa Kamal Atatürkün əmri ilə Topqapı sarayı muzeyə çevrilib. 1985-ci ildə isə UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Nigar HƏSƏNLİ,
Fotolar müəllifindir,
Musavat.com
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ