Onlayn ictimai-siyasi qəzet
Milli Məclisdə "2025-ci ilin dövlət büdcəsi" layihəsinin müzakirəsi zamanı pensiyaların indeksləşdirilməsi və pensiya kapitalından istifadə ilə bağlı təkliflər təqdim olunub.
Məsələ ilə bağlı deputat Vüqar Bayramov bildirib ki, Azərbaycanda əmək pensiyalarının indeksləşdirilməsində vahid, yəni fiks yanaşma tətbiq olunur. 2025-ci ilin əvvəlində bütün növ əmək pensiyalarının 8 faizə indeksləşdirilib artırılması gözlənilir.
"Pensiyaların əvvəlki ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə indeksləşdirilərək artırılması müsbət haldır. Bununla belə, fiks indeksləşdirmə nəticəsində, 300 manat pensiya alan vətəndaşımızın pensiyasında cəmi 24 manat, 3 min manat pensiya alanın pensiya məbləğində 240 manat artım qeydə alınır. İndeksasiya birbaşa pensiya məbləğinə kəmiyyət olaraq tətbiq olunduğu üçün bu az pensiya məbləği olanlarda az, çox pensiya alanlarda çox artım deməkdir. Mövcud maliyyə fondu çərçivəsində diferensial indeksasiya sisteminin tətbiqinə ehtiyac var. Bu zaman az pensiya məbləği üçün daha çox indeksasiya faizi kimi göstərici ilə yanaşı keyfiyyət meyarlarından və digər vəriblardan istifadə oluna bilər. Bununla da, indeksasiya nəticəsində nisbətən aşağı pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərində daha çox artımlara nail olmaq olar. Bu həm median pensiya məbləğinin artmasına, həm də indeksləşdirmə üçün nəzərdə tutulan ümumi vəsaitin daha proporsional bölüşdürülməsinə imkan verə bilər.
İkinci məqam, pensiya kapital üçün tələblər ilə bağlıdır. Minimum pensiya məbləği artdıqca əmək pensiyası almaq üçün kapital tələbi də, təbii ki, artır. Hazırda pensiya kapitalı tələbi 40 min 320 manatdır. Yəni, vətəndaş yaşa görə əmək pensiyası almaq üçün ya bu məbləğdə kapitala və ya 25 illik staja malik olmaldır. Minimum pensiya məbləğinin artırılması müsbət haldır və cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas hədəflərindədir. Bu baxımdan, minimum pensiya məbləği ilə pensiya kapitalı arasında yalnız kəmiyyət deyil, həmçinin keyfiyyət əlaqəsinin də yaradılmasına ehtiyac var. Məsələn, tək analar və ya ailədə uşaqların sayı və digər faktorlar nəzərə alına bilər və bununla da əmək pensiyası almaq hüququ qazanmaq üçün kapital tələbi azalmış olar. Bu yaşa görə müavinət alan bəzi vətəndaşlarımızın əmək pensiyası almasına imkan yarada bilər. Bunla da daha çox vətəndaşlarımız yaşa görə əmək pensiyası ala bilərlər".
Deputat qeyd edib ki, pensiya kapitalından istifadə ilə bağlıdır. Sinqapur və bir sıra digər ölkələrdə olduğu kimi pensiya kapitalının bir hissəsinin istehlak üçün istifadə edilməsi məqsədəuyğun olardı. Bu zaman vətəndaşlarımız pensiya yaşının tamam olmasını gözləmədən kapitalın bir hissəsindən daha öncə istifadə edə bilərlər. Bu baxımdan, ABŞ modelində olduğu kimi, minimum pensiya kapital tələbi ilə yanaşı orta pensiya kapital tələbi müəyyənləşə bilər ki, bu da kapitaldan istifadəyə imkan yaradar.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ