İnsanlara hürriyət, millətlərə istiqlal!

29 yaşlı sovet zabiti – o, SSRİ-nin hərbi sirlərini amerikalılarla “səxavətlə” bölüşüb...

 

İkinci Dünya müharibəsində ABŞ və SSRİ Alman faşizminə qarşı mübarizədə müttəfiq olsalar da müharibədən sonrakı dövrdə iki ölkə arasında münasibətlər gərginləşərək  “soyuq müharibə” həddinə çatıb. Bu gərgin münasibətlərin fonunda sovet liderlərini narahat edən məsələlərdən biri də sovet vətəndaşlarının müxtəlif yollarla Amerikaya qaçması, ABŞ-dan sığınacaq istəməsi olub. 1976-cı ildə isə Viktor Beleçuqov ABŞ-a üz tutmaqla növbəti dəfə Mərkəzi Komitə rəhbərliyini məyus edib.

Qeyd edək ki, 1947-ci ildə Nalçikdə anadan olan Beleçuqov orta məktəbi gümüş medalla bitirdikdən sonra  Armavir Ali Hərbi Aviasiya Məktəbində təhsil alıb. Bir müddət Stavropol Ali Hərbi Aviasiya Məktəbində instruktor kimi xidmət etdikdən sonra Uzaq Şərq Hərbi Dairəsində xidmətə göndərilib. Bu onun SSRİ-dəki sonuncu xidmət yeri olub.

454-2.jpg (128 KB)

Beleçuqov sovet ordusunda xidmətini davam etdirməyini mənasız sayıb. Sonralar verdiyi müsahibələrdə o, bunun səbəbini də açıqlayıb:

“SSRİ-də inkişaf etmək, karyera qurmaq mənim üçün mümkünsüz iş idi. Neçə illər idi ki, baş leytenant rütbəsində gəzirdim. Xidmət illərimə görə haqqım olan kapitan rütbəsini mənə vermirdilər. Mən akademik təhsil almaq arzusunda idim. Amma akademiyaya göndəriş məsələm hər il təxirə salınırdı. Bütün bu problemlərdən qurtulmaq üçün mən çıxış yolunu SSRİ-ni tərk etməkdə gördüm...”

Beləliklə, 29 yaşlı zabit son qərarını verib – Amerikaya qaçmaq. 1975-ci ildə Beleçuqovun xidmət yeri Uzaq Şərqə, 11-ci aviasiya alayına dəyişdiriləndə məhz o, bu xidmət yerində qaçmağı planşaldırıb. Beleçuqov ona yeni “MiQ-25P” qırıcısının veriləcəyini gözləyib.

1976-cı ilin may ayında pilota yeni hava maşını verilib. Onun növbəti planında uzun məsafə qət etmək üçün təyyarənin yanacaqla təmin edilməsi dayanıb. Belə ki, təyyarələrə təlim zamanı qət edəcəkləri məsafəyə uyğun yanacaq verilib. 1976-cı ilin sentyabrın 5-də Beleçuqov səhərisi gün üçün planlaşdırılan təlim uçuşlarına hazırlaşarkən uçuş vərəqəsəndəki məsafəni daha çox göstərərək yanacaq çənlərinin tam doldurulmasına nail olub.

Sentyabrın 6-da səhər saat 6.45-də Beleçuqov Çuquyevka hərbi aerodromundan havaya qalxıb. Saat 7.40-da o, müəyyən olunmuş uçuş zonasından çıxaraq SSRİ-Yaponiya sərhədinə üz tutub. Pilot radarlara düşməmək üçün cəmi 30 metr hündürlükdə uçub. Sərhədi keçdikdə isə  6 min metr hündürlüyə qalxıb. Məhz bu hündürlükdə Beleçuqov Yaponiya tərəfinin radarlarına düşüb. Amma təcrübəli pilot bu çətin vəziyyətdən çıxmağı bacarıb. O, təxminən 1 saatdan artıq müddətdə minimum aşağı hündürlükdə uçub ki, yapon dispetçerlər onun yerini müəyyənləşdirə bilməyiblər. Beleçuqov Yaponiyanın Hokkaydo adasındakı Hakodate aerodromuna eniş edib.

main (1) (1)-1.jpg (36 KB)

Artıq saat 9-15-də Yaponiya radiosu sovet hərbi təyyarəsinin bu ölkədə eniş etməsi haqqında informasiyalar səsləndirib. SSRİ-də isə hadisə ilə bağlı informasiya 22 gündən sonra, sentyabrın 28-də ictimaiyyətə çatdırılıb.

Beleçuqovun Yaponiya hökumətindən ilk xahişi onun ABŞ-a təhvil verilməsi ilə bağlı olub. Bu xahişi qəbul edən yaponlar sovet pilotunu Amerikaya təhvil veriblər.

Qeyd edək ki, mövcud dövrdə kəşfiyyat-qırıcı funksiyasını yerinə yetirən, səsdən 3 dəfə sürətlə hərəkət edən “MiQ-25”-lər ABŞ və NATO üçün ən təhlükəli hava maşını sayılıb. Beleçuqovun idarə etdiyi, yeni istismara verilmiş qırıcı isə məxfi statuslu olub, bu təyyarə qiyməti milyonlarla ölçülən kəşfiyyat və rabitə qurğuları ilə təchiz edilib. Məhz belə bir qırıcının amerikalıların əlinə düşməsi onlara bu təyyarənin sirlərini öyrənməyə tam imkan verib. Bütövlükdə bu qırıcının avadanlıqları ilə birlikdə qiyməti isə təxminən 2 milyard rubla yaxın olub.

Amerikalılar sovet pilotunu böyük hörmətlə qarşılayıblar. Hadisəyə ABŞ prezidenti Cimmi Karter birbaşa özü müdaxilə edib, prezident Beleçuqovla  görüşüb və ona ABŞ vətəndaşlığı verilməsi haqqında müvafiq sənəd imzalayıb.

“MiQ-25P” Amerikada son detallarına qədər sökülüb, mütəxəssislər tərəfindən öyrənilib, sonda təyyarə yenidən yığılaraq SSRİ-yə təhvil verilib.

Beleçuqov SSRİ aviasiyası, hərbi hava qüvvələri haqqında bütün bildiklərini amerikalılarla səxavətlə bölüşüb. Bir müddət Beleçuqov xüsusi xidmət orqanları tərəfindən tam öyrənildikdən sonra o, ABŞ-da işləmək hüququ qazanıb, hərbi məktəblərdə mühazirələr oxuyub, təlim-uçuş məşqlərinə rəhbərlik edib. Beleçuqov üçün Amerikada bütün şərait yaradılıb. Sovet pilotu iş, istirahət, müalicə, mənzil hüquqlarının nə olduğunu ilk dəfə bu ölkədə hiss edib.

Beleçuqov SSRİ-dən digər qaçanlar kimi sovet səfirliyinə gedib ailəsini tələb etməyib. Ümumiyyətlə, o, SSRİ-dən heç nə istəməyib. Qısa müddətdən sonra isə pilot Amerikada ailə həyatı qurub.

352670-9d15296ef9a0bab84b1260ce85117045-1.jpg (116 KB)

SSRİ-də isə Beleçuqov haqqında ictimaiyyətə fərqli fikirlər “yeridiblər”. Belə ki, mətbuatda Beleçuqovun anlaşılmazlıq ucbatından səhvən sərhədi keçdiyi, Yaponiyada məcburi eniş etməsi, daha sonra ABŞ xüsusi xidmət orqanları tərəfindən ələ keçirilməsi fikirləri yer alıb. Hətta pilotun həyat yoldaşı və anasının iştirakı ilə mətbuat konfransı da keçirilib. Həmin konfransda Beleçuqovun doğmaları onun vətənpərvər olduğunu, işindən razı qaldığını bildiriblər. Onlar qeyd ediblər ki, Beleçuqov ABŞ xüsusi xidmət orqanlarının tələsinə düşüb.

Sovet ideologiyası Beleçuqovla bağlı tez-tez fərqli xəbərlər də dövriyyəyə buraxıb ki, guya pilot Amerikada öldürülüb. Bu informasiyalardan hər dəfə xəbər tutan Beleçuqov isə ABŞ-ın ən populyar mətbu orqanlarında növbəti müsahibəsini verərək Kremlin yalanlarını ifşa edib.

Hazırda Beleçuqovun 77 yaşı var. Təqaüddə olan pilot yaşayışından, təminatından və həyat tərzindən heç də narazı deyil və özü söylədiyi kimi heç vaxt belə həyata SSRİ-də nail ola bilməzdi.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR