İnsanlara hürriyət, millətlərə istiqlal!

2355 nəfər pula görə tələbə adından imtina etdi - ekspertlər çıxış yollarından danışdı

Maddi səbəbdən hər il yüzlərlə tələbə ali məktəblərdə oxumaqdan imtina etməyə məcbur olur; ekspert:  “Tələbə universitetə qəbul olduğu andan etibarən kredit götürməsinə şərait yaradılmalıdır” 

Maddi çətinlik ucbatından təhsil ala bilməyən tələbələrin təhsildən imtina etməsi halları ilə demək olar, hər tədris ilində qarşılaşırıq.  Bu il ali məktəbə qəbul olunan 2 355 nəfər təhsil almaqdan imtina edib. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Qeyd olunub ki, qəbul imtahanlarında iştirak edib müsabiqə şərtlərini ödəyən 48 608 abituriyent elektron qeydiyyat üçün müraciət edib. 2 355 nəfər elektron qaydada müraciət ünvanlamayıb. Belə ki, 2355 nəfər ali təhsildən imtina edib.

Məlumdur ki, təhsil haqları ölkə əhalisinin böyük hissəsinin gəliri ilə müqayisədə çox yüksəkdir. Birinci kursda oxuyacaq gənc mütləq təhsilhaqqını bəri başdan ödəməlidir. Məlumatlara görə, Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəssisəsində təhsil alan 160 mindən çox tələbəyə hansısa güzəştlər tətbiq edilmir. Doğrudur, bir neçə ildir qəbul planında dövlət sifarişli yerlərin sayı artırılıb, amma universitetlər ödənişli ixtisaslara görə yüksək təhsil haqqı tələbindən vaz keçməyiblər. Bu səbəbdən hər il yüzlərlə tələbə ali məktəblərdə oxumaqdan imtina edir. O da məlumdur ki, ölkədə çoxsaylı özəl universitet fəaliyyət göstərir. Hamısında da təhsil haqqı yüksəkdir. Təhsil haqqı bir qədər gecikən kimi, müxtəlif vasitələrə əl atırlar.

Dünya təcrübəsində tələbəyə nəqliyyat vasitələrindən istifadə etməkdən başlamış, geyim, restoranlar, kitab dükanlarında güzəştlər var. Türkiyədə tələbələrə verilən “yaşıl kart” onlara əhəmiyyətli dərəcədə güzəşt verir.  Azərbaycanda tələbə kreditləri verilir ki, bu da görünür ki, vəziyyətdən çıxış yolu deyil... Bəs nə etməli? Yeri gəlmişkən, universitetlərdə ixtisaslar üzrə ödəniş haqlarını müqayisə etsək, deyilənlər təsdiqini tapır. Misal üçün, Bakı Dövlət Universitetində bakalavr səviyyəsi üzrə bir illik əyani təhsil 1400 manatdan, qiyabi təhsil isə 1700 manatdan başlayır. Təhsil haqqı ixtisasdan asılı olaraq 3000 manata qədər artır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə bakalavr səviyyəsi üzrə bir illik təhsil 2000 manatdan başlayır. Universitetdə qiyabi təhsil 1800 manatdan başlayır. Magistr pilləsi üzrə bir illik təhsil haqqı 2500, MBA təhsili üzrə isə 2800 manatdır. Əcnəbi tələbələr üçün bakalavr təhsili 2000-2500 dollar, magistr təhsili isə 3000 dollardır. Eləcə də,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində bir illik təhsil haqqı 1800 manatdan başlayır. Dövlət İqtisad Universitetində isə əyani təhsil 1700 manat, qiyabi təhsil isə 1500 manatdan başlayır və təhsil haqları 2600 manata qədər artır. Azərbaycan Tibb Universitetində təhsil haqqı 4000-4500 manat, Xəzər Universitetində 4000-5000 manat, ADA Universitetində 6000-6500 manatdır. Azərbaycan Dillər Universitetində təhsil haqqı 1000 manatdan başlayır, 2500 manata qədər artır. Azərbaycan Texniki Universitetində bir illik qiyabi təhsil 1700, əyani təhsil 1900 manatdan, Sumqayıt Dövlət Universitetində qiyabi təhsil 1200, əyani təhsil 1500 manatdan başlayır. Eləcə də Bakı Slavyan Universitetində bir illik təhsil haqqı 1700 manatdan başlayır, 2000 manata qədər, Azərbaycan Memarlıq və İnşaat Universitetində qiyabi təhsil 1700, əyani təhsil 2000 manatdan başlayır və 2500 manata qədər artır. Azərbaycan Turizm və Menecment Universitetində təhsil haqları 2200-2400 manat, Bakı Mühəndislik Universitetində 2200-2500 manatdır. Azərbaycan Universitetində bakalavr üzrə əyani təhsil 2000 manatdan başlayır, 3000 manata qədər artır. Qiyabi təhsil üzrə isə qiymət 1800 manat təşkil edir.

İlqar Orucov: “Yeni qanuna görə istənilən yerdə hər kəs təhsil sənədlərini  əldə edə biləcək”

İlqar Orucov 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı “Yeni Müsavat”a  dedi ki, 2355 nəfərin ali məktəbdən imtina etməsinin müxtəlif səbəbləri var: “Ən böyük səbəb isə sosial durumu zəif olan ailələrin prosesdən imtina etməsidir. Hər zaman Azərbaycanda təhsil haqlarının yüksək olması ilə bağlı danışmışam. Hesab edirəm ki, tələbələrdən bu qədər ödəniş tələb olunmamalıdır. Dünyada 40-60-cı yerlərdə olan universitetlər var ki, baxmayaraq qabaqcıl yerdədilər, onlarda təhsilhaqqı heç də bizimki kimi deyil. Belçikanın Lyöven Katolik Universiteti təqribən dünya universitetləri sırasında 50-ci yerdədir. Burada biznesin idarə edilməsi ixtisası üzrə ödəniş 1250 avrodur, təqribən bizim pulla 2400 manat edir. Avropa Birliyi ölkələri üçün bu ixtisas üzrə təhsil haqqı 250 avro təşkil edir, bu da 500 manat edir. Universitetin 65 mindən çox tələbəsi var, tələbələrə aşağı qiymətlərlə yataqxana təklif olunur. Universitet yeməkxanalarında qiymətlər aşağıdır. İctimai nəqliyyatda güzəştlər tətbiq olunur. Siz təsəvvür edin, dünya reytinqində bu qədər qabaqcıl olan universitetin tələbələrə verdiyi imtiyazlara baxın, dünya reytinqində olmayan bir Azərbaycan universitetinin təhsil haqqına baxın. Tələbələr üçün də heç bir güzəşt yoxdur. Universitetin yataqxanası yox, normal qiymət təklif edən yeməkxanası yox, tələbələr tələbə bileti ilə heç bir ictimai nəqliyyatdan istifadə edə bilmir. Bu, absurddur. Universitetlər tələbələrdən aldıqları qazancı nəyə verirlər? Hər il cari təmirə... Təbii ki, universitetlərin təmiri yaxşıdır. Amma bunun da bir həddi var. Əgər orada təhsil yoxdursa, o təmirin heç bir əhəmiyyəti yoxdur. Universitet dünya reytinqində 1500, 2000-ci yeri tuta bilmirsə, o daşa, sementə, kərpicə verilən pulun heç bir əhəmiyyəti yoxdur. Tələbə məzun olur, sonra əmək bazarında özünə yer tapa bilmir. Amma müqayisə etdiyim universitetin diplomu hər yerdə tanınır. Əlbəttə, təhsil haqları yüksək olan universitetlər də var, ABŞ, Böyük Britaniya universitetləridir, amma təhsil haqqı aşağı olan, dünya reytinqində yüksək yerlərdə olan universitetlər də var. Biz Amerika ali təhsili ilə öz təhsilimizi bir edə bilmərik”.

İ. Orucov əlavə edib ki, Azərbaycanda təhsilə milli burjuaziyanın da qayğısını görmürük: “Hesab edirəm ki, böyük şirkətlər tələbələr üçün təqaüdlər təşkil etməlidirlər. Universitetlərlə sıx işləməlidirlər. Onlar gedib universitetlərdə yaxşı kadrları tapmalıdırlar. Tələbələrin oxumasına maliyyə ayırmalıdırlar. Onları işə cəlb etməlidirlər. Bu bizdə yoxdur. Hər il nə qədər aztəminatlı ailələrdən olan uşaqlar təhsilini yarımçıq başa vururlar. Universitetlərdə dərs açılıb, tələbələr küçə-küçə gəzib ev axtarırlar. Universitetlər tələbələri yataqxanalarla təmin üçün hər hansı bir proqram işləmirlər. Rektorlar gərək universitetin perspektiv planını qursun. Strategiyası olsun. Plan yerlərinin dolması ilə qürrələnməsinlər, tələbələr məcburdur bu universitetlərdə oxumağa.  Bizdə Təhsil Kredit Fondu yaradıldı. Ora nə qədər müraciətlər var. Biz hətta təklif etmişdik ki, özəl təhsil fondları yaradılsın. İmkanlı adamların vəsaitləri hesabına nə qədər qız uşağını təhsilə cəlb edə bilərik. Neçə illərdir, hələ də Elm və Təhsil Nazirliyi, digər aidiyyəti qurumlar bu işdə ortaq məxrəcə gələ bilmirlər, tələbələr üçün ictimai nəqliyyatdan güzəştlər tətbiq olunsun. Bütün ölkələrdə demək olar ki, bu var”.

Təhsil eksperti Elçin Əfəndi: “Mən yay məktəbinin əlehinəyəm”

Elçin Əfəndi 

Təhsil  eksperti Elçin Əfəndi də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “İmtina edən tələbələrin böyük əksəriyyəti təhsil haqlarını ödəyə bilməyənlərdir. Bir hissəsi xaricdə təhsil almağa üstünlük verən tələbələrdir. Digər bir hissəsi isə sırf məsafə baxımından  qeydiyyatdan keçməyiblər. Yəni rayonda yaşayıb, Bakıda qeydiyyatdan keçmək istəmirlər. Çünki yaşayış yeri yoxdur. Universitetlərin də yataqxanaları yoxdur. Təbii ki, bu kimi məsələlərin həlli üçün ilk olaraq hər bir universitetin yataqxanasının olması vacibdir. Ən azı rayonlardan gələn tələbələr nəzərə alınmalıdır. İllik təhsilhaqqı tələbələrin büdcəsi nəzərə alınaraq formalaşmalıdır. Üçüncüsü, Tələbə Təhsil Kredit Fondu tərəfindən bir semestr oxuduqdan sonra yaxşı akademik göstəriciləri olan tələbəyə sonra kredit verilir, belə olmamalıdır, tələbə universitetə qəbul olduğu andan etibarən kredit götürməlidir. Kredit götürmə qaydalarını asanlaşdırmaq lazımdır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR