İnsanlara hürriyət, millətlərə istiqlal!

23 saatlıq antiterror və Qəzzada bir aydır axan qan - Prezident niyə o müqayisəni etdi?

Hərbi ekspert: “Qərbin azacıq ədaləti olsaydı, bu  uğurlu əməliyyata görə Azərbaycanı təbrik etməli idi”

Azərbaycanın sentyabrın 19-da Qarabağda 23 saatdan bir neçə dəqiqə artıq davam edən antiterror tədbirləri Qərbin bəzi dairələrinin gözünə ox kimi batıb. Son olaraq, ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayen Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində 19 sentyabrı yada salıb və  qərəzli fikirlər səsləndirib. Bildirilib ki, “Azərbaycanın gücdən istifadə etməsi etimadı sarsıdıb və Bakının Ermənistanla hərtərəfli sülhə sadiqliyinə şübhələr yaradıb”. 

Prezident İlham Əliyev İraq dövlət başçısı ilə Bakıda mətbuata birgə açıqlaması zamanı bu iddialara da tutarlı  cavab verib:      

“Biz ümid edirdik ki, Ermənistan öz öhdəliklərinə əməl edəcək və hərbi kontingentinin qalan hissəsini Azərbaycan ərazisindən çıxaracaq, lakin bu, baş vermədi. Biz demək olar ki, 3 il çox səbirli olduq, Ermənistanla birbaşa təmaslarımız, beynəlxalq vasitəçilər vasitəsilə mesaj göndərməyə çalışdıq ki, bu, qəbuledilməzdir, biz hətta Azərbaycanın kiçik bir hissəsində qanunsuz separatçı rejimin olmasına imkan verə bilmərik.  Bizim səbrimiz bu ilin sentyabrında tükəndi və biz beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazimizdə antiterror əməliyyatını apardıq. Bu əməliyyat 24 saatdan az davam etdi və mülki əhali arasında itkilər olmadı. Düşünürəm ki, indi Yaxın Şərqdə müşahidə etdiklərimizə münasibətdə bu antiterror əməliyyatı mülki əhali arasında hərbi əməliyyatları itkisiz necə aparmaq lazımdır nöqteyi-nəzərdən bir örnək hesab olunmalıdır”.

Aydın Hüseynov: “Rəqabət Məcəlləsi sahibkarlar üçün sağlam rəqabət  imkanlarını genişləndirəcək”

Aydın Hüseynov 

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyev Azərbaycan xalqının mövqeyini ifadə edir: “Azərbaycan dövləti antiterror tədbirləri ilə öz ərazisində 30 ildən artıq qanunsuz fəaliyyət göstərən separatçı xunta rejiminin terror dəstələrinin fəaliyyətinə son qoyub. ABŞ öz ərazisində bu cür terrorçu qruplaşmaların və başqa dövlətin silahlı birləşmələrinin fəaliyyətinə imkan verərmi? Təbii ki, verməz! Onda mən buradan sual edirəm: ABŞ özünə rəva bilmədiyini nə haqla bizə rəva görürdü?! 30 ilə yaxın müddətdə sülh danışıqlarında vasitəçilərdən biri ABŞ idi. Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğala son qoyulması, Ermənistan ordusunun və erməni terror qruplarının Azərbaycan ərazisindən çıxarılması üçün bir vasitəçi kimi ABŞ tərəfindən hansısa addımlar atıldımı?! Xeyr. Əksinə, ABŞ mənasız sülh danışıqlarının 30 ilə yaxın uzanmasına işğalçı tərəflə işğala məruz qalmış tərəfi eyni tutmaqla səbəb oldu. Özünü super güc elan etmiş dövlətin həll edə bilmədiyi, daha doğrusu həll etmək istəmədiyi problemi 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti və ordusu həll etdi. 44 günlük müharibədən sonra da ABŞ-ın Qarabağdakı separatizmə dəstəyi davam edirdi. Azərbaycan dövləti üç ilə yaxın müddətdə də ABŞ-a və digər dövlətlərə, beynəlxalq təşkilatlara dəfələrlə çağırışlar etdi ki, separatçılara hər hansı formada dəstək verməyin, separatizmə son qoymaq üçün addımlar atın. Azərbaycan üç ilə yaxın müddətdə Vaşinqtonun da vasitəçilik etdiyi danışıqlarda iştirak etdi. Ancaq bu çağırışlarımıza adekvat reaksiya olmadı. Qarabağda separatizm ocağının sönməsinə deyil, qalmasına açıq və gizli dəstəklər yenə də davam etdirildi. Nəticədə artıq tarixin zibilliyinə atılmış separatçı xunta rejimi daha da azğınlaşdı və Azərbaycan dövlətinə yenə meydan oxumağa başladı, ərazilərimizə gizli şəkildə minalar yerləşdirdilər, terror aktlarına əl atmağa başladılar”.

Deputat qeyd etdi ki, Azərbaycan dövləti bütün bunlardan sonra Qarabağdakı separatizm ocağını söndürmək üçün qəti addımını atdı və qondarma xunta rejim özünü buraxdı: “23 saatlıq antiterror tədbirində bir nəfər də olsun mülki erməni sakin öldürülmədi, mülki obyekt dağıdılmadı. Azərbaycan ən yüksək səviyyədə bəyan və çağırışlar etdi ki, Azərbaycan vətəndaşlığını qəbul edən dinc sakinlər heç yerə köçməsinlər, qalıb yaşasınlar. Dəfələrlə müraciətlər edilsə də ermənilər Azərbaycan vətəndaşı olmaq istəmədiklərini əsas göstərərək könüllü olaraq Ermənistana köçdülər. ABŞ-ın bütün bunları görməməzlikdən gəlməsinin bir adı var - separatizmə dəstək vermək, Ermənistanı qızışdırmaq. Belə çıxır ki, ABŞ Cənubi Qafqazda sülhün, əmin-amanlığın olmasını istəmir. ABŞ Cənubi Qafqazı təsir dairəsinə tamamilə almaq üçün buradakı xalqları, dövlətləri bir-biri ilə müharibə vəziyyətində saxlamağa çalışır. Belə olmasaydı, erməni separatizmini müdafiə edən, Ermənistanı qızışdıran addımları atmazdı. ABŞ Konqresinin addımı Ermənistanı sülh sazişi imzalamaqdan uzaqlaşdırmaqla yanaşı,  münasibətlərə çox ciddi zərbə vurmuş oldu. Azərbaycan haqlı olaraq noyabrın 20-də keçirilən Vaşinqton görüşündən imtina etdi və bu imtinada itirən tərəf Bakı deyil.  Sülhə deyil, qarşıdurmaya xidmət edən tərəfin "sülh danışıqları vasitəçiliyi" bizə lazım deyil və belə “vasitəçlik” müsbət nəticə verə bilməz. Necə ki, 30 il ərzində nəticə vermədi. 30 il Azərbaycanın torpaqlarını işğalda saxlayan, terrorçuluğu özünün ana xətti kimi seçən bir dövlətə dəstək vermək terrora dəstək verməkdir".

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

Rövşən Məhərrəmov 

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov isə bildirdi ki, Yaxın Şərqdə antiterror əməliyyatları bir aydan artıqdır ki,  davam edir. Eləcə də terror yuvası olan digər bölgələrdə keçirilən antiterror tədbirləri uzun müddət çəkir: “Bəlkə də yeganə bölgə Qarabağ oldu ki, Azərbaycan Ordusunun burada terrorizmin, separatçılığın kökünü kəsmək üçün keçirdiyi tədbir 24 saatdan az müddət bəs etdi. Bu, Azərbaycan Ordusunun 21-ci əsrin modern, müasir ordusu olduğunun daha bir təsdiqi idi. 19-20 sentyabrdakı antiterror tədbirləri ordumuzun gücünü və  peşəkarlığını yeni bir formada təsdiqlədi.  Dünyanın supergüc adlanan ölkələri belə, antiterror əməliyyatlarını bu qədər qısa müddətdə qarşıya qoyulan məqsədə tam nail olmaqla reallaşdıra bilmir. Lakin Azərbaycan Ordusu bunu bacardı, ortaya dünya dövlətləri üçün bir örnək sayılan təcrübə qoydu. Əməliyyatın müddəti ilə yanaşı bir nəfər də olsun mülki şəxsə, mülki infrastruktura zərər vurulmaması faktı da dünyada heyrətlə qarşılanan daha bir örnəkdir. Azərbaycanın müvafiq silahlı birləşmələri, qüvvələri separatçıların, qanunsuz hərbi birləşmələrin və terror qruplarının yerləşdiyi nöqtələri, silah anbarlarını, atəş mövqelərini çox peşəkarlıqla əvvəldən müəyyən etmişdilər. Müəyyən edilmiş hərbi obyektlər və terrorçuların yerləşdiyi nöqtələr hava zərbələri ilə zərərsizləşdirildi. Belə bir əməliyyatı dünyanın nəhəng, ən müasir silahlara malik dövlətləri keçirə bilmir. Azərbaycan isə bunu reallaşdıra bildi. Qərbin, ABŞ-ın azacıq ədaləti olsaydı, peşəkarlıqla terrora qarşı keçirdiyi uğurlu əməliyyata görə Azərbaycanı təbrik etməli idi. Ancaq təəssüf ki, ABŞ və Qərb öz siyasi ambisiyalarına görə özündə bu gücü tapmadı. Nəinki tapmadı, hələ bir Azərbaycanı hədəfə alıb təzyiqlər göstərir”.

Ekspert dedi ki, ABŞ-ın və Fransanın nə deməsindən asılı olmayaraq Azərbaycan öz haqlı yolunda davam edir və edəcək. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR