İnsanlara hürriyət, millətlərə istiqlal!

212 ilin sirri: İran və Azərbaycanın Aslandüz seçiminin gizli səbəbi nədir...

212 il əvvəl baş verən Aslandüz döyüşü Azərbaycan torpaqlarının bölünməsi ilə nəticələndi

Azərbaycan və İran silahlı qüvvələrinin növbəti birgə hərbi təlimlərinə start verilib. Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, İranın Ərdəbil vilayətinin Aslandüz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlıları ilə "Araz - 2024" birgə taktiki təlimi keçirilir.

Xəbərdə qeyd olunub ki, 4 gün davam edəcək təlimdən əvvəl hər iki ölkənin nümayəndə heyətlərinin yüksək səviyyəli üzvlərinin iştirak etdiyi komanda-qərargah iclasında təlimin mərhələləri və epizodlarının icra olunması üzrə ardıcıllıq müəyyənləşdirilib, təhlükəsizlik qaydaları çatdırılıb.

Daha sonra "Araz - 2024" birgə taktiki təliminin açılış mərasimi keçirilib. Mərasim başa çatdıqdan sonra hərbi qulluqçular təlimin keçiriləcəyi ərazi ilə tanış olublar.

1732523307_17106eba-320e-3f46-b3.jpg (274 KB)

Qeyd edək ki, Aslandüz Cənubi Azərbaycanda Ərdəbil ostanında yerləşən Parsabad rayonunda ərazi vahididir. Azərbaycan və İran ordusu birgə təlimlərinin məkanı olaraq Aslandüzün seçilməsi maraqlıdır. Məsələ ondadır ki, 212 il əvvəl məhz bu yerdə Qacar İran ordusu və Rusiya İmperiyası işğal qüvvələri arasında həlledici döyüş baş verib. Bu döyüş hazırkı Azərbaycan Respublikası ərazilərinin Rusiya İmperiyası tərəfindən işğalında həlledici olub və bir ildən sonra 1813-cü ilin oktyabrında Azərbaycanın şimal ərazilərinin Çar Rusiyası tərəfindən ilhaqı rəsmiləşir.

Tarixi mənbələrdə qeyd olunur ki, Böyük Britaniyanın dəstəyi ilə Qacar dövləti Napoleonun Rusiyaya yürüşündən istifadə edərək rusları Qafqazdan qovmaq üçün bölgəyə ordu göndərir.

 Bilindiyi kimi, həmin vaxt artıq bir neçə xanlıq Rusiya tərəfindən işğal olunmuşdu. Abbas Mirzə Qacarın rəhbərlik etdiyi 1812-ci ilin əvvəlində Azərbaycan ərazilərinə daxil olaraq Şahbulağı ələ keçirsə də, Qarabağda qala bilmir, cənuba doğru geri çəkilir. İyulda isə Qacar süvari ordusu Gəncəyə, sonra isə Şəkiyə hücum edir.

Avqust ayında isə Abbas Mirzənin rəhbərlik etdiyi əsas qüvvələr Talış xanlığına daxil olur. Aslandüz ərazisində Abbas Mirzənin ordusuna qarşı Rusiyanın Qafqazdakı qüvvələrinin komandanı general Pyotr Kotlyarevskinin rəhbərliyi altında rus qüvvələri göndərilir.

Oktyabrın 18-də Aslandüz qalası yaxınlığında baş verən döyüşdə Abbas Mirzənin rəhbərlik etdiyi Qacar ordusu qüvvələri Rusiya ordusu tərəfindən məğlub edilir. Maraqlıdır ki, Aslündüz döyüşündə qüvvələr qeyri-bərabər olub. Rusların sayı az olsa da, general Kotlyarevski qəfil gecə hücumu təşkil edir. Nəticədə qəfil yaxalanan Abbas Mirzə ordusu dağılır və Böyük Britaniya tərəfindən hədiyyə edilən toplar da daxil olmaqla silah-sursatın böyük hissəsi rusların əlinə keçir, döyüşdə ingilis hərbi təlimatçı öldürülür. O cümlədən 500-dən çox Qacar əsgər və zabiti əsir düşür.

Aslandüz döyüşü — Vikipediya

Bundan sonra Talış Xanlığı və Lənkərana doğru hərəkət edən ruslar dekabrın sonunda Xəzərdən rus gəmilərinin də artilleriya dəstəyi ilə Lənkəran qalasını ələ keçirir. Bununla da işğalın birinci fazası başa çatır, Qacar hakimiyyəti daha böyük əraziləri itirir və bir il sonra 1813-cü ilin oktyabrında Gülüstan kəndində işğal müqaviləsi imzalanır.

Azərbaycan və İran ordusu xüsusi təyinatlılarının hərbi təliminin hansı məqsədlə Aslandüzdə keçirildiyi məlum olmasa da, bu ad Azərbaycan torpaqlarının bölünməsi və bu bölünmənin böyük imperiyaların rolunu xatırladır.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR