İnsanlara hürriyət, millətlərə istiqlal!

2024-cü ilin dövlət büdcəsi bu qədər artırılır-Tahir Mirkişili açıqladı


“Bu ilin keçən dövrü ərzində işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması, bir sıra infrastruktur təyinatlı layihələrin maliyyə təminatı ilə bağlı əsaslı xərclər, beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyət, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, bəzi xidmətlər üzrə verilən subsidiyalarla bağlı xərclər və zəruri hesab olunan digər istiqamətlər üzrə dövlət vəzifələrinin icrası üçün dövlət büdcəsi qarşısında əlavə 3796,1 milyon manat məbləğində maliyyə tələbatı yaradıb”. 

Musavat.com bildirir ki, bunu Milli Məclisin komitə sədri Tahir Mirkişili parlamentdəki büdcə müzakirələrində söyləyib. Onun sözlərinə görə, qeyd olunan maliyyə tələbatının gözlənilən artımı dövlət büdcəsinin yenilənmiş proqnozlara əsasən gəlirlərinin, dövlət büdcəsi kəsirinin böyüdülməsi, təsdiq olunmuş dövlət büdcəsinin bəzi xərclərinin optimallaşdırılması və yerdəyişməsi nəticəsində formalaşan sərbəst vəsait hesabına qarşılanması nəzərdə tutulur:

“Bütün bu deyilənləri nəzərə alaraq yenidən baxılan dövlət büdcəsinin gəlirlərinin 2 180.0 milyon manat artırılaraq 36 353.0 milyon manata, xərclərinin 2 944.3 milyon manat artırılaraq 39 707.3 milyon manata, kəsirin 764.3 milyon manat artırılaraq 3 354.3 milyard manata çatdırılması təklif olunur. Eyni zamanda qeyd etmək istərdim ki, komitə iclasında aparılan müzakirələr, tərəfimizdən aparılan təhlillər, bu ilin 4 ayının dövlət büdcəsi icrası göstəriciləri dövlət büdcəsi gəlirlərinin ilin sonuna proqonozlaşdırılan göstəricidən daha da çox olacağını deməyə bizə əsas verir. 

Komitə iclasında deputatlar proqnozlar ilə gəlirlərin hesablanmasında daha dəqiq metodların tətbiq edilməsinin vacibliyini qeyd ediblər.  Eyni zamanda, qanun layihəsinə dair izahatda 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılma nəticəsində dövlət büdcəsinin gəlir və xərclərinin ilin sonuna gözlənilən icra göstəriciləri nəzərə alınaraq icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti, eləcə də dövlət borcunun ÜDM-ə nisbəti müəyyən edilmiş hədlər daxilində təmin olunacağı göstərilib”.

T.Mirkişili qeyd edib ki, bir neçə gün bundan öncə  Prezident İlham Əliyevin Xocalı şəhərinə səfəri və bu səfər çərçivəsində şəhərin ilk sakinlərinə yenidən tikilmiş və bərpa edilmiş evlərin açarlarının təqdim edilməsi mühüm tarixi hadisə idi:

“Dövlət başçısının iradəsi, Azərbaycan dövlətinin gücü və Dövlət Büdcəsindən xərclənən vəsaitlər hesabına əldə olunan bu tarixi nəticələr vətəndaşlarımızı qürurlu gələcəyə ümidləndirən ən mühüm amillərdir. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə yalnız infrastruktur layihələri kimi baxmaq doğru deyildir. Bu ərazilərdə həm də Azərbaycan dövlətinin və xalqının sarsılmaz və uğurlu gələcəyi inşa edilir. Ona görə bu istiqamətə xərclənəcək hər bir manat gələcəyimizə ən doğru investisiyadır. Regionda baş verən çağırışlar fonunda və Ermənistan ilə sülh müqaviləsinin bağlanması üzərində danışıqların getdiyi bir zamanda müdafiə və təhlükəsizliyimizin gücləndirilməsi həyati əhəmiyyət kəsb edir. Bu istiqamətdə atılan addımlar həm də beynəlxalq aləmdə və regionda diplomatiyamızın gücünü və kəsərini artırır. Bu istiqamətdə xərclərin artırılması ilə müdafiə və təhlükəsizlik imkanlarımızın artırılması dövlətimizin mövqeyin bütün istiqamətlərdə gücləndirir. Bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək dünya miqyasında mühüm tədbir olan COP-29 tədbiri dünyanın qəlbinin Bakıda döyünməsinə səbəb olacaq. Məhz dünyanın gələcəyi və insanların xilası üçün Azərbaycanın və Azərbaycanın dövlət başçısının göstərdiyi səylər əminəm ki, heç zaman unudulmayacaq. Bütün bu istiqamətlər üzrə dövlət büdcəsinin gəlir və xərclərinin artan iqtisadi potensila uyğun dəyişdiriməsi layihəsinə bizim rəyimiz müsbətdir. Yekun olaraq, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi “Azərbaycan Respublikasının 2024-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə Qanun layihəsini  dəstəkləyir. Deputat həmkarlarımı da bu layihələrə səs verməyə dəvət edirəm”.

 

E.Paşasoy,
Musavat.com

    

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR