İnsanlara hürriyət, millətlərə istiqlal!

2023-ün kritik 44 günü: Qərb Ermənistanı sülhə, yoxsa savaşa təhrik edir? - təhlil

Politoloq: “Ermənistan cəmiyyətində qəsdən o ovqat yaradılmağa çalışılır ki, sülh müqaviləsinin faydası olmayacaq, guya Azərbaycan Ermənistan ərazilərinə hücum etməyi planlayır”

İlin sonuna ay yarımdan da az - 44 gün qalır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üçün bu, yetərli zaman kəsiyi ola da bilərdi, əgər kapitulyant ölkənin rəhbərliyi özündə siyasi iradə tapsaydı. Çünki bundan ötrü ilk baxışda hər hansı ciddi əngəl qalmayıb. Azərbaycan çoxdan sənədi imzalamağa hazırdır. Ermənistan da ən azından yeni müharibə istəmirsə, niyə də eyni addımı atmasın? Axı belə bir sənədin yoxluğu müharibənin bitmədiyi anlamına gəlir.  

Təəssüf ki, Fransa başda olmaqla bəzi Qərb dövlətlərinin, həmçinin Avropa İttifaqının, son günlər isə həm də ABŞ-ın davranışları iki ölkə arasında sülhün baş tutması və barışığın əldə olunmasına deyil, daha çox sülh sənədini əngəlləməyə, sönmüş ocağa yağ tökməyə hesablanıb. Kapitulyant ölkə üçün yeni silah tədarükləri, hansısa başqa vədlərlə İrəvanın revanşa şirnikləndirilməsi, Bakının daim təkzib etməsinə rəğmən, Azərbaycanın guya Ermənistana hücuma hazırlaşması barədə cəfəngiyatın durmadan tirajlanması, sözsüz ki, eyni hədəfə hesablanıb: Ermənistanı bacardıqca sülh müqaviləsindən çəkindirmək, revanşa həvəsləndirmək, onun əli ilə Azərbaycan qarşısında qəbuledilməz şərtlər qoydurmaq. Görəsən İrəvan bu avantüranın ona baha baş gələcəyini anlayırmı?

“Harda imzalanmasından asılı olmayaraq, sülh sənədi əsl sülhə gətirməyəcək. Sülhə nail olmaq üçün hər tərəfdən müvafiq istək olmalıdır. Amma bizim hakimiyyət hər şeyi elə təqdim etməyə çalışır ki, guya bu sənəd imzalanması ilə məsələ həllini tapacaq”. Bunu isə erməni politoloq Artur Martirosyan yerli mediaya açıqlamasında deyib.

Başqa bir erməni politoloq Aleksandr İsgəndəryan da eyni avantürist ritorikanı təbliğ edir: “Kim deyir ki, sülh sazişi gücdən istifadənin qarşısını alacaq, qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması Azərbaycanı cilovlayacaq? Sənədin özü eskalasiyanın qarşısını almayacaq və Azərbaycanın iştahını cilovlamayacaq. Bu müqavilə imzalansa belə, reallığı dəyişəcəyini düşünmürəm”.

Qeyd edək ki, erməni tərəfindən, xüsusən də radikal müxalif kəsimi təmsil edənlərin dilindən sülh sənədini əngəlləmək və gözdən salmaq, ictimai rəyi çaşdırmaq, eyni zamanda revanşizm üçün vaxt qazanmaq naminə belə iddialar tez-tez səslənir. Halbuki müharibəyə qarşı sülh müqaviləsindən daha etibarlı bir sənəd yoxdur. Belə bir sənəd məhz elə müharibənin, yaxud düşmənçiliyin bitməsi haqda deyilmi? Doğrudanmı sülh sənədi imzalansa belə, bölgədə müharibə riski qalacaq?

Bu arada ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib ki, yaxın bir neçə həftə Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması prosesi üçün həlledici olacaq.

Olacaqmı? İrəvan nəyi gözləyir, qarşıdakı 44 gündə nəhayət, sözdən əmələ keçib yeganə düzgün qərarı verəcəkmi?

Noyabrın 16-da Nikol Paşinyan parlamentdəki çıxışı zamanı bildirib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır. Ardınca iddia edib ki, “İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına tərəflər arasında etimadın olmaması mane olur, məhz bu faktor dialoqu ləngidir və tərəfləri sülh sazişi layihəsinin müddəalarını dəfələrlə müzakirə etməyə məcbur edir”.

Yəni yenə bəhanə. Hərgah Paşinyan onu da əlavə edib ki, sülh sazişi layihəsinin əsas prinsipləri tərəflər arasında razılaşdırılıb. O zaman anlaşmaya nə mane olur?

Azərbaycan qalib ölkə olduğu üçün şərtləri də o diktə etməlidir - İrəvan iki aydır nə cavab verəcəyini düşünür

Hikmət Hacıyev Ermənistan parlamentinin sədrinə cavab verdi: Ağdam-Xankəndi  yolu açıq və işləkdir!

Hikmət Hacıyev 

“Sentyabrın 11-də Azərbaycan sülh sazişinin 5-ci düzəliş edilmiş variantını müvafiq izahlı qeydləri ilə birlikdə ikitərəfli kanallar vasitəsilə Ermənistan tərəfinə çatdırıb ki, Ermənistanın cavabının tezliklə təqdim ediləcəyi gözlənilir”. Bunu isə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial platformasında bildirib. “Bu ilin sonunadək sülh müqaviləsini imzalamağa hazır olması barədə ictimai bəyanatlarına baxmayaraq, Ermənistan tərəfi sənədin öz variantını təqdim etməyi iki aydan çoxdur ləngidir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bu, tarixi fürsətdir və xüsusilə Azərbaycanın suverenliyini bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanmasına heç bir maneə yoxdur. Ermənistanın buna nə dərəcədə hazır olması indi ciddi suallar doğurur. Sülh müqaviləsinin mətni nüvə fizikası deyil. Azərbaycanın təklif etdiyi beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, intensiv ikitərəfli danışıqlar yolu ilə sülh sazişinin mətni daha tez tamamalana bilərdi. Top indi Ermənistanın meydançasındadır”, - deyə H.Hacıyev vurğulayıb.

Türkiyə Qarabağda olan PKK terrorçularını vura bilər-Politoloq Oqtay Qasımov

 Oqtay Qasımov 

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın mövqeyi bəllidir. Azərbaycan beynəlxalq hüquqa əsaslanan 5 baza prinsipini sülh sazişinin imzalanması üçün təklif edir. Ermənistanda təbliğatın getməsi isə heç də səbəbsiz deyil. Çünki Ermənistanda revanşist qüvvələr var. Həm daxildə, həm də xaricdə Ermənistanla Azərbaycan arasında gərginliyin daimi qalmasında maraqlı olan qüvvələr mövcuddur. Məhz bu təbliğat həmin qrupların və güclərin tərəfindən yayılır: “Ermənistan cəmiyyətində qəsdən o ovqat yaradılmağa çalışılır ki, hətta sülh müqaviləsinin belə faydası olmayacaq, guya Azərbaycan Ermənistan ərazilərinə hücum etməyi planlayır. Bu kimi təbliğat və məlumat diqqət edrisinizsə, Ermənistan mətbuatı ilə yanaşı Qərb mediasında, siyasi dairələrində geniş şəkildə tirajlanır. Bunun da əslində səbəbləri bəllidir. Birincisi, odur ki, sülh müqaviləsinin indiki şəraitdə imzalanması bölgədə marağı olan və Rusiya ilə geopolitik mübarizə aparan, onu sıxışdırıb bölgədən çıxarmağa çalışan dövlətlər hal-hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında maraqlı deyillər. Həmin dövlətlər bölgədə yerləşmək üçün gərginlik və təxribatlardan istifadə etməyə çalışırlar. O cümlədən, sülh prosesində danışıqlar masasında Azərbaycanın mövqeyini zəiflətmək üçün ona təzyiqlər etməyə çalışırlar. Bu təzyiq mexanizmlərindən biri də Azərbaycan əleyhinə Ermənistan daxilində güclü əks-təbliğatın aparılması, Azərbaycanın sülh müqaviləsinə məhəl qoymayacağı rəyinin formalaşdırılmasıdır”.

Politoloq qeyd etdi ki, Azərbaycan hələ də Ermənistanın işğalı altında olan 8 kəndinin azad edilməsini istəyir. Azərbaycanın bu qanuni istəyini erməni cəmiyyətinə Azərbaycanın Ermənistan ərazisinə iddiası, Azərbaycanın Ermənistan ərazilərinə hücum etməsi, yeni ərazilər tutmaq iştahasının olması kimi təqdim edirlər: “Azərbaycan Zəngəzur dəhlizini güc yolu ilə açmaq niyyətində olmadığını dəfələrlə bəyan etsə də Ermənistan daxilindəki və xaricdəki bir sıra qüvvələr Azərbaycanın Zəngəzura hərbi müdaxilə edəcəyi təbliğatını da aparırlar. Bütün bu təbliğatın əsas məqsədi Azərbaycanla sülh sazişinin imzalanmasını ləngitmək, sülh danışıqlarını pozmaqdır. Bunun da arxasında hansı güclərin durduğu məlumdur”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR