İnsanlara hürriyət, millətlərə istiqlal!

2 min manatlıq gül buketləri - kişilər 8 Martda onu KİMLƏRƏ ALIR? - VİDEOREPORTAJ

8 Mart - Beynəlxalq Qadınlar Gününə sayılı günlər qalıb. Bu bayramı hədiyyəsiz təsəvvür etmək çətindir, zərif cinsin nümayəndələri yaxınlarından diqqət və hədiyyə gözləyirlər.

Elə bu səbəbdən bayram yaxınlaşdıqca gül dükanlarında canlanma müşahidə olunur. Çünki Azərbaycanda hədiyyə olaraq daha çox ətirə və güllərə üstünlük verilir. Kişilərin əksəriyyəti hesab edir ki, qadın üçün ən yaxşı hədiyyə çiçəklərdir.

Bəs bayram əks cinsin nümayəndələrinə neçəyə başa gəlir? Gül mağazalarında qiymətlərdə artım varmı?

“Yeni Müsavat”ın əməkdaşı paytaxtda yerləşən bir neçə mağazaya baş çəkib və vəziyyətlə tanış olub.

Satıcılar əməkdaşımızla söhbət zamanı etiraf ediblər ki, 8 Mart ərəfəsi qiymətlərdə artım var. Onların sözlərinə görə, artım martın 9-na kimi davam edəcək. Bunu güllərin topdansatış yerlərinin qiymətləri bayramda qaldırması ilə əlaqələndirirlər.

Satıcı İbrahım Hacızadə də qiymət qalxmasını təsdiq edir. Deyir ki, martın 1-dən 9-na kimi gül bazarında alıcılıq canlanır:

“8 Mart iş günü olmadığına görə bir çox müəssisələr xanımlara hədiyyələri əvvəlcədən verirlər. Daha çox qızılgülə və çobanyastığına tələbat olur. Tülpana da maraq var. 25-30-80 manata və daha baha qiymətə buket bağlayırıq. Qiymət güllərin sayından və yerli olub-olmamasından asılıdır. Kasıb təbəqə 30-40 manatlıq gül buketi bağlatdırır. Bu buketlərdə 5 qızıl gül və çobanyastığı olur. Qızıl gülün biri 6 manatdan satılır”.

İbrahim bildirir ki, hazırladığı ən bahalı buket 350 manata olub:

“Qızılgülün sayından asılıdır. Elə buket var ki, orada 1000 ədəd qızılgüldən istifadə edilir. 350 manatlıq buketin içində zanbaq, qızılgül və çiçəklər olur. Xanımlar tülpanları, çobanyastıqlarını və mavi qızılgülləri sevirlər”.

Satıcı deyir ki, yerli güllər Zirədən, Qəbələdən və Şəmkirdən, xarici güllər isə Ekvador və Niderlanddan gətirilir:

“Ən çox Qəbələ qızılgülü satılır. Qiymətlər qalxanda xaricdən gələn güllər daha çox bahalaşır. Çünki təyyarə ilə gətirilir, yol xərcləri çox çəkilir.

Xarici güllər dərmanlarla yetişdirilir, ona görə də uzun müddət qala bilirlər. Amma qoxuları yoxdur. Xaricdən gətirilən qızılgüllərin mavi və yaşıl rəngləri təbii olmur, onlara xüsusi rənglər əlavə edirlər”.

Bəs kişilər 8 Mart qabağı gül alanda deyinirlərmi? Qiymətlər onları hürkütmür ki?

Sualımıza İbrahimin cavabı belə olur:

“Gül baha olanda deyinirlər. Deyirlər mart gəldi, dərd gəldi. Beynəlxalq bayramdır da, gülsüz keçinmək olmur. Nə alırsan al, yanında mütləq çiçək olmalıdır.

Alıcılarımız arasında qadınlar da var. Onlar iş yoldaşlarına, rəfiqələrinə, analarına alırlar”.

Satıcı İdris Əhmədzadə deyir ki, çalışdığı mağazada ən ucuz buket 30 manatdan başlayır. Onun sözlərinə görə, xarici güllərin qiyməti yerli güllərə nisbətən daha bahadır:

“250-300 manatlıq da buket bağlayırıq. Xanımlar qızılgülü çox sevir. Həm bayrama, həm də qış ayı olduğuna görə topdansatış yerləri qiymətləri 1-2-3 manat qaldırıb. Bu güllər parniklərdə böyüdülür, qazın qiyməti qalxdıqca güllərin qiymətində də dəyişiklik olur.

Xarici güllər daha baha olur. Yerli güllər daha dözümlüdür, amma qiymətdə xarici güllərə uduzur. Niderlanddan gətirilən qızılgülün biri bayram günü 8-10 manata, yerli qızılgül isə 6-7 manata satılır.

Orta təbəqə 40-45 manatlıq buketlər bağlatdırır. Onların içində 5 qızılgül, çobanyastığı və s. çiçəklər olur. Ən bahalı buket 2000 manat olub. Bu buketin içində Niderlanddan gətirilən qızılgüllər, piona, zanbaqlar var idi”.

İdris deyir ki, qiymət artımı daha çox qızılgüllərdə müşahidə olunur. Bu artım 3-4 manatdan ibarətdir.

Bəs kişilər hədiyyəlik güllərin qiymətindən razıdırmı?

Bununla bağlı da paytaxt sakinlərinin fikrini öyrəndik.

“Bir buket 80 manatdır. Almayanda arvad evə qoymur. Qoymur qoymasın, gülləmi tanınmışıq, sevilmişik, ay zalım qızı”, - sakinlərdən biri deyir.

Digər sakinlərin cavabı isə belə idi:

“Yaşlı arvaddır, cavan qız deyil ki, gül hədiyyə edim. Mən paltar almışam”.

“Başımız o qədər problemlərə qarışıb ki, gül fikirləşməyə vaxtımız yoxdur”.

“Hədiyyə edəcəyim xanım yoxdur, ötən il anam rəhmətə getdi, kimə gül alım?!”

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

05 Mart 2025

BÜTÜN XƏBƏRLƏR