Onlayn ictimai-siyasi qəzet
Daşkəsəndə həmkəndlisini xəncərlə öldürən şəxs hakim qarşısına çıxarılıb. 18 yaşında qətl törədən Elnur 11 il həbs cəzası alıb.
Musavat.com-un xəbərinə görə, hadisə Daşkəsən rayonunun Güneykənd kəndində baş verib.
1969-cu il təvəllüdlü Məmməd Əmrahov 2005-ci il təvəllüdlü Elnur Quliyev tərəfindən qətlə yetirilib.
Qətlin baş verməsinə səbəb kimi mərhum Məmməd Əmrahovun heyvanlarını Elnurgilə məxsus torpaq sahəsində otarması göstərilir.
Elnur ifadəsində bildirib ki, Məmməd Əmrahovdan heyvanlarını onların sahəsindən çıxarmasını istəyib:
“Məni söyməyə başladı. Var-yoxumun ünvanına ağır sözlər dedi. Mən ona heç nə deməyərək evə getdim. Evdən xəncəri götürüb köynəyin altında gizlətdim. Sahəyə qayıdanda Məmmədin ağacın altında oturduğunu gördüm. Ona yaxınlaşanda əlində olan ağacla məni vurmaq istədi. Xəncəri çıxararaq ona bir neçə zərbə vurdum”.
Mərhumun qardaşı isə hadisənin baş verməsinin səbəbini başqa cür izah edib. Bildirib ki, Məmmədlə Elnur arasında daha əvvəl də münaqişə olub:
“Elnur mənə demişdi ki, qardaşımı öldürəcək. Elnur iddia edirdi ki, Məmmədlə onun anasının münasibəti var. Qardaşımı hədələməsi ilə bağlı polisə şikayət də edilmişdi. Hadisə günü qardaşım mənə zəng etdi ki, Elnur onu həyətdə bıçaqlayıb. Qorxudan dilim tutuldu. Məni xəstəxanaya aparandan sonra məlum oldu ki, qardaşım ölüb”.
Mərhumun hüquqi varisi Elnura ən ağır cəzanın verilməsini tələb edib.
Məhkəmə Elnuru qəsdən adam öldürmə, qanunsuz olaraq soyuq silah saxlama maddələri ilə təqsirli bilib. Hökmə əsasən, Elnur 11 il müddətinə azadlıqdan məhrum edilib.
İ.Muradov
Musavat.com
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ