Onlayn ictimai-siyasi qəzet
1960-cı illərin sonlarında Kremldə əsaslı təmir və bərpa işlərinin aparılması ilə bağlı bir neçə dəfə rəsmi və qeyri-rəsmi müzakirələr aparılıb. Müzakirələrdə söhbət yalnız Kreml divarlarının və ərazidəki qüllələrin təmir və bərpasından gedib. Təxmini hesablamalara görə, bu işlərə sərf olunacaq məbləğ haqqında Brejnevə məlumat veriləndə rəqəmlər baş katibi təəccübləndirib və o, bu məsələnin icrasını müvəqqəti olaraq təxirə salıb.
1971-ci ildə Kremlin hərbi komendantı general Sergey Şornikov Brejnevlə görüşlərinin birində bərpa və təmir məsələsini baş katibə yenidən xatırladıb. Görüşün sonunda Brejnev komendantla razılaşıb:
- Bu iş gec-tez öz həllini tapmalıdır. Biz əvvəlcə bu işə nə qədər vəsaitin lazım olduğunu müəyyənləşdirməliyik. Bunun üçün xüsusi proqram hazırlanmalıdır. Siz bu məsələləri Kosıginlə (SSRİ Nazirlər Sovetinin sədri) ətraflı müzakirə edin, təkliflər hazırlayın, sonra bir yerdə ümumi qərara gələrik.
Şornikov üçün bu qiyabi razılıq yetərli olub ki, o, Kosıginlə görüşsün. General baş nazirin qəbuluna əliboş getməyib. O, Kosıginə əvvəlcədən hazırladığı proqram-layihəni təqdim edib. Proqrama şərti olaraq “Perimetr” adı verilib. Mütəxəssislərin də cəlb olunduğu və üç həftə davam edən müzakirələrdən sonra təmir və bərpa işlərinə 125 milyon rubl vəsaitin lazım olduğu müəyyənləşib. Kosıgin başda olmaqla bir neçə qurumun rəhbəri, o cümlədən Şornikov hazır təkliflə Brejnevin qəbuluna gediblər. Brejnevi daha çox vəsait məsələsi narahat edib, onun Kosıginə ilk sualı da bununla bağlı olub. Kosıgin sualı ətraflı cavablandıraraq bildirib ki, bütün bu işlərin görülməsinə iki-üç il vaxt lazım gələcək, buna görə də büdcədən 125 milyon rublu bir il ərzində ayırmağa ehtiyac qalmır, həmin vəsaiti üç yerə böləndə bir ilə düşən məbləğ çox da böyük görünməyəcək.
Bununla da Kremlin bərpa və təmir məsələsi ilə bağlı “Perimetr” proqramının icrasına start verilib. Proqrama ümumi rəhbərlik general Şornikova həvalə edilib. Nəzərdə tutulmuş bütün işlər vaxtında və uğurla yekunlaşıb. Buna görə Şornikov 1978-ci ildə SSRİ Dövlət Mükafatına layiq görülüb.
“Perimetr” proqramı Mərkəzi Komitədə, bütövlükdə siyasi elitada yüksək qiymətləndirilib, Brejnev dövrünün ən uğurlu layihəsi sayılıb. Yalnız bir nəfər, Brejnevlə yaxınlığı ilə seçilən SSRİ daxili işlər naziri Nikolay Şelokov “Perimetr” proqramına etiraz edib.
Maraqlıdır, bütün məsələlərdə Brejnevə dəstək verən, baş katibin ən yaxın adamı sayılan Şelokov “Perimetr” proqramından nəyə görə narazı qalıb?
Əslində bu narazılığın kökündə bərpa və təmir işlərinin keyfiyyəti, həcmi, ona ayrılan böyük vəsait durmayıb. Məlum olduğu kimi, uzun illər Şelokovla DTK sədri Andropov arasında çəkişmələr davam edib. Kremlin hərbi komendantı, proqramın əsas icraçısı general Şornikov isə komendant olmaqla yanaşı, həm də DTK-nın 9-cu İdarəsinin rəis müavini olub və birbaşa Andropovun tabeliyində xidmət edib. Digər bir tərəfdən, Şornikovla Andropovun arasında dostluq münasibətləri də hökm sürüb. Bu səbəbdən də Şelokov Şornikovu “həzm” edə bilməyib. Onun hansısa bir məsələdə qazanacağı uğura da əngəllik törətmək istəyib.
Şelokov hələ 1973-cü ildə Şornikovu sıradan çıxarmaq istəyib. Bəzi versiyalara görə, həmin ilin sentyabrın 1-də Lenin Mavzoleyində törədilən partlayışda Şelokovun əli olub. O, bu partlayışı qəsdən təşkil etməklə bütövlükdə Kremlin mühafizə və təhlükəsizliyinə cavabdehlik daşıyan DTK-nı, Kremlin hərbi komendantını vurmaq istəyib.
Qeyd edək ki, partlayış nəticəsində iki nəfər turist yerindəcə həlak olub, dörd nəfər məktəbli ağır bədən xəsarəti alaraq təcili xəstəxanaya çatdırılıb, onlardan biri sonradan xəstəxanada dünyasını dəyişib. Partlayışı törədən naməlum şəxs isə tanınmaz hala düşüb, onun yalnız sağ qolu və başı bötöv qalıb, bədəninin digər hissələri kiçik hissələrə parçalanıb.
Andropovun şəxsən rəhbərlik etdiyi əməliyyat qrupu naməlum şəxsin kimliyini, sifarişçinin kim olduğunu müəyyənləşdirə bilməyib. Birincisi ona görə ki, həmin şəxs partlayış zamanı tanınmaz vəziyyətə düşüb, cibində olan pasport isə çox çətinliklə qismən bərpa olunub. Həmin pasport 21 il əvvəl dünyasını dəyişmiş kimsəsiz bir adama məxsus olub ki, bununla da izə düşmək mümkün olmayıb.
Leninin balzamlaşdırılmış nəşinə heç bir ziyan dəymədiyindən Mərkəzi Komitə bu hadisənin üstündən sakitliklə keçib. Nə DTK sədri, nə də Kremlin hərbi komendantı hadisəyə görə töhmət və cəza alıb. Amma sözsüz ki, Andropov və Şornikov təhlükənin kim tərəfindən gəldiyini yaxşı biliblər.
19 il ərzində Kremlin hərbi komendantı vəzifəsində xidmət edən Şornikov bir neçə dəfə buna bənzər insidentlərlə qarşılaşıb, amma o, heç vaxt açıq konfliktlərə getməyib. Komendant siyasi dairələrdə peşəkarlığı və iş bacarığı ilə yanaşı, həm də yüksək intellektə sahib, mənəvi cəhətdən zəngin, sözün əsl mənasında yaxşı bir insan kimi tanınıb. Xidmət sahələri fərqli olsa da, Şornikovla Kosıginin arasında olduqca sıx münasibətlər olub.
Şornikov 1986-cı ildə 65 yaşında xidmətdə son yaş həddi ilə bağlı general-leytenant rütbəsində istefaya göndərilib. Kreml məmurları onu böyük təntənə ilə yola salıblar. Kremldəki 19 illik xidməti dövründə Şornikov bir çox hadisələrlə yadda qalıb, daha çox isə onu 125 milyonluq layihənin rəhbəri kimi xatırlayıblar. General 1992-ci ildə, 71 yaşında vəfat edib.
İlham Cəmiloğlu,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ