Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənovun cinayət işi üzrə məhkəmə yekunlaşmaq üzrədir. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, Üzeyir Həsənovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Musavat.com xəbər verir ki, Üzeyir Həsənovun cinayət işi üzrə məhkəmə araşdırmaları 2023-cü ilin yanvarında başlamışdı. Vəkilləri prosesin qapalı keçirilməsini istəmişdilər. Üzeyir Həsənov Müdafiə Nazirliyi, Tarix Muzeyində mənimsəmələrə görə ittiham edilir. Müdafiə Nazirliyinin sifarişi əsasında rayonlardan birində silah-sursat anbarının tikintisi, o cümlədən, ərazinin abadlaşdırılması, mebel avadanlıqlarının quraşdırılması üçün büdcədən ayrılmış 7 milyon manatdan artıq vəsaitin mənimsənildiyi iddia olunur.
Üzeyir Həsənova Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Şirkət rəhbəri 2011-2017-ci illərdə silah-sursat anbarının tikintisi, orada kommunikasiya xətlərinin, mebellərin quraşdırılması zamanı öhdəliklərini tam şəkildə yerinə yetirməməkdə, qiymətləri sənədlərdə şişirtməkdə suçlanır. Həmin iş üzrə 7 milyon 353 min manat büdcə vəsaitinin mənimsənildiyi iddia olunur. Muzey məsələsinə gəlincə, ittihamda göstərilib ki, Üzeyir Həsənov 2018-2019-cu illərdə Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Tarix Muzeyinin ekspozisiyasının təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərin aparılmasını üzərinə götürüb. Lakin öhdəliyə əməl olunmayıb. O, bu epizod üzrə 1 milyon 800 min manatlıq yeyintidə ittiham olunur. Lakin şirkət rəhbəri özünü təqsirli bilmir. Onun özü də, vəkilləri də deyir ki, hərtərəfli araşdırma aparılmadan, mötəbər sübutlar olmadan həbs edilib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ