Onlayn ictimai-siyasi qəzet
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxsləri sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun sabiq müdiri Eldəniz Qulamovun barəsində cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə davam etdirilən prosesdə şahidlər ifadə veriblər.
Şahid Sirac Axundov ifadəsində bildirib ki, o, Gənclər və İdman Nazirliyində əsasən döyüş-güləş idman növləri üzrə tədbirlərin təşkilinə məsul şəxs olub: “Mən sambo, taekvando, karate kimi idman növləri üzrə yarışların təşkilində kurator kimi fəaliyyət göstərmişəm. İşlədiyim dövrdə yarışlar plan-təqvimə əsasən təşkil olunurdu. Bu yarışların təşkili üçün müəyyən vəsait tələb olunurdu. Yarışlar bəzən saat 10:00-dan 22:00-dək davam edirdi və təbii ki, nəqliyyat xərcləri də qarşılanmalı olurdu. Tədbirlər üçün nəzərdə tutulmuş xərclər mənim kuratoru olduğum yarışlara görə şəxsi bank hesabıma köçürülürdü. Həmin vəsaiti bankdan çıxarıb gətirirdim. Xərclər planından kənarda da yarışlar təşkil olunurdu və qaliblər mükafatlandırılırdı. Bu yarışlar üçün tələb olunan vəsaiti Eldəniz Qulamov təmin edirdi. Çünki ümumi vəsait Eldənizdə olurdu. Əlavə xərclərlə bağlı qeydiyyatlar da aparılırdı. Yarışlar əsasən həftə sonları keçirilirdi və səhər saatlarından axşam saatlarınadək, təxminən saat 17:00-dək davam edirdi”.
Hakim Eldəniz Qulamovdan vəsaitin bu üsulla çıxarılmasının səbəbini soruşub.
Eldəniz Qulamov bildirib ki, idmançılara vəsaiti kart vasitəsilə təqdim etmək uzun və mürəkkəb prosedur olduğu üçün bu üsuldan istifadə olunub: “Yarışlar zamanı bəzən idmançılar üçün təcili xərclər ortaya çıxırdı. Təbii ki, bu məbləğlərin nağdlaşdırılması çətin idi və razılaşdırma prosesi həm işin gedişatını ləngidir, həm də əlavə xərclər yaradırdı. Eyni zamanda, burada böyük məbləğlərdən söhbət getdiyi üçün bank komissiya tuturdu. Buna görə də vəsaiti əvvəlcədən çıxarıb saxlayırdıq və həmin puldan istifadə olunurdu, bununla bağlı qeydiyyat aparılırdı”.
Dövlət ittihamçısı bu cür vəsait köçürülməsi və çıxarılmasının qanunvericiliyə uyğun olmadığını bildirib.
Dövlət ittihamçısının suallarını cavablandıran şahid qeyd edib ki, 500 manat məbləğində əməkhaqqı alıb və bəzi hallarda tədbir planında nəzərdə tutulmayan xərcləri şəxsi vəsaiti hesabına qarşılayıb. “Bəzi əlavə xərcləri öz hesabıma qarşılayırdım və ayın sonunda Eldəniz bəydən alırdım”.
Hakim bu zaman sual verib ki, bəs Eldəniz sənə pulu vermədi onda nə edirdin?
Şahid suala cavab verə bilməyib.
Növbəti məhkəmə prosesi iyulun 23-nə təyin edilib.
Qeyd edək ki, adıçəkilən şəxslər dövlət büdcəsindən 1 milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunurlar.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən onların barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Eldar Qulamov və Raqif Abbasov barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi zərərçəkmiş qismində tanınıb.
İbtidai istintaq zamanı dəymiş ziyandan 100 min manat məbləğində vəsaitin ödənilməsi təmin edilib.
İnarə Hünbət,
Musavat.com
10 Iyul 2025
09 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ