İnsanlara hürriyət, millətlərə istiqlal!

1 may: sovet qalığı, yoxsa zəhmətkeş bayramı - rəy

Zaur Əliyev: “1 mayda ermənilər Azərbaycan əleyhinə etirazlara başladı və Xankəndidə sonuncu dəfə Azərbaycan bayrağı qaldırıldı, bu gün isə...”

Sovetlər dönəmində ittifaq respublikalarının əsas bayramlarından biri də 1 mayda keçirilirdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1 may ölkəmizdə qeyd edilmir. Dünyanın bir çox ölkələrində, o cümlədən qardaş Türkiyədə də 1 may hələ də Zəhmətkeşlərin Günü kimi qeyd edilir. Düzdür, solçuların bayramı kimi tanınır, amma dünyanın çox ölkələri buna sadəcə zəhmətkeşlərin həmrəyliyi günü kimi yanaşır. 

1 maya yanaşmalar necədir? Bu sovet qalığıdır, yoxsa tarixi başqadır? Qeyd edilməlidirmi? 

Tarixə qısa nəzər salsaq görərik ki, 1 may bayramının tarixi 19-cu əsrin ortalarına təsadüf edir. İlk dəfə 21 aprelin 1856-cı ildə Avstraliyada fəhlələr iş gününün qısaldılması, səkkiz saatlıq iş rejiminə keçid tələbi ilə bağlı kütləvi mitinqlərə çıxıblar, tətillər başlayıb. Etirazçı kütlələrə təzyiq göstərilsə də, nümayişləri dağıtmaq mümkün olmayıb və onların tələbi qismən də olsa yerinə yetirilib. Bu hadisədən, 9 günlük nümayişlərdən sonra hər il Avstraliyada may ayının 1-i bayram günü kimi qeyd olunmağa başlayıb.

Avstraliya hadisələri 1886-cı ilin 1 mayından ABŞ-da və Kanadada təkrar olunub. Çikaqoda isə hadisələr sakitliklə ötüşməyib. 4 may 1886-cı ildə Çikaqo küçələrində qarşıdurma zamanı altı nümayişçi həlak olub. Səhəri gün hüquq-mühafizə orqanları etirazçılara qarşı daha sərt tədbirlər həyata keçiriblər. Bu qarşıdurma zamanı həm polisin, həm də etirazçıların kütləvi toplaşdığı meydana “qeyri-müəyyən” şəxs tərəfindən partlayıcı maddə atılıb. Nəticədə səkkiz nəfər polis əməkdaşı həlak olub, 50 nəfərdən artıq adam ağır dərəcəli bədən xəsarətləri alıblar. Baş vermiş insidentə görə səkkiz nəfər həbs olunub. Onlar haqqında əvvəlcə asılmaqla edam hökmü çıxarılsa da, sonra cəzaları 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.

Ayrı-ayrı dövrlərdə 1 may bayramı fərqli adlar daşıyıb: dünya fəhlələrinin həmrəylik günü, dünya zəhmətkeşlərinin həmrəylik günü, əmək günü, beynəlmiləlçilik günü, əmək və bahar günü və sairə.

SSRİ-də 1972-ci ilə qədər 1 may tarixi beynəlmiləlçilik bayramı adlandırılıb. 1972-ci ildən bayramın adı dəyişdirilərək zəhmətkeşlərin beynəlxalq həmrəyliyi günü olub.

1920-ci ildən başlayaraq, 1 may Azərbaycanda da rəsmi bayram günü kimi qeyd olunub. Lakin hələ 1919-cu ildə əməkçilər 1 may bayramı qeyd ediləndə Rəsulzadənin rəhbərliyi ilə ADR hökuməti bu bayramda fəal iştirak edib. Onlar bu bayramın sinfi qarşıdurma yaradan amil kimi qiymətləndirilməsini rədd edirdilər.

SSRİ tərkibində olanda 1 may bayramı rəsmi bayram sırasında ən yüksək səviyyədə qeyd olunar və bununla bağlı keçirilən tədbirlərdə, televiziya və mətbuatda insanlara əməyin, zəhmətin nə qədər vacib olduğu aşılanardı. 1992-ci ildə isə bu bayramı totalitar quruluşun ideoloji atributu kimi ləğv etdilər. Həmin ilin oktyabrında müstəqil Azərbaycanın bayramları haqqında qanun qəbul edilərkən 1 may xeyli dərəcədə ideolojiləşmiş bayram kimi o sıraya daxil edilmədi. Həmin bayramın sinfi ideologiyanı daşıyan şəxslərin təşəbbüsü ilə yaradıldığını əsas gətirdilər. 1992-ci ildə keçmiş prezident Əbülfəz Elçibəyin göstərişi ilə 1 mayın rəsmi səviyyədə qeyd edilməsinə son qoyuldu.

Ölkəmizdə bu tarixi sadəcə kommunist partiyasının üzvləri kiçik bir yürüşlə qeyd edirlər. Lakin demək olar ki, bütün sosioloqlar, psixoloqlar, müxalifət və iqtidar nümayəndələri də belə bir bayramın yüksək səviyyədə keçirilməsinin vacib olduğunu bildirirlər.

“Sosialist bacı” adı ilə tanınan kommunist Roza Lüksemburq öz tarixi məqaləsində yazırdı: “1 may əsasən 8 saatlıq iş günü çağırışları ilə başlasa da, bu məqsədə nail olduqdan sonra da bu proses bitmədi. Nə qədər ki işçilərin burjuaziya və hakim sinfə qarşı mübarizəsi davam edir, nə qədər ki bütün tələblər yerinə yetirilməyib, 1 may bayramı da hər il bu tələblərin ifadəsi olacaq.

1 may uzun illərdir ki, dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd edilir. Dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq qeyd edilir. Əksər 1 may nümayişləri dinc şəkildə və insidentsiz başa çatsa da, bəzən planlı qarşıdurmalar da yaradılır. Bəzi ölkələrdə bayram günü nümayişə çıxan işçilərin qanı tökülür. Bunu edənlər isə 100 il öncəki kimi yenə də burjuaziyanın, azğın kapitalizmin casus provokatorlarıdır.

İndiyə kimi 1 may nümayişlərində 1000-dən çox insan öldürülüb. Lakin bu qurbanlar 1 mayı beynəlxalq zəhmətkeşlər bayramı kimi qeyd edən milyonları qorxutmur. Çünki “Sosialist bacı”nın dediyi kimi, nə vaxtadək dünyada sosial ədalət, sinfi bərabərlik, insan hüquqları tam bərqərar olmayıb, o zamanadək 1 may tarixi ampluasında qeyd olunacaq. 

Alimdən ÇAĞIRIŞ: Polis o valideynlər barədə tədbir görsün

 Zaur Əliyev 

Dosent Zaur Əliyev “Yeni Müsavat”a 1 mayla bağlı fikirlərini bölüşdü: “1 may günü ilə  bağlı bir çox hadisələr var ki, tarixdə qalıb. Əksər ölkələr bu günü zəhmətkeşlər günü kimi keçirir. Qeyd edim ki, 1919-cu ildə Azərbaycan Cümhuriyyəti hökuməti və Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə 1 may gününü qeyd ediblər. 1992-ci ildə isə Əbülfəz Elçibəyin sərəncamı ilə ölkədə 1 may gününün keçirilməsi rəsmən qadağan edilib. Bu başqa məsələdir. 

Qarabağın tarixini bilənlər xatırlayar. 1 may 1988-ci ildə, ermənilərin Azərbaycan əleyhinə etirazlarının başladığı və azərbaycanlıların sürgün edildiyi Xankəndində sonuncu dəfə Azərbaycan bayrağı (o dövrdə Azərbaycan SSR) 1 may yürüşündə qaldırılıb, özü də minlərlə ermənin gözü önündə. Həmin günü dağılmaq üzrə olan sovetlər birliyində bütün respublikalara 1 may gününün keçirilməsi tapşırığı verilmişdi. Ermənilər də  bayram nümayişindən sonra şəhərin baş meydanında böyük mitinq keçirməyi planlaşdırmışdılar. Tələbləri isə  Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi idi. Bütün şüarları bu sözlərdən ibarət idi.  Bu mitinqin təşkilatçı isə  “Dağlıq Qarabağ Muxtar Vilayətinin” 1-ci katibi  Henrix Poqosyan  idi. 

1 may günü  Xankəndinin baş meydanında hər bir kollektivin sıraları düzlənir, şüarlar və bayraqlar qaldırılır və  rəhbərliyin  dayandığı tribunanın qarşısında qarşılıqlı əl etmə və bayram salamlaşması olurdu. Bütün sovet  respublikalarının  bayrağının orada olmasına baxmayaraq, Azərbaycan SSR-in bayrağına rəsmən qadağan qoyulmuşdu. 

Xankəndi Pedaqoji İnstitutunun 60-dan çox müəllim tələbə kollektivinin israrı və təkidi ilə minlərlə erməninin qarşısında Azərbaycan bayrağı tribunadan keçəndə qaldırıldı və orada bütün təzyiqlərə və hədə-qorxulara baxmayaraq, cəsarətli gənclər tərəfindən sonuna qədər aparıldı.  Məhz 1 may 1988-ci ildə Azərbaycanı təmsil edən  bayraq Xankəndidə sonuncu dəfə dalğalandı. İndi üstündən 36 il keçəndən sonra 1 may 2024-cü ildə müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağı, Cümhuriyyət bayrağı Xankəndidə, azad şəhərimizdə dalğalanır. Hər zaman ucalarda olsun Bayrağımız". 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR