Onlayn ictimai-siyasi qəzet
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu 2024-cü ilin yanvar ayının yekununa dair məlumat yayıb.
Musavat.com-un xəbərinə görə, məlum olur ki, 2024-cü ilin yanvar ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə narkotiklərlə əlaqəli 1098 cinayət faktı aşkarlanıb. Onlardan 316-sı narkotik vasitələrin qanunsuz satışı, 782-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması ilə bağlı olub.
Məlumatda aşkarlanan faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə 831 kiloqram 021,607 qram narkotik vasitələrin və psixotrop maddələrin 86 kiloqram 213,9 qramı heroin, 681 kiloqram 712,79 qramı marixuana, 16 kiloqram 104,876 qramı tiryək, 22 kiloqram 833,55 qramı həşiş, 23 kiloqram 078,491 qramı psixotrop maddələr, 1 kiloqram 078,255 qramı digər narkotik vasitələrin təşkil etdiyi qeyd olunur. 1 ay ərzində 690 ədəd həb metadon, 69,2 qr güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb. Qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 22 milyon 476 min manat qiymətləndirilib.
Məlumatda qeyd olunur ki, hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 29 fakt aşkar edilib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 422 kiloqram 862,838 qram və 690 ədəd həb metadon müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb. Ümumilikdə, aşkar edilmiş cinayətlərin 27-si qrup halında törədilib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 187 kiloqram 290,6 qram narkotik vasitə və psixotrop maddə müsadirə olunub. 109 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 133 kiloqram 013,1 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
İşçi Qrupunun apardığı təhlil göstərir ki, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən narkotiklərin qanunsuz satışı ilə bağlı faktların sayı 36, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 6, digər növ cinayət faktların sayı 8, qrup halında olan cinayətlərin sayı 5 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 170 nəfər azalıb.
Aşkar edilən ümumi faktların sayı 48 fakt, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 2 fakt, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların cayı 98 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 156 kiloqram 261,318 qram artıb.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, hesabat dövründə Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Narkoloji Mərkəzə 6 min 847 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 162 nəfərdən 124 nəfəri istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 1 ay ərzində İİV-ə 108 nəfər yoluxub. Onlardan 106 nəfəri Azərbaycan vətəndaşları, 2 nəfəri isə əcnəbilər olub. Azərbaycan vətəndaşları arasında 8 nəfəri İnyekson Narkotik İstifadəçiləri olub.
“802” qaynar xətt telefon zəng xidmətinə 44 vətəndaş müraciəti daxil olub ki, onların 14-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 17-si narkotik asılılıqdan müalicə, 13-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 31 məktub ünvanlanıb. Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri başlanıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb. Narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ