Общественно-политическая интернет газета
Rejissor-aktyor Taleh Yüzbəyovun, özü demişkən, "kafe faciəsi" adlandırdığı statusundan hazırlanmış sayt materialını oxuyanda yadıma 14 il əvvəl Vaşinqtonda iştirakçısı olduğum bir söhbət düşdü.
İndi bir çoxları deyəcək, bu da bir dəfə Amerikada olub, 14 ildir, danışır, qurtarmır. Məsələ belədir, əziz soydaşlar. Təvazökarlıqdan Delaver şəhəri qədər uzaq olsa da, bizim peşənin adamları gördükləri hər şeyi “gələcəkdə yazıya gələr” deyə yadda saxlayırlar və bir gün kara gəlir.
Xüləs, Vaşinqtondakı söhbət belə oldu: səfər yoldaşlarımızdan birinin dostunun qardaşı bu şəhərdə yaşayırdı, axşam dalımızca otelə gəldi, bizi öz maşınına mindirib şəhər mərkəzinə apardı. Getdik Potomak çayının sahilində “Fənərbaxça” azarkeşi (əynində “Fənər”in sarı-lacivərd köynəyi vardı) olan gənc bir türkün işlətdiyi kafedə dondurma yeməyə. Bizi qonaq aparan gənc vətən üçün darıxmışdı və hiss olunurdu ki, Vaşinqtonda azərbaycanlı sifəti görməməyin, azərbaycamlı söhbəti eşitməməyin dərdini edir. Ordan-burdan xeyli göft-gu edəndən sonra qardaş soruşdu ki, Bakının mərkəzində xudmani bir kafe-restoran alıb işlətmək neçəyə başa gələr.
Bizim – onun qardaşının mobil operator şirkətində işləyən dostunun və mənim bu işdə heç bir təcrübəmiz olmadığından dedik ki, ən yaxşısı odur ki, bunu Bakıda yaşayan qardaşından soruşasan. Amma gənc soydaşımız dedi ki, ondan soruşmuşam, deyib, qaxıl otur Amerikada, ölkəyə qayıtmağı ağlından keçirmə. Dedim, eyni sözü yumşaq şəkildə mən də deyirəm.
Qardaş təslim olmadı, dedi, yox e, burada tablaşmıram, düzdür, işim yaxşıdır, qazancım əladır, amma nəsə elə bilirəm, həyat Azərbaycandadır, mən burda boşuna yaşayıram.
Aydın məsələydi. Adamı vətən həsrəti sarmışdı. O, yenə də soruşdu ki, yəni 200 min dollara babat bir məkan tapmaq olmazmı, ən azı icarəyə götürüb işlətmək mümkün deyilmi.
Cibində nağd 200 min dolları olan həmvətənimizin gözünü açmağa çalışdım, dedim, qardaş, gələrsən də, mərkəzdə bir yeri icarəyə götürərsən də, burası asandır, amma sonra aybaay xərac istəyən strukturların əlində qalacaqsan. Hamısının adını saydım, dedim, qazandığını onlara verəcəksən, gətirdiyin pul da əlindən çıxacaq, sonra yenidən bu ölkəyə qayıdıb 200 min qazana biləcəksənmi?
Adam bir az duruxdu, dedi, qardaşım da elə deyir. Ta bilmirəm, o, ölkəyə qayıtdımı, qayıdıb iaşə biznesinə girişdimi, bankrot olub yenidən Vaşinqtona qayıtdımı.
Ancaq Bakının mərkəzində kafe açaraq orta bizneslə məşğul olmaq istəyən Taleh Yüzbəyovun başına gələnləri oxuyanda fikirləşdim ki, o vaxt həmvətənimizə düzgün yol göstərmişəm.
Talehin statusundan sitatlara baxın: “Bütün kafe açmaq istəyənlərə ilk və əsas məsləhətim odur ki, bu işdə təcrübəniz, böyük təcrübəsi olan dostunuz... yoxdusa, açmayın!"
İkinci sitat: "Qonşular, işçilər, işıq idarəsi, vergilər, qida təhlükəsizliyi, icra hakimiyyəti, obyekt yiyəsi, reklam agentliyi, fövqəladə hallar, müştərilər, sanepidemstansiya, borclu olduğunuz şirkətlər və başqa-başqa qurumlar və şəxslər sizi dövrəyə alırlar”.
Bax, əsas məsələ budur, mən də Potomak çayının sahilindəki həmsöhbətimə belə demişdim. Bu adları çəkilənlər obyektdən maaşlarını, xidnət haqlarını almaq istəyənlərdir. “Dolya” almaq istəyənlər də bu cümlədən.
Üçüncü sitat: “Hər bina altında yerləşən kafedə olduğu kimi bir demaqoq qonşu hər yerə bizi şikayət elədi, cərimələndik”.
Bu “demaqoq qonşu” doğrudan da hər yerdə olur və camaatı qızışdırır. Əslində, müəssisəni xəraca oturmaq istəyənlərdən biri də odur, dərdi də budur ki, pul qazanırsınız, mənə də verin, yoxsa şikayət edəcəm. Əgər obyekt yiyəsi səxavətli olsa, adama 3-5 manat pul verir və o səsini kəsir, yox, verməsə, adam mütləq əli çatan hər yerə şikayət edir, lap axırda isə şərləyir, deyir, kafeni əxlaqsızlıq yuvasına döndəriblər, yüngül həyat tərzi keçirən qadınlar gəlir, səhərə kimi gülüşürlər, yata bilmirik.
Taleh Yüzbəyov başına gələnləri daha detallı yazıb, ta təkrar etmək istəmirəm. Bildiyim budur ki, 14 ildir bu sferada dəyişən bir şey yoxdur, varsa da, pisliyə doğrudur.
İndi deyəcəklər, bəs şəhərdə yüzlərlə rentabelli işləyən, pul qazanan kafe-restoranlar var axı.
Var, əlbəttə, var. Amma siz baxın, görün, onların hansının sahibi balaca adamdır. Taleh Yüzbəyov, nazir demirəm, komitə sədri demirəm, adicə İH başçısı, idarə rəisi, deputat-filan olsaydı, indi onun da “YüzKafe”si yüz kafedən biri olardı.
КомментарииОставить комментарий