Общественно-политическая интернет газета
Lokal antiterror tədbirləri ilə terror yuvasında qarşıya qoyulan hədəflərə cəmi 24 saat sonra nail olduq. Gedişat hamıya bəllidir – antiterror başlayandan bir gün sonra Qarabağ ermənilərinin “rəhbərləri” dedilər ki, əməliyyat dayansın, danışıqlara gəlməyə hazırıq. Azərbaycan hər zaman və bütün məsələlərdə dialoq, danışıq, barış tərəfdarı olub. Buna görə də onlara Yevlaxda görüşmək şansı yenidən tanındı. Sentyabrın 21-də Qarabağ ermənilərinin nümayəndələri - Sergey Martirosyan və David Melkumyan Yevlaxa gəldilər.
Görüşdə Azərbaycanın mərkəzi hakimiyyətini Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil etdilər.
Görüşdən sonra erməni mənbələr müxtəlif iddialar yaymağa başladılar ki, bəs, görüşdə razılıq əldə edilməyib, sənəd imzalanmayıb...
Təəssüf ki, cəmiyyətimizdə bundan sonra qəribə bir əhval formalaşdı. Yevlaxda görüş bitər-bitməz bir çox insanlar sosial şəbəkələrdə "bəs niyə bir sənəd imzalanmadı?" , "nəticə niyə olmadı?", "belə də gözləyirdik elə" kimi statuslar, şərhlər yazırdılar. Hansı ki, Azərbaycan dövlətinin rəsmi açıqlamasını gözləmək lazım idi...
Açıqlama olmasa belə, axı kim və nə vaxt demişdi ki, Yevlaxdakı ilk görüşdəcə bütün məsələlərə dair konkret razılaşmalar olacaq və ya erməni təmsilçiləri döyə-döyə də olsa hansısa sənədə qol çəkdirib yola salacağıq?!
Biz erməniləri antiterrorla məcbur etdik ki, Yevlaxa görüşə gəlsinlər və tələblərimizi masa arxasında dinləyib, gedib bütün erməni vətəndaşlara, qanmazlara da anlatsınlar, reinteqrasiya başlasın. Məgər Yevlaxda görüş bitən andaca reinteqrasiya başlaya bilərmi? Xeyr! Çünki separatçılar arasında hələ də özünü “revanşist” hesab edənlər var. Məsələn, Karen Cavalyan adlı bir “general” bir dəstə terrorçunu ətrafında tutaraq iddia edir ki, təslim olmayacaq.
Onu reinteqrasiyaya, danışıqlara artıq razılaşmış ermənilər də anlada, yola gətirə bilmir. Əlbəttə, zor-xoş başa salacağıq, yaxud bir əməliyyatla qandallayacağıq və ya məhv edəcəyik...
Ancaq hələlik durum belədir ki, bir günün içərisində bütün məsələlərin həllinə nail olmaq mümkün deyil.
Fərqindəsinizmi hazırda sülhməramlıların nəzarətində olan, terrorçuların zərərsizləşdirildiyi ərazi – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində separatizm, terrorizm, tabesizlik mühitinin tarixi 100 ildir?! 1923-cü ildən bəri burada nizam, düzən problemi var.
Son 30 ildə isə işğalda olub. 100 illik problem bir Yevlax görüşündə həll edilə bilərmi? Mümkündürmü sizcə?
Yevlax görüşü başlanğıcdır (bəlkə də tarixi başlanğıc), A nöqtəsidir. Z nöqtəsinə doğru proses burada start götürdü. Ermənilər mərkəzdən verilən təklif və tələblərimizi qeyd edib, icra etmək üçün Xankəndiyə yollanıblar.
Azərbaycan onlara hansı tələb və təklifləri təqdim edib, Yevlax görüşündə nəyə nail olunub, bunu rəsmən açıqlayandan sonra bəlli oldu ki, uğurlu, nizamlı bir variant üzərində çalışılır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bildirib ki, konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb.
Ramin Məmmədov tərəfindən reinteqrasiya üzrə planlar təqdim edilib.
Həmçinin Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasının vacibliyi vurğulanıb.
Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.
Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır.
Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.
Diqqət edin, artıq qərar verilib, planlaşdırılır ki, Qarabağdakı vətəndaşların təchizatını Azərbaycan dövləti həyata keçirsin.
Bu, o deməkdir ki, erməniləri yeni reallıqları qəbul etməkdən başqa yol qalmadığını tam anlayıblar və ehtiyaclarını dilə gətirdikdən sonra onlara verilən tapşırıqları həyata keçirmək üçün Xankəndiyə yola salınıblar.
Əlbəttə, Azərbaycan ən tez zamanda ərzaq, istiliklə bağlı öz üzərinə düşənləri edəcək. Bu yüklər əraziyə Ağdam-Xankəndi, Tərtər Ağdərə yolu ilə gedəcək!
Növbəti görüşədək silahların yığılması, təhvil verilməsi, gizlənən terrorçuların təslimi, qondarma rejimin buraxılmasının elan edilməsi də ermənilərin boynunun öhdəliyidir.
Daha sonra infrastrukturun bərpasına başlanılacaq...
Reinteqrasiya dediyimiz budur və aydındır ki, bir Yevlax görüşü ilə bütün bunları reallaşdırmaq mükün deyil. Bu görüşdə sadəcə ilkin tapşırıqlar verildi erməni nümayəndələrə.
Təbii, biz erməni xislətinə bələdik, boyun qaçırmağa, hansısa işləri yubatmağa çalışa bilərlər. Amma Azərbaycan həmin andaca antiterror tədbirlərini daha sərt şəkildə bərpa edəcək. Bunu ermənilər dəqiq bilir. Odur ki, qısa zamanda tələblərimizin icrasına başlayacaqlarına ümid edirik. Başqa yol yoxdur.
Elşad MƏMMƏDLİ
“Yeni Müsavat”
КомментарииОставить комментарий