Общественно-политическая интернет газета
Dünən internet resurslarında qarşıma ABŞ-ın ölkəmizə yeni təyin olunmuş səfiri Mark Libbinin videosu çıxdı. Baxdım. Yeni səfir aksentlə olsa da, ana dilimizdə danışırdı, çox güman ki, hazır mətni üzündən oxuyurdu.
Hər halda ABŞ kimi dünya nəhəngi olan ölkəni ölkəmizdə təmsil edən şəxsin ana dilimizə hörmət etməsi həm xoş idi, həm də təqdirəlayiqdir.
Nə səfirlər görmüşük biz. İndiki cavanlar bilməz, müstəqilliyimizin ilk illərində ABŞ-ı burada bir səfir təmsil edirdi, adı Riçard Mayls idi, kəşfiyyatçıydı. Onun vaxtında ölkəmizdə aləm bir-birinə qarışdı, qiyam, çevriliş, qırğın-qiyamət oldu, zalım oğlunun tükü də tərpənmirdi. Yenə indikilər bir şey olanda “narahat olurlar”, o olmadı, soyadından gəlirdi, nəydi, sifətindən təbəssüm əskilmirdi.
Ondan sonrakı səfir Riçard Kozlariç əsl müxalifətçiydi. Ona görə də hökumət onu sevmirdi, müxalifət isə çox sevirdi. Əvəzində sonrakı səfirlərdən Stenli Eskudero əsl iqtidar adamı çıxdı. Həmkarlar zarafatla deyirdilər ki, Eskudero burada YAP-ın Nəsimi rayon təşkilatına üzv olub. Gerçəkdən də ser hökumətə hakim partiyanın üzvündən artıq qahmar çıxırdı. Günü də Qəbələ, Quba tərəflərdə təkə ovunda keçirdi. Ona görə də ölkəmizdə gününü gün edən cənab Eskudero səlahiyyət müddəti başa çatandan sonra getmədi, Nardaran tərəflərdə torpaq alıb ev tikdirdi, biznes qurdu.
Ondan sonra ABŞ-ın ölkəmizdəki səfiri postuna Rino Harniş gəldi. O, ilk baxışdan fağır-fasıq görünən bir adam idi, Saratov tərəflərin balıqçılarına oxşayırdı, sonradan məlum oldu ki, müsyö su bulandırmağı, bulanıq suda balıq tutmağı yaxşı bacarır.
Daha sonrakı səfirlərdən Enn Dörs də, Riçard Morninqstar da yadda qalan adamlar idi. Xanım Dörs fəallıq edirdi, amma Morninqstar eləcə vəzifəsini yola verir, maaşını alırdı. Sonrakıların adlarını xatırlamaq üçün gərək Google-də axtarış verim, amma nə gərək var?
Əsas odur ki, indiyədək səfir olanların heç biri ana dilimizi bilmirdi. Sadəcə, Metyu Brayza, deyəsən, türkcə bir şeylər öyrənmişdi, o da yeznə sayılırdı, yoldaşı Zeyno Baran Türkiyədən idi, o, öyrətmiş olacaqdı.
Bir də Dörsün vaxtında səfirliyin ikinci katibi vardı, Conatan Henik, bax, o, ana dilimizi yaxşı bilirdi. Özü də yaxşı oğlan idi, jurnalistlərin dostuydu, nə sual olsa, səbrlə cavab verirdi. Yanımda ona zəng edib “Ə, Coni, nə təhərsən, qaqa, bir sualım var, cavab verə bilərsənmi” deyə soruşan jurnalist görmüşəm. O da “qaqa”sına cavab verib. Bir dəfə, gərək ki, Eynulla Fətullayevin məhkəməsində iştirak etmək üçün məhkəmə binasına girmək istəyəndə məşhur polkovnik Çingiz Məmmədov Conatan Henikin qabağını kəsmişdi ki, olmaz. Diplomat təmiz ana dilimizdə demişdi ki, niyə olmaz, açıq məhkəmədir, mən də diplomatik missiyanı təmsil edirəm. Ç.Məmmədov da təmiz ingiliscə ona demişdi: “Qou avey”.
Bu, elə də pis söz deyildi, amma ABŞ tərəfi çox hiddətlənmişdi, heç bir ay çəkmədi, Məmmədovu təqaüdə göndərdilər. Bir müddətdən sonra Henik də başqa ölkəyə getdi.
İndi cənab Libbinin bir suyu ona oxşayır. Dediyinə görə, milli mətbəximizdən dolma yeyib, xoşuna gəlib. Bildiyiniz kimi, dolma məsələsi elə-belə şey deyil. Adam dolma yeyibsə, sabah gedib Şuşada “Qoçət” restoranında lüləkabab da yeyəcək – özü də lavaşarası.
Yeni səfirin “mənə başqa ləziz təamlarınızı tövsiyə edin” deməsi də gözəl mesajdır. Bizim adamdır, demək. Onu səhər-səhər götürüb xaşa aparmaq lazımdır. Cənab Libbini arada Şəkiyə aparıb pitiyə, Ələhmədin halvasına qonaq etmək də pis olmaz. Hələ bunun Lənkəran ləvəngisi, Qazax-Tovuz-Ağstafa xəngəli, Ucarda sacda bişirilən beçə çığırtması, Siyəzəndə nərə balığından hazırlanan xan kababı kimi ləziz təamları var. Qoy doya-doya nuş eləsin, təki Azərbaycan həqiqətlərini öz ölkəsinə çatdırsın. İntəhası, qorxasan, ser Dövlət Departamentinə hesabat verəndə belə deyə: “Həqiqətən də ləziz mətbəxləri var, küftə, dolma, çığırtma, paxlava, kabablar, hər yeməkləri dadlıdır. Söz veriblər, bu gün-sabah məni qırçın kababa da aparacaqlar”.
Xüləseyi-kəlam, gerçəkdən də yeni səfirin bizə ilkin yanaşması çox xoş oldu – xüsusilə də ana dilimizdə danışması.
Odur, 200 ildir Rusiya ilə eyni dövlətdə yaşayırıq, burada yüzlərlə canişini, komissarı, ikinci katibi, səfiri-filanı olub, indiyə qədər biri də ana dilimizdə bir kəlmə danışmayıb. Hamısı da ləziz təamlarımızdan yeyib-içib, şellənib, gedib, heç olmasa, “sağ ol” da deməyiblər.
Libbi isə “salam” da deyir, “sağ ol” da, hələ ləziz təamlarımızdan dadanda “Baldı e, bal, can dərmanıdır” da deyəcək.
КомментарииОставить комментарий