Свобода людям, независимость нациям!

Yaxşı örnəklər, pis nümunələr

 

Hər gün milli mediamızda xarici ölkələrə dair maraqlı xəbərlər dərc olunur. Düzdür, bunlar müğənni Xatunun saç rəngini dəyişməsi qədər tirajlı xəbərlər olmur, amma aktual, hətta örnək xəbərlərdir.

Bu informasiyaları tərcümə və dərc edənlər hesab edirlər ki, o cür xəbərlərdə bəhs edilən şeylər ölkəmizdə tətbiq edilsə, yaxşı olar, inkişaf edərik, müşküllərimiz həll olar və sair və ilaxır.

Məsələn, bu günlərdə belə bir xəbər vardı ki, Argentinada vergi xidmətini diricə ləğv ediblər, işə götürülən 3 min adam işsiz qalıb. Yüz faiz, bu xəbəri oxuyanlarda ilk təəssürat belə olub ki, keşkə, bizdə də elə olaydı. Amma həmin xəbərin axırında belə bir qeyd də vardı ki, ləğv olunmuş bürokratik xidmətin yerində yeni, iş üslubu “sadə” olan agentlik yaradılacaq və vergi yığmaq işinə yeni adamlar baxacaq. Ta nə oldu? Yəni sahibkar onsuz da öz vergisini verməli olacaq, sadəcə, kağız-kuğuz işi azalacaq.

Ona qalsa, elə şeylər öz ölkəmizdə də çox olur. Məsələn, çox adamın yadında olmaz, o vaxt Dövlət Gömrük Komitəsinin bir sədri vardı, ad-soyadı, deyəsən, Aydın Əliyev idi (Google-dən dəqiqləşdirdim, eləymiş). 2018-ci ildə onu vəzifəsindən çıxardılar, yerinə Səfər Mehdiyevi təyin etdilər. İlk aylarda sahibkarlar Səfər Mehdiyevin atası Məmməd müəllimə rəhmət oxuyurdular, deyirdilər, nə yaxşı belə bir adamı DGK sədri təyin ediblər, hər şey qanuna uyğundur, rüsumdan əlavə rüsumların, xəracların alınması dayandırılıb, hər şey yaxşıdır. Hətta həmişə gömrükdəki neqativliklər barədə şikayət edən bir tanış sahibkar özü mənə zəng eləmiş, demişdi ki, indi təqdir edirəm, işlər əla gedir, malımı gətirirəm, dövlətin rüsumunu ödəyirəm, heç kəs əlavə “haqq” ummur. 6 aydan sonra iş necə dəyişdisə, həmin adam zəng elədi ki, Allah Aydın Əliyevin atası Əli kişiyə rəhmət eləsin.

Amma Argentinadakı haqq-hesabı örnək götürmək olar. Nə olmasa da, yeni iş yerləri açılar, hər şeyin daha yaxşı olacağına ümid yaranar. Sonrası da Allah kərimdir.

Daha bir örnək götürüləsi yenilik barədə xəbər Norveçdən gəlib. Bu da çılpaq halda yemək yeyən məşhur müğənni Madonnanın analoji hərəkəti qədər maraqlı xəbər deyil, amma vacib xəbərdir.

Yeri getmmişkən, deyim: adam hərdən düşünür ki, niyə dünyanın hər yerində sənət adamları vaxtaşırı səyləyir, məgər şöhrəti qorumaq üçün mütləq dombalaq aşmaq lazımdırmı.

Xəbər belədir ki, Norveçdə 15 yaşdan aşağı uşaqlara sosial şəbəkələrdən istifadə etmək yasaqlanacaq. Belə bir qadağa varmış, 13 yaşdan aşağı uşaqlara tətbiq edilirmiş. İndi yaş senzini daha 2 il artırıblar. Ölkənin oxumuş adamları araşdırıblar ki, o yaşdan aşağı uşaqların sosial şəbəkələrdə qurdalanması həm təhsillərinə pis təsir edir, həm də tərbiyələrinə.

Yenə adam düşünür ki, biz bu qadağanı da Norveçdən örnək götürə bilərik. Amma bu xüsusda pessimist düşüncə daha güclüdür. Çünki Norveçin özündə belə o qadağaya qoz qoyan yoxdur, hətta 10-11 yaşlılar da sosial şəbəkədə eşələnir. Bizdə də mümkün olmayacaq. Əksinə, əks-effekt verəcək, çünki “qadağan olunmuş meyvə şirin olar” deyiblər. Budur, neçə ildir müəllimlər özlərini yeyib-dağıdırlar ki, azyaşlı uşaqlar məktəbə telefonla gəlməsinlər, amma valideynlər etiraz edir ki, uşaqlarının təhlükəsizliyi üçün bu çox vacibdir. Bəlkə də elədir, indi sovet vaxtındakı kimi deyil, həyat kriminallaşıb, kidneppinq (uşaq qaçırılması) və bullinq (uşağın pisikdirilməsi) olayları, yol keçərkən qəzalar, şagirdlər arasında bıçaqaşmalar-filan artıb. Valideyn də məcburdur ki, hər tənəffüs zamanı zəng eləyib övladından soruşsun: “Salamatçılıqdırmı, mənim balam”?

Ancaq nə işdirsə, başqa ölkələrdəki gözəl örnəklərdənsə pis nümunələr ölkəmizə daha tez gəlir. Virtual fırıldaqçılıq, bank kartlarından pulun dələduzlar tərəfindən çıxarılması halları bizə xarici ölkələrdən gəldi, amma necə populyardırsa, bu hiylələrin icad olunduğu ölkələrin dələduzları mat qalıblar, fikirlərindən keçir ki, yığəşıb buralara gəlsinlər, dolanışıqlı yermiş.

Baxarsınız, çox çəkməyəcək, bizimkilərdən kimsə Madonnanın çılpaq halda, salfet kağızı ilə örtünərək yemək yeməsi haqq-hesabını örnək alacaq, təqlid edəcək. Bu da xeyriyyə fondlarına pul köçürmək deyil ki, örnək götürən olmasın.

Нет комментариев

Новости автора