Общественно-политическая интернет газета
Ukraynadakı hazırkı vəziyyət haqda təsəvvür yaranması üçün Müdafiə Nazirliyinin sözçüsü Dmitri Lazutkin dedikləri ilə başlamaqda fayda var. Lazutkin deyib ki, “mayın 18-də Ukrayna əhalisinin bir hissəsinin əvvəllər yaşadığı sakit həyatın sonu gələcək.Bəzi insanların döyüşərək daim cəbhədə olması, bəzilərinin isə sakit həyat sürməsinin artıq sona çatdı”. Lazutkin əlavə edib ki, Donbasla müqayisədə Kiyevin belə rahat yaşaması “çox təəccüblüdür”. Mayın 18-də Ukraynada səfərbərlik haqqında yeni qanun qüvvəyə minir, Lazutkin onu deyir...
Müharibədən 800 gün sonra ordu rəsmisinin bu mövqeyi əslində, “Ukrayna bu müharibə niyə uduzur” sualına da cavablardan biridır. Hələ Ukrayna parlamentində səfərbərliyin sərtləşdirilməsi və qadınların hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı qanunun müzakirəsi zamanı ciddi mübahisələr olmuşdu. “Bu ölkənin kişiləri ölüb qurtardımı ki, qadınlar hərbi əməliyyatlara cəlb edilir” kimi rəylər də tirajlanırdı. Ukrayna qaçıqınlarının rəsmi sayı təxminən 8,3 milyon nəfərdir. Avropa İttifaqı ölkələrində isə bəzi ukraynalı qaçqınlar qeydiyyatsız yaşayırlar. Məsələn, Polşada olan ukraynalı qaçqınların təxminən dörddə biri qeydiyyatda deyil. Onların əksəriyyəti müharibədə döyüşmək istəməyən hərbi yaşda olan kişilərdir. Buna görə də Ukraynadan gələn hərbi yaşlı kişilər qeydiyyatdan keçməməyə üstünlük verirlər.
Əlbəttə, istənilən müharibədə ordudan yayınan da olur, sərhədi arvad parikində keçməyə cəhd edən də, saxta əlilik arayışı alan da, düşmənə satılan da, satqın da...İkinci Dünya müharibəsində məsələn, Azərbaycan ”arxa cəbhə” olub. Amma Azərbaycan heç şübhəsiz bu savaşın bütün ağırlığını üzərində hiss edib. Yəni Ukraynanın mərkəzi və qərbində həyatın ahəngi hərdən hava həyəcanı siqnalları ilə pozulursa, ölkənin şərqində 28 aydır şiddətli müharibə gedir, ərazilər itirilir, dinc insanlar ölür. O səbəbdən bir neçə dəfə yazmışam ki, Ukraynada vətən müharibəsi getmir. Məncə, vətən müharibəsi belə olmur. Ukrayna xalqının işğala qarşı dirənişinə qətiyyən kölgə salmadan həqiqəti də demək lazımdır. Bu müharibə onların ərazisində gedir, ölən də, itən də, qaçqın düşən də əsasən ukraynalıdır. Amma daha heç kimə sirr deyil ki, bu, böyük mənada Ukraynanın müharibəsi deyil. Məğlubiyyətin bir səbəbini də burda axtarmaq lazım gəlir. Ukraynalılar bunu “özgə müharibə” sanır sanki...
Ukrayna həm də 1993-cü ilin sonu, 94-cü ilin əvvəlindəki Azərbaycanı xatırladır. Qarabağda və ətraf bölgələrdə ciddi itkilər vermişdik, hakimiyyət yenicə dəyişmiş, ordu dağınıq, xalq isə ümidsizlik içində çırpınırdı. 1994-cü ilin may ayının 12-də Bişkəkdə Ermənistanla atəşkəs protokolu imzalandı. Heç kim ölkədə etiraza qalxmadı, “niyə atəşkəs oldu, niyə torpaqlarımız işğaldan qaldı” deyib üsyan etmədi. Vəziyyət hamıya aydın idi ki, o dövrdə bu atəşkəsin imzalanması dövlət üçün vacibdir, Azərbaycan toparlanmalı, ordu qurulmalı və sairə.. Üstəlik, bizə indiki Ukraynadan fərqli olaraq işğala dirənmək üçün nəinki dəstək, heç bir patron verən yox idi...
Fərarilik məğlubiyyət qədər qorxulu deyil, müharibənin bəlkə də yazılmamış qanunudur. Qorxulusu odur ki, müharibə edən xalqın müqaviməti, qələbəyə ümidin qalmaya, məğlubiyyətə öyrəncəli olasan. Biz bunu yaşamışıq. Qarabağda müharibə gedəndə Bakıda hakimiyyət davası gedirdi, torpaqlar işğal altına düşürdü, buna Bakıda indiki Milli Məclis qarşısında Mütəllibovun hakimiyyətə qayıtmasını çadır quranlardan hətta “Şuşa getdi” deyib sevinənlər də olmuşdu !
Son günlər Xarkov istiqamətində döyüşlər şiddətlənib. Rus qoşunlarının Xarkova genişmiqyaslı hücumuna başladığını hələ elan etməyiblər, amma belə görünür ki, Rusiya indi işğal edilən torpaqlarda həm də bufer zona (Putin buna “sanitar zona” deyib)yaratmaq niyyətdədir. Üstəlik, Xarkov vilayətinə nəzarəti ələ almadan Belqorodu atəş altından çıxarmaq mümkün olmayacaq. Rusiya televiziyaları artıq Odessanın da Rusiya torpağı olması barədə sənədli filmləri efirə buraxıb. Niyyət bəllidir.
Ukraynanın müharibəni Rusiya ərazisinə keçirməyə cəhd etməsi, son günlər onların da Belqorodu raket atəşi altında saxlaması müharibə taktikası baxımından anlaşılandır, “sən mənim şəhərini vurursansa, mən də sənin şəhərini hədəf alaram”. Amma strateji olaraq, bu bombaların müharibədəki vəziyyətə ciddi təsiri yoxdur. Əgər həqiqətən də müharibəni Rusiya ərazisinə keçirməyə güc yoxsa, bu bombalama ancaq Putinin işinə yarayar. Bunu əlbəttə ki, Zelenski hakimiyyəti özbaşına etmir. NATO generalları bütün istiqamətlərdə Ukraynanı yönləndirirlər.
İsveçrə iyunun 15-16-da Luzern şəhəri yaxınlığında Ukrayna ilə bağlı sülh konfrans keçirilməlidir. Toplantıya 160-a yaxın dövlət dəvət olunub, Rusiya bəlli, sammitə çağırılmır. Rusiyanın iştirakı olmadan Ukrayna üzrə danışıqlar prosesinin mənası qalmır. Qərbin “sonuncu ukraynalıyadək vuruşmaq həvəsi” hələ yeni səfərbərlik haqda qanunla indi başlayır....
КомментарииОставить комментарий