Свобода людям, независимость нациям!

Ulu öndəri anarkən...

Bu gün Laçına növbəti köç başladı!

Dövlət-xalq birliyi, özəlliklə də siyasi iradəsi dastan olan Ali Baş Komandanın başçılıq etdiyi şanlı ordunun qüdrəti mümkünsüzləri mümkün etdi! Bəli, Laçına növbəti köç başladı.

lacin esass.jpg (101 KB)

Dünən isə qardaş Türkiyənin yenidən seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi dövlət səfəri ilə Bakıdaydı. Dövlət başçılarının görüşündə çox önəmli müzakirələr getdiyi mətbuata açıqlamada da açıq göründü. Müzakirələrdə Zəngəzur dəhlizi, birgə hərbi təlimlər, Şuşada Baş konsulluğun açılması və bunun Ermənistana, havadarlarına ismarıc olması ictimaiyyətlə bölüşülənlərdir.

konfrans.jpg (99 KB)

Sabahsa 15 iyun – Milli Qurtuluş Günüdür. Beləliklə, dünən də, bu gün də, sabah da qeyri-adi günlərdir! – Heydər Əliyev İlində, Ümummilli liderin əlamətdar 100 illik yubileyində 15 iyunu qeyd etməyin ayrı bir ecazı vardır.

qurtul.jpg (252 KB)

Üstəlik, 2 il bundan öncə məhz 15 iyunda “Şuşa Bəyannaməsi” imzalanmışdır! Təvafüqlüyü görürsünüzmü? Bunlar deməyə ciddi əsaslar verir ki, sabahımız daha möhtəşəm olacaq! Məhz 15 iyun 1993-cü ildə ölkəmizdə bir yeni ahəng yarandı. O gündən 30 il keçib. Bir çox məsələlərə indi daha aydın nəzərlərlə baxmaq mümkündür. Ulu öndərin o vaxt gördüklərini çoxu görməyib, təsəvvür etməyib. İctimai-siyasi sabitlik, güclü dövlətçilik, intensiv beynəlxalq əlaqələr, o zamanlar atılan bir çox addımlar bu gün gəldiyimiz səviyyədə iştirak edir – o gün bu günlərə əsas olub. Heç təsadüfi deyil ki, 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan Şuşanın qurtuluşunun sevincini bölüşərkən məhz Ümummilli liderin vəsiyyətinə vurğu etdi. Şuşanın azad edilməsini müjdələyən İlham Əliyev bu sözləri dedi:

“Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları”.

Bəli, Ulu öndərin şərəfinə adlandırılmış 2023-cü ildə, onun xilaskarlıq missiyası ali hakimiyyətə qayıtmasının 30-cu ildönümündə və özünün əlamətdar 100-cü ildönümündə ruhu qarşısında dərin sayğılarla baş əyir, xatirəsini minnətdarlıqla yad edir, ruhun şad olsun deyirik! Deyirik ki, ideyalarınız yaşayır, inkişaf edir!

Biz çox şadıq ki, Ulu öndərin əmanəti bu gün etibarlı əllərdədir!

O da təsadüfi deyil ki, 15 iyunda “Şuşa Bəyannaməsi” imzalanarkən, Azərbaycanın dövlət başçısı böyük qürur hissi ilə bunu əcdadın ruhunu şad edən, gələcək nəsillərə yol açan hadisə kimi dəyərləndirdi, örnək adlandırdı. Hər günün öz sözü, öz imzası, öz şəhəri, hər sözün, imzanın, şəhərin də öz günü, tarixi və GƏLƏCƏYi vardır! Şuşa üçonillik işğal dönəmi, qurtuluşunun 3-cü ildönümü və s. ilə yalnız 270 illik tarixi deyil, böyük gələcəyi simgələyir. Şuşa Azərbaycanın Mədəniyyət Paytaxtıdır, Şuşa məhz 2023-cü il üzrə Türk dünyasının Mədəniyyət paytaxtıdır! Bunlar təsadüf deyil, bir vizyonun təcallasıdır. Deyirik ki, mədəniyyət – insanın, toplumun inkişafının çağdaş səviyyəsi, insanın yaratdığı, nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərlər yaxud bütün pozitivlərdi. Bizim yaratdığımız, institutlaşdırdığımız mədəniyyət Qarabağ, Zəngəzur, Günbatar Azərbaycan torpağı, iqlimi, coğrafiyası olmadan kəm görünər. Hayların bütün maddi-mənəvi sərvəti – az-çox, pis-yaxşı nələri varsa, bizim yalnız onların ədalətsizcə iddia etdiyi torpaqlar(ımız)da (coğrafiya(mız)da) yaratdıqlarımızın yanında sönük qalır. Demək, ermənilər danmaq istəsələr də, Marağadan Qarabağa köçürülmənin 150 illiyi abidəsini söksələr də, həqiqəti pərdələmə gücündə deyillər. Amma işin yalnız mədəni əsaslarla həll olunmadığı beynəlxalq aləmdə, ikilistandartların hökm sürdüyü ortamda məhz iqtisadi güc, hərbi qüdrət, siyasi iradənin önəmi önplana çıxır. Məhz 15 iyun 1993-cü ildən başlayan yeni dönəm Azərbaycanı güclü, beynəlxalq səviyyədə nüfuz qazanmış ölkəyə çevirdi. Heydər Əliyevin SSRİ dönəmində xidmətləri imperiya içində milli dövlətçiliyin quruculuğu, özünəməxsusluğun qorunması mədəniyyətini, 90-cı illərdə isə GƏLƏCƏKQURMA mədəniyyətini nümayiş etdirir.

Sabit, inkişaf edən, multikulturalizmin çiçək açdığı ölkə kimi dünyaya öz həqiqətlərinlə açılmadan haqlıykən haqsız duruma düşə bilirdin. 30 il boyunca ATƏT-in Minsk qrupunun həmsədrlərinin bizi nəyə hazırladığını yaxşı bilirik. Qüdrətli Azərbaycan olmadan 44 günlük müharibəni aparmaq, ümumən əks-hücuma başlamaq, Zəfər qazanmaq və o Zəfərin nəticələrini beynəlxalq aləmə qəbul etdirmək mümkün olardımı? Etiraf edək: Zəfərin qazanılması da, beynəlxalq aləmdə qəbul görməsi də müstəqilliyimizin elan olunmasından, tanıdılmasından az önəm daşımırdı. Biz unutmamışıq ki, işğala məruz qalanla işğalçını eyni tuturdular, bizi gerçəkliklərlə barışmağa sövq edirdilər. Onu da unutmamışıq ki, guya sülhyaratma mandatı daşıyan dövlətlərin yetkliləri Qarabağı Azərbaycanın daxili işi kimi şərh etməyi qəbuledilməz sayırdı yaxud işğalçı tərəfin təhriki ilə işğala məruz qalan bizi sanksiyaya məruz qoyurdu. Başqa misalda, bizim Qarabağı azad etməyə qalxmağımızın təcavüzkarlıq aktı kimi alqılanacağı eşitdirilirdi. Hələ Fransa! – Frankofoniyanı da işin içinə daxil etməyə çalışaraq, Xankəndindəki bir ovuc separatçı, terrorçu rejimi “müstəqil dövlət” kimi tanımaq hədəsini heç əskik etmədi. Parlamentinin hər iki palatasında qondarma rejimi “dövlət” kimi tanımaq barədə qərar qəbul edən həmin “demokratik” Fransa deyilmi? Ancaq qarşısında geri çəkilməyən, üslubunu qəbul etməyən lider və o liderin arxalandığı dövlət-xalq birliyini görüncə, son nöqtəni qoya bilmədi. (Allah eləməmiş o nöqtə qoyulsaydı da dünya dağılmayacaq və biz Xanəkəndindən, Əsgərandan, Xocalıdan, Ağdərədən əl çəkəsi, fransız havasına oynayası deyildik, əsla! Öz haqq yolumuzla irəliləməkdə davam edəcəkdik)! Yəni siyasi iradə, “ən yaxşı müdafiə hücumdur” taktikasının başarılı tətbiqi bizə qarşı qurulan oyunları sıfırlamaqdadır! Və bir daha vurğulayırıq ki, o başlanğıc olmasaydı, bu sonuclar çətin ki gerçəklik olacaqdı.

15 iyun – Milli Qurtuluş Günümüz mübarək olsun!

DÖVLƏTİMİZ VAR OLSUN!

Qənirə Paşayeva, MM-in Mədəniyyət komitəsinin sədri

Нет комментариев

Новости автора