Общественно-политическая интернет газета
Rusiyanın Ukraynaya hücumunun 20 günü arxada qaldı. Həddən artıq informasiya bolluğu içərisində obyektiv və dəqiq məlumatlar tapmaq çox çətin olsa da, hər iki tərəfin təsdiqlədiyi xəbərlər əsasında müəyyən qənaətə gəlmək mümkündür.
Əvvəlcə ondan başlayaq ki, müharibələrdə bir qayda olaraq yalan məlumatların sayı çoxalsa da, Ukrayna müharibəsi bu məsələdə xeyli fərqləndi. Məlum oldu ki, müasir dövrdə müharibələrdə qeyri-dəqiq, daha çox təbliğata hesablanmış məlumatlar daha çox yayılır. Ancaq Ukrayna müharibəsi bu məsələdə seçildi. Bu da sosial medianın aktiv istifadəsi ilə bağlı oldu.
Müharibənin arxada qalan 20 günü ortaya bəzi həqiqətləri çıxardı. İlk növbədə aydın oldu ki, Rusiya ordusu sürətli müharibə aparmaq iqtidarında deyil. Düzdür, iqlim və mövsüm şərtləri ordunun ağır irəliləyişinə səbəb olaraq göstərilir. Lakin hazırkı hərbi əməliyyatlar xəritəsinə baxanda sürətlə irəliləmə olmadığı görünür. Misal olaraq, amerikalıların 2003-cü il martın 20-də İraqa başlatdığı hücum əməliyyatı 20 gün ərzində Bağdadın tutulması ilə nəticələndi. Rusiya ordusu isə hələlik bu qədər sürətli deyil, əsasən iri şəhərlərin ətrafında möhkəmlənməyə çalışır.
Lakin Rusiya ordusunun hücum ərazisinin genişliyi və istiqamətlərinin çoxluğu bu müharibənin sürətli əməliyyat deyil, əksinə, böyük ərazini ələ keçirməyə hesablanmış genişmiqyaslı əməliyyat olduğunu göstərir. Rusiya ordusu hazırda təxminən İkinci Dünya Müharibəsindəki Şərq cəbhəsinin yarısı qədər genişlikdə ərazidə hücum əməliyyatı keçirir. Bu, ağır və yorucu müharibədir. 20 gün ərzində işğal olunan ərazilərin xəritəsindən görünür ki, ordunun əsas tapşırığı Şərqi və Cənubi Ukrayna regionlarını tamamilə ələ keçirməkdir. Belə ehtimal etmək olar ki, Rusiya ordusunun şimaldan və cənubdan irəliləyən qüvvələri martın sonuna qədər Dnepr sahili boyunca birləşib bununla da Şərqi Ukraynadakı əsas Ukrayna ordusu birləşmələrini mühasirəyə almağa çalışacaq. Hərbi əməliyyatlar bu zaman dayanacaq və Ukrayna istəməsə də danışıqlar masasına oturmağa məcbur olacaq.
Hələlik Rusiya ordusunun hücum əməliyyatını dayandırmaq mümkün deyil. Müşahidələr onu deməyə əsas verir ki, Rusiya strateqləri iri şəhərlərdə “ilişib qalmamaq” üçün şəhərlərə hücum etmirlər. Kiyev və Xarkov, eləcə də Odessadakı vəziyyətdən belə görünür ki, Rusiya dinc əhalinin böyük şəhərlərdən çıxmasına çalışır. Bu baş verdikdən sonra isə iri şəhərlər Mosul və Raqqa əməliyyatında olduğu kimi havadan və raket-artilleriya qüvvələri tərəfindən bombardman olunacaq. Bu zaman şəhər əməliyyatına gərək qalmayacaq və ruslar bununla küçə döyüşlərində ağır itkilərdən qaçmağı planlaşdırırlar.
Buna görə də iri şəhərlərdən əhalinin çıxması rusların istədiyi nəticədir. Ukrayna tərəfinin buna mane olmaq imkanı yoxdur. Yeri gəlmişkən, son məlumatlara əsasən, artıq 3 milyondan çox ukraynalı ölkə sərhədlərini tərk edib. Güman ki, bir o qədər və hətta daha çox insan isə daxili köçkünlərdir, yəni şərq vilayətlərindən qərbə qaçanlar.
Güman ki, Şərqi Ukraynanın münbit əraziləri yaz əkininə qədər rusların nəzarətinə keçəcək Moskva dünyanın ikinci “taxıl anbarından” yararlanmağa çalışacaq. Bu mənada müharibənin istənilən halda mart ayı ərzində dayanacağını proqnozlaşdırmaq mümkündür. Bundan sonra isə ən yaxşı halda uzun-uzadı danışıqlar prosesi başlayacaq, pis halda isə Ukrayna bölünəcək. Qərbdə Ukraynanın bölünməsi ilə bağlı hər hansı ssenarinin olduğunu demək mümkün deyil. Lakin daha əvvəl Gürcüstan, sonra Ukraynanın itirilmiş əraziləri ilə bağlı beynəlxalq proses göstərir ki, Qərbin bu vəziyyəti köklü dəyişmək, əraziləri Rusiyadan qoparmaq üçün mexanizmi yoxdur. Ən yaxşı halda sanksiyalar davam edəcək. Lakin Ukraynanın taleyi də istənilən halda Rusiya ilə müzakirə olunacaq.
Moskvanın Ukraynadakı hədəfləri barədə sabit bir mövqe yoxdur. Vladimir Putin 24 fevralda hərbi əməliyyatların əsas hədəfinin Ukraynanın demilitarizasiya, denasifikasiya (radikal millətçiliyin məhv edilməsi – K.R.) və Donetsklə Luqansk vilayətlərinin ərazilərinin nəzarətə götürülməsi olduğunu elan edib. Ancaq əməliyyatın gedişində Rusiya rəsmilərindən fərqli açıqlamalar gəlib. Putinin sözçüsü Dmitri Peskov Ukraynada hakimiyyət dəyişikliyi planlanmadığını bildirib. Lakin ordunun ilk gündən Kiyev ətrafına toplanması hədəfin fərqli olduğunu göstərir.
Başqa sözlə, Rusiya Kiyevi tutub Zelenski hakimiyyətinin devrildiyini elan edərək yeni hakimiyyət formalaşdırmağa cəhd edə bilər və ya bunun üçün Suriyada olduğu kimi, ortaq komissiya yaradılmasını təklif edə bilər. Bu zaman ölkənin federallaşması, yeni və bütün tərəfləri (Suriyada olduğu kimi – K.R.) qane edən hakimiyyətin formalaşması, yeni konstitusiya hazırlanması və federal respublika şərti tələb oluna bilər.
İkinci versiya Ukraynanın şərq və qərbə bölünməsidir. Bu, ən pis ssenarilərdən biridir. Doğrudur, hələlik Moskvanın belə planının olub-olmadığı dəqiq məlum deyil, yəni rəsmi şəkildə dilə gətirilməyib. Üstəlik Moskvanın Ukrayna ilə bağlı bu ssenarisini icra edəcək fiqur da məlum deyil. Hələlik ortada siyasi fiqur, yəni Moskvanın namizədi yoxdur. Amma gözlənilməz şəkildə sürpriz şəxs də elan oluna bilər.
Aviasiya və ağır artilleriya- raket qüvvələri olmayan və ya az olan Ukrayna ordusunun Rusiya qüvvələrini tutduğu ərazilərdən çıxarması real deyil. Ancaq Ukrayna qüvvələrinin ciddi müqaviməti nəticəsində Rusiya ordusunun irəliləməsi dayanarsa, o zaman rusların atəşkəsə daha tez getməsi və sülh danışıqları masasına oturması tezləşə bilər. Lakin cəbhədəki vəziyyətə baxanda bu, o qədər də real görünmür.
Kənan Rövşənoğlu
Musavat.com
КомментарииОставить комментарий