Свобода людям, независимость нациям!

“Uje dilimizi safsem korlamısız e, prosto”

 

O gün sosial şəbəkədə qarşıma ana dilimizin təmizliyi barədə bir video çıxdı. Söhbət təxminən beə gedirdu: “Oy, ujas. Dilimizi safsem korruyublar. Uje nə gəldi danışırlar: öncə, uyğulmaq, yıpranmaq, nə bilim, nə. Prosta ayıbdır e”.

Bax, ana dilinin qeyrətini çəkənlər əsasən belələridir. Rus dilindən hər cür kəlməni danışıqlarına pərçim edirlər, sonra da dilin təmizliyindən danışırlar. Belələrinin bir dərdi var: hansı dildən nə cür söz gəlir, gəlsin, təki Anadolu tərəflərdən kəlmə də gəlməsin. Çünki türk dili ana dilimizi korlaya bilər.

Hətta bu cür adamların içində elə “intellektuallar” var ki, danışıqlarında həmişə belə sözlər işlədirlər: “Konseptual sxem, spontan reaksiya, marginal qruplar, paradiqma, ekstensiv inkişaf, nisbi inklüzivzm, nepoizm, sillogizm, hüquqi nihilizm və sair ilaxır.

Hər dəfə bu və ya bu qəbildən olan yüzlərlə sözlərin işlədildiyi cümlənin mənasını anlamaq üçün adam məcbur olur terminoloji lüğətlərə baxsın. Ya da çox adam bu “savadlı cümlə”lərin mənasını anlamadan ötüşdürür, amma onu işlədənlərə “ana dilimizi korlayırsız” iradı bildirmir, qorxur ki, ona bisavad və ya “səviyyən bu qədərdir” deyərlər. Deyərlərmi? Deyərlər.

Çünki bizdə 50 il o yandan bəri şifahi danışıqda və ya yazılı mətnlərdə çoxlu termin işlətmək savadlılıq əlamətdir. Adam çox termin işlədirsə, daha onun savadına şəkk eləyən olmur, demək, o kreativ adamdır. (Xatırlayırsınızsa, 3-4 il bundan əvvəl adi santexnikdən tutmuş ta toy tamadasına qədər hamı danışanda mütləq “kreativ” kəlməsini işlədirdi, bu sözü deməyənə pis baxırdılar).

Amma siz sınayın, yazanda və ya danışanda, məsələn, “sizə bir önərim var” deyin, sonra pəstəhaya baxın. Mütləq yerdən biri qışqıracaq: “Önəri nədir, yox bir dönəri. Dilin anasını ağlatmayın”. Dönün, bu sözün rusca, ingiliscə, farsca qarşılığını deyin, bir adamdan səs çıxmayacaq. Bakıda minlərlə ticarət, iaşə, xidmət müəssisəsinin adı əcnəbi dildədir, etiraz edən yoxdur, amma "öncə" demək olmaz.

Çünki dili qorumaq lazımdır və Anadolu türkcəsi ilə Azərbaycan türkcəsini bir-birindən maksimum aralı tutmaq gərəkdir ki, vay aman, birdən yaxınlaşma olar, biabırçılıq baş verər.

İllərdir bir neçə qrup adam sübut etməyə çalışır ki, Türkiyədə danışılan dillə Azərbaycanda danışılan dil fərqlidir, iki ayrı-ayrı dildir. Bir dəfə onların birinə bir bənd şeir göndərmiş və o şeirin “tərcüməsini” də yazmışdım, “fərqi tapın” ricasında bulunmuşdum. Misralar beləydi:

Dəymən benim qamlı, yaslı gönlüme,
Ben bir selvi boylu yardan ayrıldım.
Evvel bağban idim dostun bağında,
Talan vurdu, ayva-nardan ayrıldım.

Bu bəndin “ağır zəhmət”dən sonra özümün “tərcümə” etdiyim variantı isə bu cür idi:

Dəyməyin bu qəmli, yaslı könlümə,
Mən bir selvi boylu yardan ayrıldım.
Əvvəl bağban idim dostun bağında,
Talan vurdu, heyva-nardan ayrıldım.

Fərq varmı? Bəli. “Dəymən” sözündəki “yi” şəkilçisi bərpa olunub, “selvi” sözü (sərv) olduğu kimi qalıb, bir neçə E-Ə hərfi, bir də ayva əvəzinə “hayva”. Məna dəyişirmi? Dəyişmir.

Yaxud məşhur müğənni İbrahim Tatlısəsin cavanlığında oxuduğu bir mahnının sözlərinə baxaq:

Ayağında kundura
Yar gəlir dura-dura.
Gənc ömrümü çürütdüm
Köksümə vura-vura,
Sinəmə vura-vura.

Göründüyü kimi, bu qədər sözün içində qulağa yad gələn təkcə “kundura” sözüdür. “Kundura” bizim dildə “ayaqqabı” deməkdir. Amma danışanda bu sözü işlətsək, dil qoruqçuları hirslənər. Ona görə də gərək “tufli” deyək, “krossovka” və ya “bosonojka” da gedər. Əslində “kundura” sözünü eşidib qəzəblənənlərə dərhal başa salmaq lazımdır ki, çox da narahat olmasınlar, bu, türk kəlməsi deyil, italyan sözüdür. Elə olsa, hamı rahatlaşar, dil də korlanmaz.

Ümumiyyətlə, “pardon”dur, “mersi”dir, “çao”dur, “okey”dir, bunların dilə ziyanı yoxdur, amma “əvət”, “maləsəf”, “şükranlar”, dedinsə, ta heç nə, “Vaqifin şirin dili”ni zəhərə döndərdin. “Səbəbkar” yerinə “müsəbbib” demək olmaz. Hərçənd ikisi də ərəb sözüdür və kəlmənin kökü “səbəb”dir.

Oxumuş adamlar deyir ki, başqa dillərdən, xüsusilə də qohum xalqların lisanından söz alıb işlətməklə dil korlanmır, əksinə, daha da inkişaf edir, böyüyür. Doğrudan da ispan, italyan, ingilis, irland, isveç və sair bu kimi Avropa dillərində on minlərlə oxşar sözü var, bir-birindən alıblar, işlədirlər, heç birinin də dili korlanmır.

Bizdə isə elə olmaya bilər. Məsələn, “ailədaxili zorakılıq” əvəzinə “ailədaxili şiddət” desək, ana dilimiz yaman günə qalar.

Ona görə də biz gərək diqqətli olaq, “müvəffəqiyyət” əvəzinə “uğur”, “mükəlləfiyyət” yerinə “yükümlülük” və ya “öhdəlik” deməyək, çünki bu birincilər qardaş ərəb dilinin sözləridir, onları işlətmək caizdir.

Koroçe, dilimizi hətmən hifz etməliyik, okeymi?

 

Нет комментариев

Новости автора