Свобода людям, независимость нациям!

U-larımızın pis hesabı - Uday uduzan oyunçulara nə uddururdu?

U-21 millimizin qapısına vurulan 7 qola baxanda adam cəmi bir şeyə şükür edir ki, matç 90 dəqiqənin içində yekunlaşıb. Bir az da davam etsə, Zidanın vaxtındakı Fransa yığmasının Tərlanın oynadığı millimizin başına gətirdiyi müsibət muştuluq olacaqdı.

Bilənlər bilir, bilməyənlər üçün deyim ki, o oyun 1995-ci ilin sentyabr ayının 6-da baş tutub və futbol tariximizə “Oser faciəsi” kimi düşüb.

(Bu yerdə həmin “tarixi heyət”in oyunçularının adı ola bilərdi, yazdım, sonra sildim ki, yaxşı deyil, övladları var, biri bilir, beşi bilmir).

Bundan 3 il sonra dünya, 5 il sonra Avropa çempionu olan fransızlara məğlubiyyətə görə millimizin üzvlərini qınamaq olmazdı. O vaxt onlar çox güclüydülər, hətta mundialın finalında braziliyalıları da uddular. Düzdür, o vaxt da, elə indi də belə iddia var ki, UEFA prezidenti Mişel Platini qələbəni braziliyalılardan çempionluq kubokuna düşəcək pul müqabilində alıb, amma türkün sözü, rüşvətin sənədi olmaz, necə sübut edək. Hər halda fransızlar o vaxt finala qədər getmişdilər.

Sadəcə, Tərlangili “Oser faciəsi”nə ona görə qınamaq olardı ki, 3-4 qol bəs idi, daha 10 nəydi?

Əslində bunun da izahı var: o zamanlar milli komandamızın maddi-texniki bazası zəif idi. Əldə pul olmayıb. Deyilənə görə, futbolçular meydançaya sosiska-çörək, hamburqer-zad yeyib çıxırmışlar. Özüm şahidəm ki, Yunisdən başqa oyunçularımızın heç biri cərimə meydançasının kənarından qapıya zərbə vura bilmirdi. Heyləri yox idi. İkinci hissədə isə 40 ilin siqaret aludəçiləri kimi tövşüyürdülər.

Hətta belə bir rəvayət var ki, həmin oyundan sonra o boyda Zidan hansısa oyunçumuzla forma mübadiləsi etmək istəyib, bizimki dirəşib, formasını verməyib. O da anlamayıb, xətrinə dəyib, aralaşıb. Heç demə, o zamanlar bizimkilərin cəmi bir futbol köynəyi varmış, onu da kiməsə versələr, növbəti oyunda geyməyə bir şeyləri olmayacaqmış, ona görə forma mübadiləsi etməyiblər.

Bir də Tərlan özü danışıb ki, cərimə meydançasına top ötürüləndə o, Zidanı qucaqlayıb ki, qalxıb topa kəllə vura bilməsin. Cantaraq Zidan Tərlanı da özüylə havaya qaldırıb. Gülməlidirmi? Bəli. Həm də kədərlidir.

Bəs indikilərə nə olub? Maşallah, hamısı canlı-cəsədlidir, trenajor zallarında yaxşı bədən yığıblar. Yemək-içməkləri də qaydasındadır, “Bavariya”nın oyunçularının qida rasionu necədirsə, bunlarınkı da elədir. Sürdükləri maşınlara qalsa, Salahınkından da yaxşı maşın sürürlər. Amma yenə nəsə çatışmır. Axtarsaq, onu da tapmaq olar.

Əsas millini anladıq, U-21-də oynayanlar cavan-cavan uşaqlardır, sıpa irtməyi qoparan vaxtlarıdır, amma buraxdıqları o qədər qoldan sonra adam şübhələnir ki, onlar, ümumiyyətlə, futbolçu deyillər. Sanki, Londona gəzməyə gedibmişlər, arada çıxıb əyləncə olsun deyə, futbol da oynayıblar.

İnanmırsınızsa, internetdən tapın, gənclərin buraxdığı qollara baxın. İngilis gənclər topu qapımızın ağzına qaldırırlar, üç epizodun üçündə də bizimkilərdən heç biri havaya tullanmır ki, rəqibin oyunçusuna topa kəllə vurmağa mane olsun. Eləcə baxırlar.

Öz qapımıza 4-cü qolu vuran Hüseynovun qoldan sonra dilini bir qarış çıxarması isə, görünür, pərtlikdən idi, amma nə ehtiyac var? Ayağından xəta çıxıb, başını sal aşağı, formanı qaldır, üzünə tut, uzan yerə, sifətini çimə söykə, ta dilini niyə çıxarırsan? Eynşteynsən sən?

Mat qalmalı işdir. Hər gün dünyada yüzlərlə futbol matçı keçirilir, müasir texnoloji vasitələrlə onların az qala hamısına baxmaq mümkündür. Yəni bizimkilərin ağlına gəlmir ki, kollektiv şəkildə oturub futbola baxsınlar, fənd öyrənsinlər, hücum etməyin, müdafiə olunmağın, dar sahədən top çıxarmağın, düzgün ötürmə verməyin qayda-qanunlarını əxz eləsinlər, sonra yaşıl meydana çıxıb öyrəndiklərini məşq prosesində təkmilləşdirsinlər?

Vallahi, mümkündür. Videomaqnitofonların təzə çıxan vaxtında bizim kəndin uşaqları Brus Linin filmlərinə baxa-baxa elə fəndlər öyrənmişdilər ki... Bir dəfə biri mənim gözümün qabağında ayağını Van Dam kimi qaldıraraq özündən uzun tay-tuşunun düz təpəsinin ortasına təpik zərbəsi vurdu. Dedim, qaqaş, kənddə idman zalı da yoxdur, sən bunu hardan öyrənmisən, dedi, kinolara baxa-baxa öyrənmişəm.

Belə anlaşılır ki, bizimkilər başqa ölkələrin futbol oyunlarına ya az baxırlar, ya da eləcə, baxırlar, heç nə öyrənmirlər. Heç görmüsünüz ki, İtaliya komandalarına o qədər qol vursunlar? Keçmişdə ola bilər. Amma son illərdə elə şey yoxdur. Çünki italyanlar nəyi də bacarmasalar, çox qol buraxmamağı bacarırlar. Çoxları onların oynadığı müdafiə futbolunu bəyənmir, amma ən azı onlar biabırçı hesabla uduzub ölkələrinə gəlmirlər.

Görün, hansı durumdayıq ki, uduzmağı söz eləmirik, deyirik ki, heç olmasa, belə hesablarla uduzmayın, 1:0-ın, 2:0-ın ziyanı yoxdur, təki 4-dən, 5-dən çox olmasın. Adamın əsəbinə toxunur. Böyük hesablı məğlubiyyətdən sonra adam az qalır o cür yığma komandanı dağıtsın, bir də yığmasın.

O vaxt İraq millisi hər dəfə uduzub ölkəyə qayıdanda Səddam Hüseynin oğlu Uday komandanın oyunçularını sıraya düzüb şapalaqlayırmış. Yazıq neynəsin? Əsəbiləşirmiş. Ona görə də onlara qan və qəhər uddururmuş. Sonradan İraq millisi Asiya çempionu oldu. Görünür, Udayın şillələri babat stimul olub.

Yeri gəlmişkən, bizim milli komandaların oyunçularının hamısı saqqallarından İraq millisinin oyunçularına oxşayır. Yalnız aşağı yaş qrupundan olan futbolçularımız saqqalsızdır, bir az yekəlsinlər, üzlərinə tük çıxsın, onlar da saqqal saxlayacaqlar. Amma buna qarışmaq olmaz. İnanc məsələsidir. Sadəcə, qoy futbolçularımız nəyə, kimə inanırlar, inansınlar, bir az da özlərinə, qələbəyə inansınlar.

Нет комментариев

Новости автора