Свобода людям, независимость нациям!

“Tottenhem”lə topal-topal oynayanda...

 İlk yayınlanma saatı - 02.22

***

“Tottenhem”-“Qarabağ” oyunundan əvvəl azarkeşlərimiz rəqib komandaya əzizləmə mənasında yaxşı bir ad qoymuşdular: “Totuş”. Lakonik ad idi.

Hərçənd “Totuş”un toteminin xoruz olmasına vurğu edən yox idi. Bizdə qaydadır axı, vay, amandır, rəqibə, düşmənə qurşaq nahiyəsindən sataşmaq, eyham edə bilmək üçün bir tutarqa olsun, dərhal söhbətə ordan girməliyik. Nə işdirsə, bu dəfə “xoruza” pis-pis ilişən olmadı. Eləcə, kimsə yazmışdı ki, görək “köhlən atlar” “xoruz”larla baş edə biləcəkmi.

Əksəriyyət pessimist idi, deyirdilər, London klubu “Qarabağ”a 7-8 qol (9-10 deyənlər də az deyildi) vuracaq. Oyunun heç-heçə olacağını gözləyən, daha dəqiqi, uman fanatlar da vardı. “Qatabağ” “Real-Madrid”lə oynasa da, belələri həmişə yaxşı nəticəyə inanırlar və heç bir başqa nəticəni beyinlərinə yaxın qoymurlar.

Amma gerçəklik bu idi ki, “Tottenhem”in təkcə bir oyunçusunun – Sonun qiyməti “Qarabağ” klubunun bazar dəyərindən çoxdur. Hələ bu son deyil, ümumilikdə klubların dəyəri arasında 35 dəfə fərq var: London klubunun qiyməti 700 milyon dolalrdır, Ağdam klubununku isə 20 milyon.

Bu, çox böyük fərq olsa da, komandaların ikisi də 11 nəfərlə oynayır və meydançada bu fərq o qədər də gözə çarpmır.

Sadəcə, fiziki və psixoloji hazırlıqlar arasında ciddi fərq vardı. Oyunun ilk yarım saatında belə bir tendensiyanı müşahidə etmək olardı. “Qarabağ”lı futbolçular olduqca qorxaq oynayırdılar, topa girəndə ya zədələnməkdən çəkinirdilər, ya da rəqibə hörmət edirdilər, ayaqlarının ucu ilə, incə şəkildə topa toxunurdular və bütün hallarda top rəqibdə qalırdı.

Düzdür, oyunun lap əvvəlində ingilis oyunçu qırmızı kart alaraq komandasını azlıqda qoydu, amma çoxluqda olmağın “Qarabağ”a bir xeyri oldumu? Qol baxımından olmadı. Rəqib yenə 3 qol vurdu, amma yaradılmış qol vəziyyəti baxımından hesab bəlkə də 15:5 “Qarabağ”ın xeyrinəydi. (Kimsə haqlı olaraq deyəcək ki, o oyunçu qırmızı kart almasa, hesab çox fərqli olardı).

Fəqət bir komanda o qədər güclü rəqiblə oyunda bu qədər qol qaçırarmı? Özü də nə qollar. Məhəllədə daşdan qapı qoyub futbol oynayan uşaqlar o qol vəziyyətlərinin azı yarısını vururlar. Amma bir epizodu Juninyo boşa verirdi, birini Toral Bayramov, o birini Benziya, o birini Andrade.

Yaxşı, bu oyunçular hansı vəziyyətdə qol vura bilirlər? Təkbətək çıxsınlar, qapıçı da qapıda olmasın, top da ora-bura səkməsin və ayağa rahat otursun, eləmi?

Toralın bir neçə qol vəziyyətini “becərmə”sindən sonra, üstəlik, penaltini qaçırması biabırçılıq idi. Bu oyundan sonra onun adını “Topal” çağırmasalar, yaxşıdır. Bura qədər yaxşı gəlmişdi. Keçən dəfə Ramil Şeydayev Emin Mahmudovun əlindən topu qamarlayıb, penalti vuranda və qaçıranda deyirdik ki, gərək, Toral vuraydı. Bu da Toral.

O penalti qol olsaydı, oyunun nəticəsini bilmək olmazdı. Həmin dəqiqələrdə “Qarabağ” “Totuş”u atdöşü eləmişdi, təkqapıya oyun gedirdi. Amma alınmadı, ələ düşən fürsət, buxarlandı, getdi və üçüncü qol gəldi.

O vaxt “Qarabağ” Bakıda “Çelsi” ilə oynayanda da belə olmuşdu. Oyunçularımız adlı-sanlı rəqibin qarşısında karıxmışdılar. Özlərini ağır çəkili boksçuyla rinqə çıxmış yeniyetmə kimi aparırdılar, elə bilirdilər “Çelsi”nin oyunçuları bu dəqiqə bunları yerlə bir edəcək. Dünən də eləydi.

Matçlara bu ovqatla çıxmaq olmaz. Qiymətləri lap yarım milyard dollar olsa da, heç biri əjdaha deyil, betmen, supermen deyil. Bəlkə sabah rəqib Mbappe, Haland, Yamal olacaq, qabağından qaçmalıyıq ki, ayıbdır, qoy vursunlar?

Adam ona üzülür ki, yaxşı oynadığın, çoxlu qol vəziyyəti yaratdığın bir oyunda azlıqda oynayan rəqibdən 3 qol buraxasan. Alimpaşa müəllim demişkən, niyə belə olmalıdır?

Heç nədən rəqibə qol bağışlayan Romaonu da xatırlamaq gərək. Onu haradan tutub gətiriblər? Yaxşı ki, ikinci hissədə özünü bir az düzəltdi, yoxsa çox bərbad oyun oynayırdı. Rəqib ilk qolu elə asan vurmasaydı, hesab bu cür olmazdı.

Uzun sözün kəsəsi, sevimli komandamızda ciddi psixoloji hazırlıq işləri aparılmalıdır. Bir də onlara qapını düzgün nişan almağı, təkbətəkdən, penaltidən qol vurmağı öyrətmək lazımdır. Qalan hər şey yaxşıdır.

Нет комментариев

Новости автора