Свобода людям, независимость нациям!

“Tərsinə çevrilmiş piramida”nın qalağı altda qalanlar

 

Dünyada, eləcə də bu ölkədə yüzminlərlə adam var, səhər yuxudan duranda gərnəşə-gərnəşə fikirləşirlər ki, nə etsinlər, necə etsinlər, kimə gələk gəlsinlər, kimi aldatsınlar, amma 5-10 (min, milyon) manat pul “qazansınlar”.

Belə adamlar hətta üzlərini göyə tutub gözəgörünməzə xitab edirlər ki, onlara beş-altı sadəlövh, avam (regionumuzda onların adı “lox”dur) yetirsin.

Əslində bu cələkəsənlərin termosfer qatından yuxarılara müraciət eləməsinə ehtiyac yoxdur, düz-dünya avamlarla, yağlı vədlərə şirnikənlərlə doludur – yay vaxtı tayqada qaynaşan ağcaqanadların sayı var, onlarınkı yox. Onlar da səhər gərnəşməsi vaxtı düşünürlər ki, necə eləsinlər, əlləri-qollları ağrımadan, oturduqları yerdə 5-10 manat qabağa düşsünlər.

Belə bir durumda müasir texnolji vasitələrin sayəsində bir-birini cəzb edən tərəflər ünsiyyət qururlar və birincilər ikincilərin əlində-ovcunda olan 5-10 manatı qapazlayır. Daha sonra DİN-in mətbuat xidmətindən belə informasiyalar yayılır ki, dələduzlara inanmayın, kartınızın nömrəsini, elektron ünvanlarınızı, şəxsi məlumatlarınızı heç kim verməyin.

Amma kimə deyirsən? Sanki aldananların hamısı and içiblər ki, hərəsi mütləq bir dəfə aldanmalıdırlar. Ta “dünən qardaşımı, qaynımı, əmioğlunu, qonşunu aldadıblar, mən ağıllı olum, o tələyə düşməyim” söhbəti yoxdur. Hər kəs özü şəxsən aldanmalıdır.

Bu da ona görə belə olur ki, kələkbazlar taktikanı tez-tez dəyişirlər, hərəni yeni-yeni hiylələrlə aldadırlar.

Sovet dövrünün axır vaxtlarından qalma bir məşhur fırıldaq növünü isə hərləyib-fırlayıb yenidən tətbiq edirlər. Bu, maliyyə “piramida”sıdır, fırıldağa həndəsi silsilə ilə və ya bakteriyaların bölünməsi qaydasıyla yeni “qurbanlar” cəlb edirlər, bir müddətdən sonra yüz min adama birdən kələk gəlib aradan çıxırlar. “Tərsinə çevrilmiş piramida” dağılır və qalağının altında on minlərlə adam qalır. Ancaq lap əvəldən bilmək lazım idi ki, piramidanın tərsinə çevrilməsi mümkün deyil, bir qaya parçası öz üzərində yüz min qaya parçasını saxlaya bilməz.

Yuxarıdakı abzasda “sovet dövrü” söz birləşməsini ona görə işlətdim ki, o dönəmin nostaljisini yaşayan adamlar “SSRİ vaxtında belə şeylər yox idi, nə oldusa, müstəqillik dövründə oldu” deyə demaqoqluq etməsinlər. Bu, “tərsinə çevrilmiş piramida” haqq-hesabı 1988-89-cu illərdə də dəb idi. Futbol totalizatoru kimi, onun əməliyyatları da bəsit halda, fotoşəkil və kağız üzərində aparılırdı.

Hələ o vaxt ağıllı adamlar sadəlövhlərə deyirdilər ki, aldanmayın, bu işin axırı fırıldaqla bitəcək, ortada əmtəə yox, istehsal yox, amma pul dövriyyəsi varsa və kimlərsə startda 5-10 manat pul qazanırsa, axırda mütləq çox adam ziyana düşəcək. Elə də oldu.
Ondan sonra bu “piramida” dəfələrlə qılıq dəyişdirmiş şəkildə təzahür etdi və hər dəfə də on minlərlə adamı zərərçəkən gününə qoydu.

Ona görə də bu günlərdə “TOST” adlanan yeni maliyyə “piramida”sının iflasa uğradığı, hüquq-mühafizə orqanları tərəfindən dağıdıldığı barədə xəbər xeyli şaşırdıcı oldu: yəni ilin-günün bu vaxtında hələ də belə fırıldaqlara “könül” və pul qapdıran varsa, ta nə deyəsən, bəşəriyyətin işıqlı gələcəyi sarıdan necə optimista olasan.

Hələ yeni bir kələk də çıxıb. Yaşlı adamlara zəng edib deyirlər ki, oğlun (qızın) qəza törədib, polisdədir, onu qurtarmaq üçün filan qədər pul lazımdır. Müasir texnoloji vasitələrr səsi ilə dəyişir ki, yaşlı adam zəng edənin öz övladı olduğunu zənn edir. Rusiyada, Qazaxıstanda, Özbəkistanda müəyyən “uğurlar” qazanmış bu fırıldaq növü ölkəmizə yeni gəlib.

Dünən bir qadın həmkarımız da tam təsadüfən belə bir pəstəhaya ürcah olub. Anasının yanındaykən ev telefonuna zəng gəlib, yaşlı qadın telefonun dəstəyini qaldırıb və ona həyəcanlı şəkildə xəbər veriblər ki, övladı qəzaya düşüb. “Qəzaya düşən övlad”ı sağ-salamat halda yanında olsa da, qadın həyəcanlanıb, əli-ayağı əsib. Həmkarımız telefonu anasının əlindən alıb, xəttin o başındakı “övlad” deyib: “Telefonu anama ver”.

Siz həyasızlığa və gözüdönmüşlüyə baxın.

Bir mühüm detal da var: belələri çox vaxt rusca danışırlar. Adamlar düşünməlidirlər ki, əgər nəslimizdə rusdilli adam yoxdursa, “qəzaya düşən” kimi niyə rusdilli oluruq, ana dilimizi unuduruq. Bu da yeni növ amneziyadır, nədir?

Əlbəttə, bu nə amneziyadır, nə də başqa şey, bu fırıldaqdır, təqaüdçülərin dərman, molla, mürdəşir, kəfən üçün topladıqları 5-10 manata tamah salmaqdır və ən axırıncı yoldur.

Belə ütük, kələkbaz, hiyləgər, qansız adamları səhər-səhər yeni fırıldaqçılıq üsulları düşünə-düşünə gərnəşdikləri yerdə tutub içəri basmaq, cəmiyyətdən təcrid eləmək lazımdır.

 

Нет комментариев

Новости автора