Свобода людям, независимость нациям!

Təhkimli tələbəçilik – türkmən örnəyi

 

Bizim tələbələr də gileylənirlər ki, bəzi sıxıntılar üzündən tələbə həyatını ürəkləri istəyən kimi yaşaya bilmirlər, gəncliklərinin ən yaxşı dövrü böyürlərindən ötüb keçir.

Belə düşünənlərin Türkmənistandakı tay-tuşlarından xəbəri yoxdur, xəbərləri olsaydı, gündə 3 dəfə universitetlərinin əsas korpusunun başına dolanardılar.

Dünən xarici mediada türkmənistanlı tələbələr barədə xəbər oxuyanda ağlıma gələn ilk fikir belə oldu: “Bu cür də ölkə olarmı? Bu insanlar yazıq deyilmi?”

Heç demə, qardaş Türkmənistanda ali məktəbə daxil olan abituriyent tələbə biletini almağa gedəndə onun xarici pasportunu alıb dekanlıqda saxlayır, bir də universitetdən məzun olanda qaytarırlar. Bu, ondan ötrüdür ki, birdən tələbə yad ellərdə başqa universitetə-zada girər, ölkədə təhsilini yarımçıq qoyub aradan çıxar.

O yan-bu yan edəni universitetdən qovmaqla hədələyirlər. Tələbə oturub dilindən iltizam yazır ki, məzun olana qədər Türkmənistanda qalacaq, sözünü pozsa, cəzaya razıdır.

Bunun adını ən azı “təhkimli tələbəçillik” qoymaq olar. Bir az da irəli getsək, universitetləri “tələbələr üçün sürgün düşərgəsi” adlandırmaq da mümkündür.

Deyirlər, keçmişdə belə şey olmayıb, bunu 15 ildir tətbiq edirlər. Yəni bu qadağa Türkmənistanın avtoritar lideri Saparmurad Türkmənbaşının zamanında tətbiq olunmayıb, bunu “islahatçı prezident” Qurbanqulu Berdımühəmmədov icad edib. (Müəllimin ad-soyadı çox uzun olduğu üçün arada istədim bir az qısaldım, bundan belə Qurban Berdıyev kimi yazım, amma sonra gördüm Tovuzun “Turan” komandasının baş məşqçisi ilə səhv düşəcək).

Bəli, məhz Berdımühəmmədov vacib buyurub ki, gənclərin ölkəni tərk etməsinin qarşısını almaq lazımdır. Yoxsa yaramazlar gedib öz töhfələrini NASA-ya, Yaponiyanın, İsveçin elmi-tədqiqat institutlarına verirlər, gündə bir ixtira edirlər.

Bir yaxşı iş var ki, bu yasaq məmur övladlarına aid deyil. Məmur övladı Seneqalda olduğu kimi, Türkmənistanda da ərköyündür, o, yay tətilini xaricdə keçirmək istəyirsə, pasportunu dekandan alıb gedir.

Bəs birdən məmur övladı olmayan tələbə xəstələnsə və xaricdə müalicə olunması vacib olsa, necə olur? Bu halda humanizm prinsipləri işə düşür. Xəstə tələbə dekana rüşvət verir, dekanın kövrək qəlbi bir az da yuxalır və rektora deyir ki, bu uşaq xaricə getməsə, bir tələbəmizi itirəcəyik. Onun da ürəyi daşdan deyil, deyir, pasportunu verin, getsin, amma qayıdıb gəlsin, gəlməsə, partbiletini gətir qoy stolun üstünə.

Hələ bu harasıdır? Türkmənistanda tələbələr şəxsi nəqliyyat vasitələrini idarə edə bilməzlər. Bəlkə də onların ən doğru yasağı elə budur. Bizdə elə qadağa yoxdur, nəticədə tələbə gənclər paytaxtımızda avtoxuliqanlıq edirlər, belədən eləyə, elədən beləyə şütüyürlər, bəzən də qəzaya düşüb ya ölürlər. Əzilirlər yox ha, məhz ölürlər, ya da şikəst olurlar. Salamatı budur ki, nə vaxt özün işləyib maşın alar, onda sürər.

Türkmən tələbələr heç siqaret çəkə də bilməzmişlər. Bu da yaxşı yasaqdır. Onların başqa ölkələrdəki tay-tuşları nəinki siqaret, hətta nəşə də çəkirlər, nə olur, təhsildə qabağa gedirlər?

Amma Türkmənistanda tələbələrin diskotekaya, toya-nişana, əyləncə tədbirlərinə getməsinin yasaqlanması bir az ağ olur. Allah tərəfi, tələbələrin yaxşı oynamağı var, qoyun gedib oynasınlar, ziyanı olmaz.

Bir sözlə, bütün binaların və avtomobillərin mütləq qaydada ağ olduğu ölkədə tələbələrin günü qaradır.

Əlbəttə, təkcə tələbələr deyil, ölkənin gənc qadınlarını da xaricə, xüsusilə də isti ölkələrə, məsələn, Türkiyəyə, BƏƏ-yə buraxmaq istəmirlər, süni əngəllər yaradırlar. Məmurlar şübhələnir ki, bu gənc qadınlar o ölkələrə gedərək pul qazanacaqlar və ölkədə qalan kişi qohumlarının papağını yerə soxacaqlar. Ona görə də deyirlər, qaxılın oturun xarabanızda.

Hətta bu günə bu gün kimsə bir əcnəbi kişi türkmən qızına aşiq olsa və onu alıb aparıb Norveçdə, İsveçdə xoşbəxt etmək istəsə, dövlətə 50 min dollar cıvarında başlıq parası verməlidir. Başqa cür mümkün deyil. Havayı xatun yoxdur.

Prezident çıxış edəndə bütün məmurların kağız-qələm çıxarıb qeydiyyat apardığı ölkədir. Bir müdrik adam da çıxıb demir ki, buna ehtiyac yoxdur, o çıxışın yazılı mətni var, telekameralar, diktofonlar çəkir-yazır, bir azdan isə dövlət agentliyi çıxışın tam mətnini yayacaq, siz də ordan götürərsiniz, ta özünüzü niyə həlak edirsiniz.

Xüləs, çox irəli getməyək. O ölkəni bilən bilir. Elə Xəzərin bəri tayında oturub günümüzə və gözəgörünməzə şükür etsək, bəsdir.

 

Нет комментариев

Новости автора