Şuşaya gələndə bilirdim ki, buradakı 3 gün (2 gecə) əlamətdar hadisələrlə dolu olacaq.
Əslində, Şuşada hər şey əlamətdardır, mühüm və önəmlidir.
Azərbaycan Prezidenti Şuşa Global Media Forumunu öz iştirakı ilə tarixi bir hadisəyə çevirdi. Yenicə istifadəyə verilən möhtəşəm Şuşa hoteli öz qapılarını ilk dəfə məhz Media Foruma açdı!
Prezidentin bu mötəbər tribunadan verdiyi mesajlar, açıqlamalar, məlumatlar çox önəmli oldu!
İlham Əliyev dünyanın 34 ölkəsindən Şuşaya gələn media mənsublarının önündə Azərbaycanın Yol Xəritəsini açıqladı.
Forumun keçirildiyi zalda idim və düz 200 dəqiqə onu dinlədim.
Çıxış deyildi, suallar əsasında danışırdı. Azərbaycan türkcəsində, rus, ingilis dillərində cavablar verirdi. Mükəmməldir...
Bütün suallara zaman yetmədi: daha 65 jurnalist növbəyə yazılmışdı.
Amma əslində, Prezident hər şeyi dedi...
Sonra xarici və yerli jurnalistlər onunla foto çəkdirmək üçün yarışa başladılar.
Kim necə bacarırdısa, ölkənin 1-ci Adamına yaxınlaşır, bu anı əbədiləşdirirdi.
Prezident bir saatını da tək-tək, ya da qrup halında, bəzən də selfi formatında fotolara həsr etdi. Sonra Şuşa üçün ayrılan məqam maşınını özü idarə edib, Forum ərazisindən ayrıldı.
Bir az da Prezidentin köməkçisi, jurnalistlərin yaxın dostu Hikmət Hacıyevlə danışdıq. Foto çəkdirdik, yemək yedik, Şuşanın küçələrini dolaşdıq, Yuxarı Gövhərağa məscidini ziyarət etdik, namaz qıldıq, Qarabağ hotelinə döndük.
Çay süfrəsində jurnalist söhbətləri, zarafatlar...
Bir də baxdıq ki, Milli Mətbuat Günümüz gəldi!
Azərbaycan mətbuatının mövlud günüdür 22 iyul. İkinci ildir ki, mövludumuzu Şuşada qeyd edirəm və buna hər addımda şükr oxuyuram. Şəhidlərimizin ruhuna, Dövlətimizin varlığına dualarımız əskik olmur...
Həsən bəy Zərdabinin də ruhu şad olsun; əslində, ən ŞAD ruh onun olmalıdı; məhz Zərdabinin tarixə yazdığı günü 148 il sonra onun adı və fotoları, eskizləri ilə qutlayırıq. Azərbaycan durduqca belə də davam edəcək...
Şuşa Qlobal Media Forumunda Həsən bəyin də payı və iştirakı vardır.
Günümüz, mövludumuz, bayramımız qutlu olsun. Qəzet, daha sonra sayt, Youtube, Facebook, Tik-Tok-da xəbərləri oxuyan millətimiz var olsun.
Allah bizdən oxumaq, öyrənmək, yazmaq şövqünü almasın!
Qeyd: Tədbirin əsas təşkilatçıları - PA və MEDİA möhtəşəm işləyir. Təbriklər!
КомментарииОставить комментарий