Общественно-политическая интернет газета
Dilimizdə belə bir deyim var: “Dünənə qədər”... – Tez-tez müraciət etdiyimiz bir deyimdi. Dünənə qədərki dünənlərimizi, yaxın keçmişimizin 7 fevral gündəmini birgə xatırlamağa çalışaq:
2020-ci ilin 7 fevralında (2 gün sonrakı – 9 fevral) parlament seçkiləri ən aparıcı mövzuydu. Həmin il və aydan başlayaraq pandemiya mövzusu da aparcı mövqe qazandı. Paralel olaraq, Xankəndidəki keçmiş qondarma rejim öz qondarma “prezident” və “parlament” “seçki”lərini keçirmiş və bu azmış kimi, “prezident”in saxta “andiçmə”sini Şuşada təşkil etmiş, habelə “parlament”i Xankəndidən Şuşaya köçürəcəyini vəd etmişdi. İctimai fəal qüvvələrdən orduya “Şuşanı vur!” çağırışları yüksəlməkəydi. Bir yandan pandemiya, bir yandan işğal altındakı Qarabağ şəhərlərində baş verən həyasız erməni saymazlıqları gündəmi zəbt etmişdi. Bunlar yetməzmiş kimi, 12 iyuldan etibarən Ermənistan silahlı qüvvələrinin Tovuzda – dövlət sərhədində başlatdığı, bir neçə gün sürən hücum və hərbi təxribat cəhdləri (general Polad Həşimov, polkovnik İlqar Mirzəyev və onların döyüş yoldaşlarının, əsgər və zabitlərimizin şəhid olması) bardağı daşırmaqdaydı. Əhalinin ən müxtəlif kəsimləri düşmənə nəhayət öz yerini göstərmək, qəti və son addım atmaq çağırışları ilə çıxış edirdi.
Ali Baş Komandanın o həyəcanlı, həssas günlərdəki çıxışından sonra səfərbərlik və hərbi xidmətə çağırış idarələrinin qabaq-qənşəri dolub-daşdı, gənclər öndə olmaqla, əhalinin ən müxtəlif kəsimləri şəhidlərin intiqamını, generalın qisasını almaq, xalqın, dövlətin, Ali Baş Komandanın güvənini doğrultmaq eşqi ilə irəli atıldı. Sonrasını qürurla xatırlayırıq: 27 sentyabr 2020-ci il! – Azərbaycan Silahlı Qüvvələri düşmənin növbəti hücum və təxribatlarını durdumaqçün bütün cəbhə boyu əks-hücuma keçdi! Prezident, Ali Baş Komandan İlham Əliyevin həmin gün Xalqa müraciətində deyilirdi:
“Bu yaxınlarda bizim qədim Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının “andiçmə” mərasimi keçirilmişdir. Bu, təxribat deyilmi? Bu, bizə qarşı təhqirdir. Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər və bunun acı nəticələrini görəcəklər.
Bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası” parlamentinin qədim Azərbaycan şəhəri - Şuşaya köçürülməsi haqqında qərar qəbul edildi. Bu, növbəti təxribatdır. Bu yaxınlarda Ermənistanın baş naziri bəyan etmişdir ki, on minlərlə insanı birləşdirən “könüllü” hərbi birləşmələr yaradılacaqdır. Bu, nə üçün lazımdır? Bunlar kimə qarşı vuruşacaqlar? Bu, Azərbaycana qarşı bu gün törədilən təxribatın hazırlıq mərhələsi idi. Mən artıq bir neçə dəfə demişdim, o cümlədən bu yaxınlarda BMT kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır və dayandırılacaq!”
2021-ci ilin fevralında qalib Azərbaycanın dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev artıq Qarabağda, Gündoğar Zəngəzurda quruculuq-abadlıq, sürətli və keyfiyyətli tikinti-bərpa işləri ilə bağlı tapşırıqları verir, eləcə də, Zəfərimizin beynəlxalq aləmdə dərindən qəbul görməsi yönündə titanik səylər göstərirdi. (Bu yöndə fəaliyyət, əslində, 2020-ci ilin 10 noyabrdan dərhal sonra başlamışdı).
Tarixi Zəfərimizdən sonrakı ilk gündən başlayaraq opponentlər daxildə və xaricdə çoxsaylı qarmaşıq, dolaşıq və toxtaqsız iddialarda bulundu:
- Xankəndiyə niyə girilmədi?
- Laçın yolu niyə nəzarətə götürülmür?
- Xocalı aeroportuna uçuşlar niyə durdurulmur və s. – bu daxildəki opponentlərin dediklərindən bəziləriydi. Xaricdən isə ermənilərin (guya tapdalanan) hüquqları, təminatı mövzusunda, habelə təxribatda, terrorçuluqda, digər qanunsuz əməllərdə suçlu olan məhbus ermənilərin bir an öncə azad edilməsi yönündə siyasi çağırışlar, basqı cəhdləri ara vermirdi.
2022-ci ilin sentyabrında düşmənin Laçın-Kəlbəcər-Daşkəsən yönündə, şərti dövlət sərhədi boyunca irimiqyaslı hücum, təxribat cəhdinin qarşısı qətiyyətlə alındıqdan sonra xarici erməniyanlıların yeni mövzusu peyda oldu:
bəs deməzsənmi, Azərbaycan Ermənistanın ərazisinə daxil olubmuş və oradan geri çəkilməliymiş. O söhbət acı bağırsaq kimi daha bugünlərədək uzadılmaqdadır, ancaq nəyə yarar? Axı pozulan hansı sərhəddir? – O sərhəddi Ermənistan və onun havadarları nə vaxtdan qəbul edib? – “Qəbuletmə” tənəzzülü necə başlayıb? Əgər sərhəd varsa, onu 30 il boyunca pozan Ermənistan nəyi pozduğunun fərqində deyildimi, anlaqsızdımı? Anlaqsızlığı onillər boyu sürmüş bir dövlət dövlətdirmi, onun bayrağı bayraqdırmı və belə dövlətə sərhəd etibar etmək olarmı? Bəs on illər boyu Ermənistana arxa-dayaq duranlar?.. – Ona görə də, “Biz 30 il orada olmamışıq. Əgər o sərhəd sərhəd idisə, onda Ermənistan onu sərhəd kimi tanıyaydı, sərhəd nişanlarını qoyaydı. O, axı bu sərhədi tanımırdı. O hesab edirdi ki, onun sərhədi Ağdamdadır.
...Ona görə, əlbəttə ki, biz heç yerə qayıdan deyilik. Nə 2021-ci ilin may ayındakı mövqelərdən, nə də 2022-ci ilin sentyabr ayındakı mövqelərdən biz bir addım geri gedən deyilik, çünki o sərhəd müəyyən edilməlidir”. (Prezident İlham Əliyev).
2022-ci ilin fevralında (ondan öncə və sonra) Ermənistan Laçın yolu üzərindən Qarabağa silah-sursat, minalar göndərir, qanunsuz hərbi birləşmələrinin yerdəyişməsini həyata keçirirdi...
2023-cü ilin 7 fevralında qardaş ölkədəki dəhşətli zəlzələdən danışır, yazır, dərd bölüşürdük – Azərbaycanın dörd bir yanından könüllü yardım seli elə bir qüvvətli hal almışdı, sanki zəlzələ Azərbaycanın özündə baş vermişdi. – Zatən Türkiyə Azərbaycanı, Azərbaycan Türkiyəni özü bilməsə Türk dünyasının birlik-bütövlük sevdası, turançılıq ülküsü su üstündə yazı kimi ötüb-batıb keçərdi (iraq olsun)...
O müdhiş hadisənin ildönümü ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlandığı məktubda oxuyuruq: “Bu fəlakət Türkiyəni olduğu kimi Azərbaycanı da dərindən sarsıtdı. Xalqımız həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə bir ürək olaraq, faciənin ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı. Zəlzələ xəbərinin ilk dəqiqələrindən heç bir yardım çağırışını gözləmədən Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi. Baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması işlərinə və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunmuş xilasedicilərimiz, həkimlərimiz və könüllülərimiz türkiyəli həmkarları ilə çiyin-çiyinə böyük cəsarətlə, əzmlə və fədakarlıqla fəaliyyət göstərdi. Dövlət və özəl qurumlarla yanaşı kiçikdən böyüyə hər bir soydaşımız zəlzələ qurbanlarına dəstək və mənəvi dayaq olmaq üçün əlindən gələni əsirgəmədi”.
Və nəhayət ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş dövlətimizin bu il fevralın 7-də keçirdiyi Növbədənkənar Prezident Seçkiləri böyük coşqu ilə başa çatdı! – Azərbaycan xalqı qədirbilənliklə seçki məntəqələrinə axın edib, boykotçuları boykot edərək, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə növbəti dönəm üçün səs verdi.
2024-cü ilin 7 fevralında İlham Əliyevə verilən səslərin necə xarüqələr yaratdığını ən uzağı növbəti ilin 7 fevralında görəcəyik – əlbəttə, ondan öncə də, sonra da!..
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
КомментарииОставить комментарий